“Liberal maskası geyinən neofaşistlər”: Mirzoyanın BMT TŞ-nin iclasındakı hərəkətinə SƏRT REAKSİYA
22.09.2023 16:30 Siyasət

“Liberal maskası geyinən neofaşistlər”: Mirzoyanın BMT TŞ-nin iclasındakı hərəkətinə SƏRT REAKSİYA

BMT TŞ-də Ermənistanın Fransanın dəstəyi ilə çağırdığı Qarabağ üzrə dinləmələr başa çatıb. İclasın nəticəsi olaraq ölkəmiz əleyhinə heç bir qərar, qətnamə qəbul edilməyib. Bu, diplomatik sahədə Azərbaycanın növbəti qələbəsi kimi xarakterizə olunub.

Bəs görəsən, bundan sonra Ermənistanın vəziyyəti necə olacaq? Proseslər, əldə edilən hərbi və diplomatik qələbələr Azərbaycana nə vəd edir?

Mövzunu “MediaPost”a şərh edən politoloq Tural İsmayılov bildirib ki, Azərbaycan növbəti dəfə beynəlxalq təşkilatlarda Ermənistanın dekonstruktiv mövqeyini darmadağın etdi: “Məsələ orasındadır ki, Ermənistan özü BMT Təhlükəsizlik Şurasının qərarlarını pozan bir ölkədir. BMT-nin 30 il ərzində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı çıxardığı qərarlar Ermənistan tərəfindən sistematik şəkildə pozulub.

alt text

Bu gün Fransa BMT Təhlükəsizlik Şurasına Azərbaycanın öz suveren ərazilərində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı kəskin etiraz etdi. Amma buna rəğmən BMT Təhlükəsizlik Şurasında Ermənistan növbəti dəfə fiaskoya məruz qaldı. Çünki bu iclasda Azərbaycanın öz ərazilərindəki haqq işinin əleyhinə heç kim çıxış etmədi. Ermənistanın boş yalanlarını dilə gətirən bəzi ölkələr istisna olmaqla bütövlükdə BMT TŞ-nin iclası zəif və sönük qaldı”.

Politoloq əlavə edib ki, Azərbaycanın xarici işlər nazirinin çıxışı zamanı Ararat Mirzoyanın BMT tribunasını tərk etməsi onu göstərir ki, Ermənistan hakimiyyətində təmsil olunanlar əslində liberal maskası geyinən neofaşist qüvvələrdir: “Bir tərəfdən Nikol Paşinyan Azərbaycanla sülh çağırışlarından danışır, digər tərəfdən isə BMT platformasında Ermənistanın özünün təşəbbüsü ilə qaldırılan iclasda Azəırbaycan tərəfinin çıxışına hörmətsizlik göstərilir. Təbii ki, İrəvan özünün düşdüyü rəzil diplomatik situasiyanı ört-basdır etmək üçün bu cür uşaq oyunları oynamaqla məşğuldur. Amma hesab edirəm ki, bizim bütün beynəlxalq tribunalarda Ermənistan üzərində çox böyük üstünlüyümüz var. Eyni zamanda qazandığımız hərbi zəfərlər həm də diplomatik sahədə təkrarlanır. Ermənistanın bütün dəstəkçilərinin təzyiqlərinə rəğmən bu gün beynəlxalq müstəvidə Azərbaycan reallığı və bizim diktə etdiyimiz şərtlər qəbul edilir”.

Müşviq Tofiqoğlu

Gündəm