KXDR koronavirusun ölkəyə axınının qarşısını almağa çalışır
02.02.2020 12:15 Cəmiyyət

KXDR koronavirusun ölkəyə axınının qarşısını almağa çalışır

Koreya Xalq Demokratik Respublikası (KXDR) qonşu Çində aşkarlanan və dünyada 15 minə yaxın adamın yoluxduğu koronavirusun yeni növünün (2019-nCoV) ölkəyə axınının qarşısını almağa çalışır.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, KXDR-də 2019-nCoV-a yoluxma qeydə alınmasa da, virusun ölkəyə axın etməsinin qarşısını almaq üçün ciddi tədbirlər görülür. Belə ki, artıq yanvarın 31-dən Şimali Koreya il Çin arasında hava və dəmir yolu nəqliyyatı dayandırılıb. Bundan başqa, ölkəyə Çindən gələn bütün əcnəbilər bir ayadək müddətdə karantində saxlanılır. KXDR xəstəliklərə nəzarət qurumu Çindən qayıdan koreyalıları ciddi müayinə edir. Pxenyan beynəlxalq hava limanında gələn sərnişinlərin xüsusi cihazlarla bədən temperaturları yoxlanılır, müayinələri aparılır.

Qeyd edək ki, koronavirusun yeni növü Çində indiyədək 304 nəfərin ölümünə səbəb olub. Çindən başqa Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, İngiltərə, Rusiya, İtaliya, İspaniya və İsveçdə, ümumilikdə, 140 nəfərin virusa yoluxması, Filippində isə bir nəfərin ölməsi təsdiqlənib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm