Lavrov "həll yolunu" göstərdi - ŞƏRH
12.11.2019 09:22 Fikirlər

Lavrov "həll yolunu" göstərdi - ŞƏRH

Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana iki günlük səfəri zamanı verdiyi açıqlamalar Azərbaycanın siyasi və ekspert dairələrinin haqlı narazılığına səbəb oldu. Lavrovun Ermənistana səfərindən bir gün əvvəl Ermənistanın “Mediamaks” agentliyinə verdiyi müsahibə diqqətimi çəkmişdi və artıq təxmin etmişdim ki, Rusiya xarici işlər naziri İrəvanda nələr deyəcək. Lavrovun müsahibəsində əsas fikirlər nə idi?

Birincisi, Lavrov dedi ki, Ermənistanın hazırki baş naziri Nikol Paşinyan Rusiya ilə strateji müttəfiqliyi dərinləşdirmək siyasətinə sadiqdir. Yəni Lavrovun sözlərinə görə, rəsmi İrəvanın xarici siyasəti Moskvanı qane edir.

Nikol Paşinyan faktiki çevriliş yolu ilə hakimiyyətə gələndə Moskva Ermənistandakı yerdəyişməyə şübhəylə yanaşdı. Çünki son zamanlar bütün çevrilişlərin arxasında Rusiyanın rəqibi Amerika Birləşmiş Ştatları dayanır. Ona görə də Moskvada hesab etdilər ki, Nikol Paşinyan Amerika məhsuludur. Həqiqətən Nikol Paşinyan deputat olduğu illərdə bir neçə dəfə Rusiyanın siyasətini tənqid etmişdi. Ancaq Paşinyan baş nazir kürsüsünə yiyələndikdən sonra anladı ki, ölkəsinin ağasını dəyişə bilməyəcək və özündən əvvəlkilər kimi Rusiyaya sığındı. Bundan sonra Moskvanın Paşinyanla bağlı narahatlığı ortadan qalxdı. Elə buna görə də Lavrov deyir ki, Paşinyandan razıdırlar.

Lavrov həll yolunu

İkincisi, Sergey Lavrov “Mediamaks” agentliyinə müsahibəsində dedi ki, Dağlıq Qarabağın statusu hüquqi nöqteyi nəzərdən öz müqəddərratının təyini yolu ilə həll edilməlidir.

Rusiya xarici işlər nazirinin bu cümləsi Ermənistanın maraqları ilə tam üst-üstə düşür. Lavrovun Dağlıq Qarabağın statusu ilə bağlı fikri o deməkdir ki, Azərbaycan bölgənin statusunu müəyyənləşdirəcək “referendumun” keçirilməsi ilə razılaşmalıdır. Biz həmin “refendumun” nə ilə nəticələnəcəyini bilirik. Lavrov bugünə qədər bir dəfə də Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasının zərurəti haqqında fikir söyləməyib. Halbuki bunsuz münaqişəni həll etmək və status danışıqlarına başlamaq mümkün deyil.

Bu müsahibəni oxuduqdan sonra Lavrovun İrəvanda nə deyəcəklərini təxmin etmək çətin deyildi.

Rusiyanın xarici işlər naziri İrəvan səfərinə gözlənildiyi kimi “erməni soyqırımı” abidəsini ziyarətlə başladı, abidənin önünə gül dəstəsi qoydu. Lavrov 12 il əvvəl “soyqırım” abidəsi önündə ağac da əkmişdi. Lavrov yenə də eyni yerə gəlmişkən həmin ağacın dibinə su tökdü. Lavrov abidəni ziyarət etdikdən sonra rəsmi görüşlərə başladı. Bu görüşlərdə bir-birini əvəz edən dəstək ifadələri səsləndikdən sonra Lavrov keçdi əsas məsələyə və bir gün əvvəl dediyini bir başqa formada təkrarladı: “Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma əldə olunmayacaq”.

Lavrov həll yolunu


Aydındır ki, Lavrov “Dağlıq Qarabağ xalqı” dedikdə yalnız erməniləri nəzərdə tutur. Bu o deməkdir ki, Kreml Dağlıq Qarabağda etnik təmizləmənin nəticələrini tanıyır və işğala son qoymadan ermənilərin “öz müqəddərratını təyinaetmə hüqununun” yekun sazişdə vurğulanmasını istəyir. Yəni faktiki ermənilər nə istəyirsə, Lavrov da onu istəyir. Məsələ bu qədər sadədir. Böyük ehtimalla Lavrov elə məlum cümləni - “Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma əldə olunmayacaq” demək üçün İrəvana getmişdi. O bu cümləni Bakıda bizim üzümüzə deyə bilməzdi. Elə İrəvandan deyib ki, hamı işini bilsin.

Lavrovun açıqlamaları bir daha göstərir ki, həmsədr dövlətlərdən münaqişənin ədalətli həllini sürətləndirəcəyini gözləmək əbəsdir. Azərbaycan Xarici İşlər Nazirliyi son iki həftədə 3 həmsədr dövlətə 4 nota göndərib, bunlardan ikisi Rusiyaya aiddir. Erməni separatçılarının təmsilçiləri Vaşiqnton, Paris və Moskvanı su yoluna döndəriblər, həmsədr ölkələrin təmsilçiləri də qanunsuz olaraq işğal altındakı torpaqlara gedirlər, üstəlik qanunsuz anlaşmalar da imzalanır. Bütün bunları münaqişəni həll etməli olan həmsədr dövlətlərin təmsilçiləri edirsə, başqalarından nə gözləyə bilərik? Münaqişənin həlli öz əlimizdədir. Heç kimə arxayın olmadan doğru bildiyimiz yolla getməliyik.

Elxan Şahinoğlu, xüsusi olaraq Mediapost.az üçün

Xəbərlər departamenti

Gündəm