Lüzumsuz yola çıxmaqla nəyə səbəb oluruq?
16.04.2020 17:31 Fikirlər

Lüzumsuz yola çıxmaqla nəyə səbəb oluruq?

Bir neçə gün əvvəl işlə əlaqədar şəhərdə idim. Paytaxtın müxtəlif yerlərində qurulmuş karantin postlarının birində təxminən 40 dəqiqəyə yaxın vaxt keçirməli oldum. Səbəb isə avtomobillərin həddindən artıq çox olması idi. Polis əməkdaşları sürücüləri, sərnişinləri yoxlayır, sənədlərə baxır, protokol tərtib edirdilər. Təbii ki, hamı tələsir, sürücülər siqnal verirdi. Ortada bir xaos yaranmışdı. Bu qarışıqlıqdan istifadə edərək yol hərəkəti qaydalarını pozanlar da var idi. Nə sıra mədəniyyəti, nə bir-birinə yol vermək...

Posta yaxınlaşanda qan-tər içində xidmət aparan polis əməkdaşları sənədləri yoxladı. Jurnalist olduğumuzu biləndə "ay müəllim bundan yazın da, belə karantin olar, hamı küçədədir", dedi.

Açığı postlarda 24 saat xidmət aparan polis əməkdaşları, hərbiçilərin əziyyəti digərlərindən geri qalmır. Bir tərəfdən isə yerli-yersiz yola çıxanlar da az deyil. Bu isə vəziyyəti ikiqat çətinləşdirir. Virusa yoluxmaq bir tərəfə, yollarda xidmət aparan bu insanlar daha çox əziyyətə düşür. Görəsən, onların da bir ailə başçısı, bir ananın övladı olduğunu heç düşünürük? Axı bu insanlar da saatlarla günün, yağışın, küləyin altında qalırlar.

Bizim icazəmiz olsa belə, lüzumsuz yerə yola çıxmağımız onlara əziyyət verməkdən başqa bir şey deyil.

Təbii ki, bir müddət sonra virus təhlükəsi olmayacaq, bu postlar götürüləcək. Yenə istədiyimiz kimi yollarda hərəkət edə biləcəyik. Amma bu insanların tapdaladığımız haqqının hesabını verə biləcəyikmi?

Teymur Məmmədov, xüsusi olaraq "MediaPost" üçün

Xəbərlər departamenti

Gündəm