Magistraturaya qəbulun birmərhələli olmasına ekspert münasibət bildirib
14.01.2020 12:44 Fikirlər

Magistraturaya qəbulun birmərhələli olmasına ekspert münasibət bildirib

Nazirlər Kabineti Azərbaycan Respublikasının "Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik edib.

Qərara əsasən, beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutur.

Yeni dəyişiklik təhsilin keyfiyyətinə nə kimi təsir göstərəcək?

Mövzu ilə bağlı "MediaPost"a açıqlama verən təhsil üzrə ekspert Kamran Əsdov bildirib ki, yeni dəyişiklik zəruri olsa da, özü ilə bərabərində bir sıra problemlərə də yol aça bilər:

“Maraqlıdır ki, magistratura yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesidir. Amma yüksək ixtisaslı kadr ixtisas imkanı vermədən qəbul olacaq.

Yeni qaydalar ciddi problemlər də yarada bilər. Belə ki, bir mərhələdən sonra iştirakçıların təhsil aldıqları müddətdə əldə etdikləri akademik göstəricilər, yəni qiyməti, balı hesablanıb orta bal çıxacaq və o da birinci mərhələnin üzərinə gələcək yekun bal olaraq toplanacaq. Yaxşı, bəs əvvəlki illərdə məzun olanların orta balı neçə çıxacaq? Axı indi qiymətləndirmə 100 ballıq şkala üzrə müəyyənləşir, amma əvvələr 5 ballıq şkala üzrə qiymət alınırdı. İndi isə A,B,C.D ilə”.

Ekspert onu da əlavə edib ki, ali təhsil müəssisələrində nəzəri biliklərdən çox praktiki vərdişlər aşılanmalıdır:

“Düzdür, magistratura səviyyəsində dünya təcrübəsinin Azərbaycan təhsil sisteminə tətbiq edilməsinin vaxtı çatıb. Amma bunu qəbul imtahanı ilə həyata keçirmirlər. Bunun üçün universitetlərdə ixtisaslar üzrə çatışmazlığı, ciddi problemləri aradan qaldırılmaq lazımdır.

Hazırda Avropada və Türkiyədə dərslərin əksəriyyəti tədqiqatyönümlü fənlərdir. Tədqiqat metodları, ixtisasa uyğun müxtəlif proqramlar, təhlil aparma metodları və sair tədris edilir. Bizdə bunların hansı var? Dünya yeni bir dövrə qədəm qoyur, daha çox ixtisas bilikləri yüksək səviyyədə olan kadrlarla ehtiyac duyulur, biz isə ondan imtina edirik”.

Xəbərlər departamenti

Gündəm