Lotereya əvvəl milyonçuya, sonra dilənçiyə çevirdi
20.02.2020 09:05 Fikirlər

Lotereya əvvəl milyonçuya, sonra dilənçiyə çevirdi

Lotereyada bəxtinə böyük pullar çıxan insanların sonrakı aqibəti hamıya maraqlı olur. Bu pullar onların həyatını necə dəyişir, nələrə sərf olunur, uduş sahibləri bütün xəyallarını gerçəkləşdirə bilirlərmi?

Bir çox hallarda qaliblərin adları ya özlərinin istəyi, ya da təhlükəsizlik məqsədiylə gizli saxlanıldığından bu sualların cavabları da qeyri-müəyyən qalır. Lakin aralarında başına gələnləri bölüşmək istəyənlər də tapılır. Məsələn, Kaliforniyadan olan Ceyms Allen Heyes kimi.

"MediaPost" xəbər verir ki, 1998-ci ildə bəxt Ceymsin üzünə gülür və o, lotereyadan 19 milyon dollar udur. "Bilirəm ki, bu uduş məni dəyişəcək. Lakin bu dəyişiklik yalnız yaxşı tərəfə olacaq. Pulları havaya sovurmaq fikrində deyiləm. Əksinə, ailəmə və dostlarıma kömək etməyi planlaşdırıram".

Vergini ödədikdən sonra Ceymsə 13,7 milyon dollar qalır. O, bu pulu birdəfəyə deyil, 20 illik (hər il 684 min dollar) ödəmə şəklində almağa qərar verir.\

Lotereya lənəti: Сek Pot

"BENTLEY", "PORSCHE", "CHEVROLET"...

Ceyms pulu sağa-sola israf etməyəcəyinə dair vədini tez unudur və birdən-birə özünü dəbdəbəli həyatın düz ortasında tapır.

""Lamborghini"də yürüşçü Mario Andretti ilə gəzirdim. Bu markanın altı fərqli avtomobilini almışdım. Avtomobillərim çox idi - "Bentley", "Porsche", "Chevrolet Corvette"... Okean mənzərəli evlərdə yaşayır, aktrisalarla görüşürdüm”, - deyə Ceyms xatırlayır.

Keçmiş sevgilisinin dediyinə görə, Ceyms dəli kimi pul xərcləyir, pul bəs etməyəndə isə gələn il yenidən böyük bir ödəniş alacağını düşünərək borc götürürdü.

Bir ara nadir idman avtomobilləri kolleksiyasını yığaraq onları Las-Veqasda icarəyə verməyə başlayır. Bu avtopark sayəsində məşhur və varlı insanların çevrəsinə daxil olur.

Lotereya lənəti: Сek Pot

Çox keçmədən Ceyms həyat yoldaşı Stefani ilə boşanır. Qanunla illik qazancının yarısı Stefaninin payına düşür. Gəliri yarıbayarı azalsa da bu, Ceymsi bahalı əşyalara və səyahətlərə pul xərcləməkdən çəkindirmir.

Boşandıqdan sonra 10 min dollara "Rolex" qol saatı, İran xalıları və "Harley Davidson" markasının bir neçə motosikletini alır. 2002-ci ildə yenidən evlənir. Bu xanımının adı da Stefani olur.

"O, lüks həyata alışmışdı. Biz tanış olanda 17 avtomobili vardı. Uşaqlarımı Ferrari ilə gəzdirirdi. Pulları rahatlıqla xərcləyir, mən də onun səxavətli hədiyyələrinə sevinirdim".

Stefaninin dediyinə görə, Ceyms şans oyunlarını sevirdi və bir dəfə Las-Veqasdakı kazinoda bir neçə min dollar uduzmuşdu.

Toydan sonra Stefani ərinə maliyyə menecmenti kurslarına getməyi təklif edir. O, ümid edirdi ki, bu, Ceymsə xərclərə nəzarət etməyə kömək edəcək.

Lotereya lənəti: Сek Pot

"ZƏNGİNLİYİN O BİRİ TƏRƏFİ DƏLİLİKDİR"

"Ceymsin uşaqlıq illəri normal keçməmişdi. Lotereyadakı qələbə onu konfet mağazasında gəzən uşağa çevirdi. Bundan başqa, o, qəfildən peyda olan köhnə tanışlarının pul istəyinə "yox" deyə bilmirdi. Düşünürdü ki, haqqı çatmadan varlanıb. Ona görə də başqaları ilə bölüşməyə çalışırdı. O, çox səxavətli bir insandır", - Stefani bildirir.

Pulun onun başını döndürdüyünü Ceyms özü də başa düşmüşdü: "Zənginliyin o biri tərəfi dəlilikdir. Düşünməyə başlayırsan ki, dostlarım məni niyə sevir. Özümə görə, yoxsa sərvətimə, maşınlarıma, onlara kömək etdiyimə görə?".

Bir müddət sonra Ceymsin səhhətində problemlər yaranmağa başlayır. Həkimlər onda onurğa yırtığı aşkar edirlər. 2004-cü ildə əməliyyat keçirsə də, səmərəsi olmur. Və məcburən ağrıkəsici preparatlardan istifadə etməyə başlayır.

Birinci həyat yoldaşından boşandıqdan sonra lotereya uduşundan illik ödənişlərin miqdarı 300 min dollara qədər azalır. Bu pul Ceymsə kifayət etmir. Təcrübəsizlik və sərgərdan həyat tərzi keçirməsi onu borc girdabına salır. 2007-ci ildə özünü müflis elan edir. Gələcək dövrlər üçün alacağı pulları əvvəlcədən götürdüyü üçün lotereya hesabı sıfırlanır...

Lotereya lənəti: Сek Pot

ZƏNGİNLİKDƏN SƏFALƏTƏ...

Vəziyyət o həddə çatır ki, Ceyms yaşamağa yer, dərman almağa pul tapmır. Otellərin birində işə düzəlir və yaşamaq üçün həmin oteldə ona bir nömrə verilir. Lakin 2017-ci ilin yanvar ayında otelin binasında yanğın baş verəndə Ceymsin bu imkanı da əlindən çıxır.

Yanğından sonra Ceymsdən başqa oteldə qalan hər kəsə təzminat ödənilir. Dediyinə görə, işə düzələrkən sənədləşmədə yanlışlıq olub və bu səbəbdən işsizlik müavinəti, tibbi sığorta və hətta otelin qonağı kimi köçürülmək imkanından məhrum olunub: "Bütün sakinlərə oteldə qalmağın iki aylıq dəyəri ödənildi ki, özləri üçün tez bir zamanda yeni mənzil tapsınlar. Mənsə əliboş qaldım".

Otel sahibi Ceymsin tibbi sığortasının olmadığını, təzminat və yeni mənzillə təminat məsələsində ona otel qonaqlarına nisbətən daha yaxşı münasibət göstərildiyini iddia edib. Lakin detalları açıqlamaqdan imtina edib.

Ceyms yeni iş axtarmağa başlayır. 40-a yaxın yerə müraciət etsə də, hamısından rədd cavabı alır. İşəgötürənlər onun iş təcrübəsinin yetərli olmadığını deyirlər. “Son 19 ildə nə etmisən?", - deyə bütün müsahibələrdə ondan soruşulur.

Nəhayət, dostları ona və həyat yoldaşına yaşamaq üçün bir qaraj tapırlar. "Təşviş içində idim. Ağrıkəsicilər olmadan çox çətin idi. Bütün bədənim titrəyirdi. Bir neçə yorğana bürünürdüm, onda da tərləməyə başlayırdım. Bədənimin hər hüceyrəsi ağrıdan fəryad edirdi. Sanki deyirdi ki, ağrıkəsici alsan, rahatlayacaqsan", - deyə Ceyms həmin anları xatırlayır.

Lotereya lənəti: Сek Pot

"BANKLARA NİFRƏT EDİRƏM"

Çarəsiz qalan Ceyms heroini sınayır və dəhşətli ağrılarını iki günlük də olsa unudur. Görür ki, heroin ona təyin olunan dərmanlardan daha ucuz başa gəlir. Lakin heç onu da almağa imkanı olmur. Və uzun çək-çevirdən sonra bank soymağa qərar verir.

“Mən heç vaxt bir işçini soymaram. Yaşlı bir xanımın çantasını götürüb qaçmaram. Bank qarət etməyə gəlincə, mənə elə gəldi ki, bu, tamamilə zərərsiz bir cinayətdir. Kassadan deyil, bankdan pul oğurlayıram. Mən banklara nifrət edirəm”.

Ceyms həbsxanaya düşəcəyini bilirdi. Lakin özü üçün başqa çıxış yolu görmür, təcili pula və dərmana ehtiyac duyurdu.

İDEAL SOYĞUN

İlk soyğuna 27 aprel 2017-ci ildə yollanır. 55 yaşlı Ceyms bank əməkdaşına yaxınlaşaraq ona "üzr istəyirəm, ailə vəziyyəti..." qeydinin yazıldığı kağız parçası uzadır: "Yüz dollarlıq əskinaslarla bankı tərk edənə qədər qorxudan ölmüşdüm. Mənə pulu uzadan qadın kitabxanaçıya bənzəyirdi. Çox qorxurdu və pulu mənə asanlıqla verdi”.

Tezliklə xəbər buraxılışından polisin hadisədən xəbər tutduğunu və təxminən 160 kiloqram çəkisi olan bir latın amerikalını axtardığını öyrənir. Polis yanılmışdı. Ceyms tamamilə fərqli çəkiyə və görünüşə sahib idi.

Ceyms soyğuna əvvəlcədən hazırlıq görmüşdü. İnternetdən digər qarətçilərin təcrübəsini öyrənmiş, polisdən və cəzadan qaçmaq barədə məsləhətləri oxumuşdu. Məsələn, o, axşam saat 5 radələrində basqın edirdi, çünki o vaxt polisdə növbə dəyişikliyi olurdu. Kök görünmək və polisləri çaşdırmaq üçün köynəyinin altına yastıq bağlayırdı. İz qoymamaq üçün isə barmaqlarına mayeli tənzif dolayırdı.

Lotereya lənəti: Сek Pot

Üzərində heç vaxt silah olmurdu. Bilirdi ki, ələ keçəndə üzərindən silah çıxarsa, bu, onun həbs müddətini artırar. Özü üçün qoyduğu ən vacib qayda hadisə yerini üç dəqiqədən gec olmayaraq tərk etmək idi.

Cinayətlərinin hamısı eyni ssenari üzrə gedirdi. Kassirə kağız parçasını uzadır, silahlı olduğunu deyir, pulu alandan sonra bank işçisindən üzr istəyib qaçırdı.

Oğurladığı pullara "Chrysler PT Cruiser" avtomobili alan Ceyms heroinə həftədə min dollar pul verirdi.

2017-ci ilin 26 sentyabrında Ceyms strateji səhvə yol verir. İyun ayında qarət etdiyi bankı növbəti dəfə "ziyarət" edir və bu dəfə ələ keçir.

CİNAYƏTƏ SÖVQ EDƏN MİLYONLAR

Martın 15-dəki məhkəmədə Ceyms özünü 4 bank qarətində təqsirli bilir. Vəkili müvəkkilinin keçmişdə qanuna tabe olan bir vətəndaş olduğunu əsas gətirərək hakimdən yüngül cəza istəyir. Vəkil bildirir ki, Ceyms basqınlar zamanı zor tətbiq etməyib, silah daşımayıb: "Ceyms narkotik asılılığı olan zavallı bir adam olub. Qarajda yaşayırdı və ən pis vərdişlərdən biri ilə mübarizə aparırdı. Bir çox lotereya qalibləri kimi, o da bu uduşa hazır deyildi. Onu cinayətə sövq edən udduğu 19 milyon dollar oldu. Uduşun böyük hissəsi vergilərə, uğursuz yatırımlara, yarısı da keçmiş həyat yoldaşına getdi. Pul bitdikdən sonra Ceyms dəstəyini itirdi və nə edəcəyini bilmədi".

Lotereya lənəti: Сek Pot

Qardaşı Ben də hakimə göndərdiyi məktubda Ceymsi yaxşı insan kimi xarakterizə etmişdi: "O, hər zaman ehtiyacı olanlara kömək əli uzadıb. Bu cinayətlərin qardaşım üçün xarakterik olmadığını izah edəcək sözlər tapa bilmirəm".

Hökmdən əvvəl Ceyms tutduğu əməldən peşman olduğunu bildirdi. Məhkəmə ona 2 il 9 ay həbs cəzası verdi, həmçinin 39,2 min dollar pul cəriməsi kəsdi. Ceyms bu il fevralın 23-də cəzasını başa vuraraq azadlığa çıxacaq. Onun həyat hekayəsindən də göründüyü kimi, böyük pullar heç də həmişə xeyir gətirmir.

Bir neçə il əvvəl ABŞ-ın "The American Economic Review" jurnalı hər dördüncü lotereya qalibinin iflas etdiyini yazmışdı. 2009-cu ildə isə Paris İqtisadiyyat Məktəbinin tədqiqatçıları müəyyən etmişdilər ki, fərdi gəlirlərin sürətli artımı çox vaxt həyat tərzinin dəyişməsi ilə müşayiət olunur, bu da ölüm riskini artırır. Tədqiqatçıların fikrincə, çoxları zənginliyə sadəcə hazır olmur və başlarından tökülən pulları işıq sürətiylə "yandırırlar".

Tərcümə "MediaPost"a məxsusdur

Xəbərlər departamenti

Gündəm