"Mən də namizədəm" - Yeni məsxərə mövzusu (ŞƏRH)
22.01.2020 14:58 Fikirlər

"Mən də namizədəm" - Yeni məsxərə mövzusu (ŞƏRH)

İnsanlar demək olar ki, vaxtlarının böyük bir hissəsini sosial şəbəkələrdə keçirir. Bəzən real həyatda deyə bilmədikləri fikirlərini sosial şəbəkə vasitəsilə cəmiyyətə çatdırırlar. İnsanların belə platformalardan istifadəsi asılılığa çevrilib. Nəticədə hər mövzu barədə fikir bildirənlər ekspert qismində çıxış edir. Bu minvalla yad olduqları sfera haqda qeyri-ciddi münasibət bildirilir. Hətta cəmiyyətdə gedən ciddi dəyişikliklərə belə, sosial mediada eyni və oxşar lağlağı fikirlər paylaşılır.

Cəmiyyətdə hər şeyə dırnaqarası yanaşmaq meyili nədən qaynaqlanır?

Mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızı “MediaPost”a açıqlama verib. O bildirib ki, bu gün insanların bütün mövzulara dırnaqarası münasibət göstərməsi cəmiyyətə hər şeyi qeyri-ciddi təbliğ etməkdən irəli gəlir: “Gəlin deputatlığa seçki məsələsinə nəzər salaq. Şüarlar, plakat üçün çəkdirdikləri şəkillər və elə namizədlərin əksəriyyəti qeyri-ciddi insanlardır. Ona görə də, insanların bütün məsələlərə qeyri-ciddi yanaşmasına nəticə kimi baxmaq lazımdır.Həmin nəticəyə də baxıb səbəbi görmək mümkündür. Kriminal hadisələrə isə şişirdilmiş münasibət var. Bu zaman daha çox şablon, pafoslu sözlərdən istifadə olunur”.

Mən də namizədəm

Psixoloqun fikrincə, bu gün sosial şəbəkələrin inkişafı və insanların ancaq ekran arxasında hadisələri izləməsi və verdiyi reaksiyalar o deməkdir ki, doğrudan da hər şeyə laqeyd münasibət var: “Mən son zamanlar seçkilərlə bağlı bəzi şeylər müşahidə edirəm. Namizədlərin seçilməsi üçün sosial şəbəkələr üzərindən səs vermələr keçirilir. Biz də iki-üç düyməni basaraq səs veririk. Halbuki bu bizim işimiz deyil. Seçmək istədiyimiz adamın qeydiyyatda olduğumuz əraziyə aidiyyatı yoxdur. Bunun özü də qeyri-ciddi bir haldır. Bütün günü sosial şəbəkədə namizədlər haqqında danışırlar. Sabah bundan yorulan cəmiyyət ciddi bir addım atıb gedib seçkidə iştirak etməyəcək. Çünki artıq o enerjisini sosial şəbəkədə qoyur. Bu gün insanlar özlərini gülünc vəziyyətə qoyaraq cəmiyyətin gülüş hədəfinə çevrilirlər”.

Mən də namizədəm

Məsələyə münasibət bildirən sosioloq Əhəməd Qəşəmoğlu “MediaPost”a açıqlamasında qeyd edib ki, insanın ciddi məşğuliyyəti olanda hər şeyə daha məsuliyyətlə yanaşır: “Çox təəssüf ki, indi cəmiyyətimizdə öz potensialını üzə çıxara biləcək şəxslər azlıqda qalır. İnsanların bir çoxu normal təhsil almadıqlarına, ya da qondarma diplomları olduğuna görə, həyatda hər şeyi yola verirlər. İnstituta girirlər, amma oxumurlar ki, onsuz da pulunu ödəyir. Və onu heç kim qovmayacaq. Belə insanlar həyatda hansısa bir işlə məşğul olanda, görürlər ki, bütün mövzularda yola vermək mümkündür. Ona görə də, belə şəraitdə dəyərlər, hadisələrə münasibətlər dəyişir. İnsanın davaranışında 4 mühüm faktor böyük rol oynayır: insanın fitrəti, mühit, aldığı informasiya, üstünlük verdiyi dəyərlər. Əgər bu faktorlar mükəmməl olsa, insan çox məsuliyyətli və düzgün əqidəli olur. Lakin indi psixologiyamızda da korlanmalar var. Həmin gənclər elə ailədə doğulur ki, görür ata ananı, ana atanı yola verir, ailə dağılmasın deyə birlikdə yaşamağa davam edirlər. Bu şəraitdə böyüyən övlad da hər şeyə biganə yanaşır”.

Ekspert əlavə edib ki, bədii kitab oxumaq da insanın düşüncə tərzində irəliləyişə səbəb olur: “Əvvəllər insanlar boş zamanlarını bədii ədəbiyyat oxumaqla keçirirdi. Bu kitablar insanlara mənəvi dəyərlər aşılayırdı. İndi əksəriyyət bədii ədəbiyyatdan uzaq düşüb. Oxuyanda da elə əsərlər oxunur ki, orada insana müsbət təsir edəcək heç bir məqam olmur. İndi mənəvi dəyərlər sıxışdırılır. Belə olduqda insanlar qeyri-ciddiləşir”.

“MediaPost”

Xəbərlər departamenti

Gündəm