"Mərkəzi Bank sığorta bazarı ilə bağlı rəqəmləri şişirdir"
07.08.2020 12:47 Maliyyə İqtisadiyyat

"Mərkəzi Bank sığorta bazarı ilə bağlı rəqəmləri şişirdir"

Mərkəzi Bank sığorta bazarı ilə bağlı rəqəmləri şişirdir. 

Bunu “MediaPost”a açıqlamasında sığorta bazarı üzrə ekspert İlkin İbrahimov deyib. 

"Pandemiya dövründə sığorta bazarının artması real deyil"

O bildirib ki, ötən ilin ilk yarım ilində 370 milyon manat, bu ilin eyni dövründə isə 400 milyon manat sığorta haqqı toplanılıb. Halbuki pandemiya sığorta bazarına mənfi təsir edib: “Mart, aprel aylarında sığorta şirkətləri yığımları çətinliklə toplayırdı. Vətəndaşlar avtomobillərinin sığortasını müvəqqəti dayandırırdılar, yol polisi radarları söndürdüyünü bildirirdi. Bu isə avtomobil sığortası ilə bağlı yığımları çox çətinləşdirmişdi. Əmlak sığortasında ötən ilin noyabr-dekabr aylarında yığımlar çox olsa da, yanvar ayından sonra yığımlar aşağı düşmüşdü”.

img

“Ötən ildən daha çox ödəniş edilib, amma sığorta şikayətləri azalmayıb”

İ.İbrahimov əlavə edib ki, açıqlanan rəqəmlərə əsasən, bazar üzrə sığorta ödənişləri də ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Sığorta ödənişlərinin artması əslində, sığorta şikayətlərini azaltmalıdır. Amma biz bunun əksini görürük, sığorta şikayətləri artmaqda davam edir. Bu isə Mərkəzi Bankın sığorta bazarı ilə bağlı açıqladığı rəqəmlərin doğruluğunu şübhə altına alır.

"Mərkəzi Bank prezidentin fərmanını icra etməyib"

Ekspert hesab edir ki, bu şübhələrin aradan qaldırılması üçün Mərkəzi Bank Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı ictimai nəzarət şuralarının yaradılmasını nəzərdə tutan fərmanı icra etməlidir: “ƏƏSMN, Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və s. ictimaiyyətlə daha çox işləyən nazirliklərin tərkibində belə şuralar var. Amma maliyyə sahəsində nə keçmiş Maliyyə Bazarlarına Nəzarət Palatası, nə də indi Mərkəzi Bank bunu icra etməyib". 

Problemləri ictimai nəzarət şurası daha tez üzə çıxara bilər

İ.İbrahimov bildirib ki, artıq bununla bağlı bir neçə dəfə Mərkəzi Banka müraciət edilib: “İctimai nəzarət şurasının yaradılmasında müxtəlif kəsimlər, QHT-lər, müxtəlif ekspertlər, ictimai maraqları müdafiə edən digər tərəflər iştirak edir. Bu şura ayda və yaxud rübdə bir dəfə Mərkəzi Bank sədri ilə görüş keçirə bilər. Müəyyən problemli məsələlər müzakirə edilib həllini tapa bilər. Mərkəzi Bank rəhbəri bağlanan banklarda saxtakarlıq faktlarını qabartdı və bununla bağlı Cinayət Məcəlləsinə təkliflər irəli sürdü. Amma bu problemləri bir neçə ildən sonra, iş işdən keçəndən sonra deyil, ictimai şuranın üzvləri daha tez üzə çıxara bilərlər. Təbii ki, Mərkəzi Bankın sədri hər şeyə nəzarət edə bilməz”.

Mərkəzi Banka ünvanlanan 40 sığorta şikayətindən 1-i də həllini tapmayıb

Bundan əlavə, MB istehlakçıların hüquqlarının qorunması ilə bağlı öhdəlik götürür. Amma hazırda MB sığortaya nəzarət departamenti bu hüquqların qorunmasını həyata keçirə bilmir və ya keçirmək istəmir, yaxud da kifayət qədər təcrübəli ekspertləri yoxdur: ”Vətəndaşların 40-a yaxın sığorta şikayəti ilə bağlı müraciət olunub. İndiyə kimi biri də həllini tapmayıb. Müştərinin şikayətini yenidən sığorta şirkətinə yönəldirlər".

Rahim Tarıverdiyev/MediaPost

Xəbərlər şöbəsi

Gündəm