"Lüks bazar"ın "boz kardinalı", Avropanın ən zəngin adamı...
03.12.2019 11:12 Fikirlər

"Lüks bazar"ın "boz kardinalı", Avropanın ən zəngin adamı...

O, dünya "lüks bazar"ın "boz kardinalı", Avropanın ən varlı adamıdır. İş həyatındakı sərt qərarlarına görə onu "kəşmirdəki canavar" adlandırırlar. Fransanın məşhur LVMH (Louis Vuitton Moet Hennessy) konserninin sahibi olan 70 yaşlı Bernar Arnonun sərvəti 107 milyard dollara çatıb. Bu günlərdə dünyanın ən böyük zərgərlik şirkəti "Tiffany"ni satın almaqla sərvətinə sərvət qatmış olub.

Məlumat üçün deyək ki, 2018-ci ildə lüks mal və xidmətlərin dünya bazarındakı həcmi 1,32 trilyon dollar olub. Bunun 495 milyardı dəbdəbəli avtomobillərin, 260 milyardı geyim, saat, zərgərlik kimi məhsulların payına düşüb. B.Arnoya məxsus LVMH-nin payı isə 46,8 milyard olub ki, bu da bazarın 18 faizi deməkdir.

75 BREND, 100 MİLYARDLIQ SƏRVƏT...

Həmin il "Tiffany" 4,4 milyard dollarlıq (bazarın 1,7 faizi) məhsul sataraq yüksək göstəriciyə imza atdı. İndi "Tiffany"ni də portfelinə daxil etdikdən sonra B.Arno dünya üzrə lüks mallar bazarının beşdə birini idarə etmiş olacaq. Bu arada, sahibkarın portfelində ümumilikdə 75 brend var.

Arno 5 mart 1949-cu ildə Fransanın Rube şəhərində dünyaya gəlib. Atası sənaye obyektləri və yaşayış sahələri inşa edən "Ferret-Savinel" şirkətinin sahibi olub. Ailə biznesi B.Arnoya miras qalacağı üçün o, liseyi bitirən kimi Parisdəki nüfuzlu Politexnik məktəbində təhsil almağa başlayıb. 1971-ci ildə burada magistr dərəcəsinə yiyələnib. Təhsilini başa vurduqdan dərhal sonra atasının şirkətində işləməyə başlayıb. 1974-cü ildə şirkətdə inkişaf direktoru təyin edilib.

İki il sonra Arno atasını şirkətin fəaliyyətinə yenidən baxmağa ehtiyac olduğuna inandırıb. Tikinti şöbəsi satılıb, şirkətin adı "Ferinel" olaraq dəyişdirilib və istiqamət daşınmaz əmlak satışına yönəldilib.

Şirkətin yenilənməsindən məmnun qalan ata Bernarı icraçı direktor təyin edib. 1979-cu ildə isə prezidentlik kürsüsünü tamamən ona təhvil verərək təqaüdə çıxıb.

B.Arnonun istəkləri və planları Fransa ilə məhdudlaşmırdı. O, beynəlxalq biznes imperiyası qurmaq arzusunda idi. Sosialist Fransua Mitteranın prezident seçkilərindəki qələbəsindən sonra Arno Fransanın ona dar gələcəyini anlayır və Nyu-Yorka köçür. Lakin burada ailə biznesini sürətlə genişləndirə bilmir. Belə olan təqdirdə fərqli bir yola baş vurmaq qərarına gəlir.

Lüks bazar

MƏKRLİ SÖVDƏLƏŞMƏ...

1985-ci ildə B.Arno Fransa hökumətindən iflas etmiş toxuculuq konserni "Boussac"ı alıb. Həmin vaxt məşhur "Dior" brendi də bu konsernə məxsus idi. Əslində, Arnonun bu böyüklükdə konserni almağa pulu yox idi. Sadəcə, o, "Lazard Freres" investisiya şirkətini "Boussac"ın "xilasına" 80 milyon dollar ayırmağa razı sala bilmişdi. Arno bu işə ailə büdcəsindəki 15 milyon dolları da yatırmışdı.

Həmin ərəfələrdə hökumət iş yerlərini qorumağa çalışırdı və Arno bunu edəcəyinə söz vermişdi. Lakin şirkət əlinə keçən kimi dərhal 9 min əməkdaşın işdən çıxarılması barədə əmr verdi və şirkətin bütün əmlakını yarım milyard dollara satdı.

Yalnız "Dior" və "Le Bon Marche" univermağı istisna olur və Arno bunların üzərində öz lüks imperiyasını qurmaq qərarına gəlir. Sonrakı iki ildə sahibkar "Celine" və "Christian Lacroix" evlərinə sahib olur. Və bu, yalnız başlanğıc idi...

Bernar Arno 3 iyul 1987-ci ildə Parisdəki "Hotel Plaza Atenee"də "Moet Hennessy" və "Louis" Vuitton şirkətlərinin sahibləri Alen Şevalye və Anri Rakamye birləşmək, həmçinin LVMH konsernini yaratmaq barədə razılaşır.

Onların planında kiçik, lakin çox vacib bir nöqsan var idi. Yeni konsernə ətir istehsalçısı "Christian Dior" da daxil edilmişdi və Bernar Arno bu biznesi "Dior" geyimləri ilə birləşdirmək istəyirdi. Bernar çox yaxşı bilirdi ki, Şevalye və Rakamye bir-birləri ilə yola getmir və yeni konsern daxili ziddiyyətləri daha da gücləndirəcək.

Arno bunun üzərində oynamağa qərar verir. Şevalyeylə birləşərək Rakamyeni konserndən sıxışdırıb çıxarır. Şevalyenin LVMH-dəki səhmləri Arnonun əlinə keçir.

1990-cı ildə növbə Şevalyeyə də çatır və Arno onunla da sağollaşmağın yolunu tapır. Mülk satışı və elə həmin investisiya bankının (Lazard Freres) maliyyə ayırması köməyə gəlir. Mətbuat Arnonu məhz bu sərt gedişinə görə "kaşmirdəki canavar" adlandırmışdı.

Lüks bazar

BUTİKDƏN BREND MƏBƏDİNƏ...

Nəzarəti ələ alandan sonra Bernar Arno sahib olduğu markaları gücləndirməyə başladı. O yaxşı bilirdi ki, lüks bazarda məhsulun dəyəri materialların keyfiyyəti və ya sənətkarlıqla deyil, markanın imici və gücü ilə müəyyən edilir. Ona görə də Arno butiklərinin həqiqi brend məbədinə çevrilməsinə göstəriş verdi. Problemli aktivləri silkələmək üçün iş adamı gənc dizaynerləri yaradıcı direktorlar postuna dəvət etməkdən çəkinmədi.

O, fərqində idi ki, dünyada zənginlərin sayı sürətlə artır və bu, İT sənayesinin gənc dahilərinin, həmçinin Şərqi Asiya, Yaxın Şərq və ya keçmiş SSRİ ölkələri kimi yeni bazarların hesabına baş verir. Onları isə əsrlər boyu davam etdirilən ənənələrlə qazanmaq mümkün deyil. Təravət və cəlbedicilik lazımdır.

Mövqeyini möhkəmləndirən fransız iş adamı sakitləşmir və yeni-yeni markalar almağa davam edirdi. Məqsədinin dünyanın ən böyük və ən gəlirli şirkətini yaratmaq olduğunu isə heç vaxt gizlətmirdi.

“Dünyadakı bir nömrəli pianoçu və ya dünyanın bir nömrəli tennisçisi ola bilməyəcəyimi başa düşdüm. Beləliklə, mən dünyada bir nömrəli şirkət qurmaq qərarına gəldim", - deyə Arno "The New York Times" qəzetinə müsahibəsində demişdi. Arno tennis oynamağı, piano çalmağı sevir. O, eyni zamanda, sənət əsərlərinin kolleksioneridir.

"GUCCİ" VƏ "HERMES" MƏYUSLUĞU...

Arnonun iş həyatında uğursuzluqlar çox az olub. Məsələn, xeyli cəhd etməsinə baxmayaraq, 2001-ci ildə Gucci evini ələ keçirə bilmir və bu məşhur brend onun Fransadakı əsas rəqibi Fransua Pino və onun PPR şirkətinə nəsib olur.

"Hermes"i nəzarətinə almaq cəhdləri də nəticəsiz qalır. LVMH uzun müddət bu markanın hissələrini almağa davam etmiş və kapitaldakı iştirakını 23,2 faizə çatdırmışdı. Lakin səhmlərin yerdə qalan hissələrinin sahibləri onları Arnoya satmaqdan qəti şəkildə imtina etdilər. Nəticədə 2014-cü ildə LVMH bu markadakı payını satmalı oldu.

"Pommery" şampan istehsalçısından 2002-ci ildə Arno özü imtina etdi və o, "Vranken Monopole" qrupuna satıldı.

Lüks bazar

TRAMPIN KÖHNƏ DOSTU...

Bernar Arnonun siyasətçilər arasında çoxlu dostları var. Xüsusilə sağçı siyasətçilər arasında. Sahibkar Fransanın keçmiş prezidenti Nikola Sarkozi və hazırkı dövlət başçısı Emmanuel Makronla dostluğunu heç vaxt gizlətməyib. ABŞ prezidenti Donald Trampı isə 1980-ci illərin əvvəllərindən - Amerikada əmlak bazarına girməyə cəhd etdiyi vaxtdan bəri tanıyır.

Köhnə tanışlar 2019-cu ilin 17 oktyabrında LVMH Texasda şirkət açarkən bir araya gəldilər. Bernar Arno mərasimə özü qatıldı və Trampı da dəvət etdi. ABŞ prezidenti köhnə tanışının dəvətini qəbul edərək mərasimdə iştirak etdi.

Arnonun sosialistlərlə münasibətləri heç cür düzəlmir. Bu səbəbdən o, 1980-ci illərin əvvəllərində - sosialist Mitteranın hakimiyyəti dövründə Fransanı tərk etmişdi. 2012-ci ildə (Fransua Ollandın prezidentliyi zamanı) isə mətbuat üzə çıxarmışdı ki, Arno Belçika vətəndaşlığını almağa cəhd edib. Həmin vaxt ölkə rəhbərliyi zənginlərə 70 faiz vergi tətbiq etmək fikrində idi və LVMH-in sahibi Belçika vətəndaşı olmaqla mümkün itkiləri minimuma endirmək istəyirdi.

Lüks bazar

"ZARA"NI GERİDƏ QOYDU, "AMAZON"A DOĞRU...

Arno 2018-ci ildə "Zara"nın sahibi Amansio Arteqanı ötərək moda dünyasının ən varlı adamı olmuşdu. 2019-cu ilin noyabr ayına olan məlumata görə, B.Arno Avropanın ən varlı adamı hesab olunur. Dünyada isə "Amazon"un qurucusu Ceff Bezosdan sonra ikinci yerdədir.

"Tiffany" ilə B.Arno daha da zəngin oldu. Zərgərlik evinin satın alınması elanından dərhal sonra LVMH konserninin səhmləri 2.3 faiz artdı. Ümumilikdə, ilin əvvəlindən bu yana konserndə 58 faizlik fantastik böyümə müşahidə olunub ki, bunun da 11 faizi üçüncü rübün payına düşüb.

Analitiklərin proqnozlarına görə, Bernar Arnonun rəqibləri PPR və "Kering" də dayanmaq niyyətində deyillər. Bu səbəbdən də lüks markaların nəhəng konsernlərin əlində konsolidasiyası davam edəcək.

Mütəxəssislər deyir ki, maliyyəsi, siyasi əlaqələri məhdud olan, geniş PR və marketinq imkanları olmayan şirkətlər uğursuzluğa məhkumdurlar.

Arnonun hədəfi təkcə mövcud markaları əldə etmək deyil, həm də yenilərini yaratmaq, onları dünyaya tanıtmaqdır. Məsələn, LVMH üçün dünya şöhrətli müğənni Rihannanın kosmetika brendi "Fenty" belə bir başlanğıc oldu. 2018-ci ildə onun gəliri yarım milyard avronu keçdi.

2019-cu ildə kosmetik məhsullara geyim də əlavə edildi. B.Arno hər il orta hesabla iki marka satın alır və bu tendensiya 2020-də də davam edəcək. Bezosu qabaqlamaq üçün isə fransız iş adamına 5.4 milyard dollar lazımdır.

Tərcümə Mediapost.az-a məxsusdur

.

Xəbərlər departamenti

Gündəm