Leyla Bədirbəylinin 100 illiyi qeyd ediləcək - SƏRƏNCAM
29.12.2019 16:37 Rəsmi

Leyla Bədirbəylinin 100 illiyi qeyd ediləcək - SƏRƏNCAM

"MediaPost" xəbər verir ki, sərəncam Azərbaycan mədəniyyətinin inkişafına töhfələrini nəzərə alaraq, görkəmli sənətkar Leyla Bədirbəylinin anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə imzalanıb.

Mədəniyyət Nazirliyi xalq artisti Leyla Bədirbəylinin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncamda bildirilir ki, 2020-ci ilin yanvar ayında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, xalq artisti Leyla Ağalar qızı Bədirbəylinin (Cavanşirovanın) anadan olmasının 100 illiyi tamam olur.

Leyla Bədirbəyli uzunmüddətli fəaliyyəti ərzində öz sələflərinin ənənələrini uğurla davam etdirmiş və layiqli nümayəndəsi olduğu nəslin yaradıcılıq prinsiplərinə daim sadiq qalaraq Azərbaycan mədəniyyəti salnaməsinə yeni səhifələr yazmış sənətkarlardandır. O, fitri istedada malik teatr ustası kimi ifa üslubundakı səmimiyyət, məlahət və təbiilik sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın qəhrəmanına zəngin boyalarla parlaq səhnə həyatı vermişdir. Aktrisa “Arşın mal alan” filmində Gülçöhrə obrazı ilə böyük şöhrət qazanmış, 1940-cı illərdən etibarən, eyni zamanda, ekranlarda məharətlə canlandırdığı və mənəvi-əxlaqi dəyərlərin təbliği, tamaşaçı zövqünün formalaşdırılması baxımından əhəmiyyət kəsb edən silsilə rollarla milli kinematoqrafiyanı daha da zənginləşdirib.

Xəbərlər departamenti

Gündəm