Məscidin sökülərək yerində şəhid ailəsinə ev tikilməsi ilə bağlı məlumat yayan şəxs həbs edildi
16.09.2020 10:14 Cəmiyyət

Məscidin sökülərək yerində şəhid ailəsinə ev tikilməsi ilə bağlı məlumat yayan şəxs həbs edildi

Sosial şəbəkələrdə Şəmkir Rayonu Dəllər qəsəbəsində yarımtikili məscidin sökülərək yerində şəhid ailəsinə ev tikilməsi ilə bağlı video yayılıb. Görüntüləri çəkən şəxs iddia edib ki, Şəmkir RİH-nin başçısı Alimpaşa Məmmədov və onun birinci müavini Qüdrət Əliyev məscidin sökülməsi üçün göstəriş verib.

Məsələ ilə bağlı “MediaPost”a danışan Şəmkir RİH-in mətbuat katibi Elgün Seyidov bildirib ki, Dəllər qəsəbəsində məscidin sökülməsi ilə bağlı İcra hakimiyyəti tərəfindən heç bir göstəriş olmayıb:

“Çünki ərazidə heç bir məscid də yoxdur. Sadəcə olaraq 10-15 il bundan əvvəl bir qrup Dəllər qəsəbə sakini tərəfindən ərazidə məscidin tikilməsi üçün müraciət olunub. Aidiyyəti qurumlar tikintiyə icazə verməyib. Bu gün də şəhid ailəsinin israrlı istəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən orada şəhid ailəsinə ev tikilir”.

E.Seyidovun sözlərinə görə, şəhid ailəsinə tikilən evin həmin əraziyə heç bir aidiyyatı yoxdur:

“Həmin ərazi 15-20 sota yaxın yerdir. Şəhid ailəsinə tikinti üçün cəmi 3 sot yer verilib. Məscidin tikilməsi üçün aidiyyatı qurumlar nə vaxt icazə versə, bunun üçün yer də var, şərait də. Sadəcə olaraq Edqar Osmanov adlı şəxsin  kimlərinsə təhriki ilə çəkdiyi provokasiya xarakterli videodur. Özü də bu əməlini məhkəmənin qarşısında etiraf edib. Məhkəmə də həmin şəxsi cəzalandırıb, o, 10 sutkalıq həbs edilib”.

 

Billurə Yunus

Gündəm