Metyu Brayza: "Region müsbət dəyişikliklərin şahidi olacaq" - <span>VİDEO</span>
13.01.2021 10:32 İqtisadiyyat Gündəm

Metyu Brayza: "Region müsbət dəyişikliklərin şahidi olacaq" - VİDEO

Yanvarın 11-də Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada üçtərəfli görüş keçirilib. Görüşdə regionda tamamilə yeni vəziyyətin yaranması və nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı məsələlər müzakirə edilib. 
ABŞ-ın Azərbaycanda keçmiş səfiri və ATƏT-in Minks Qrupunun keçmiş həmsədri Metyu Brayza “MediaPost”a açıqlamasında Moskva görüşünü şərh edib.

M.Brayza bildirib ki, bu görüş ümumilikdə uğurlu alınıb. Rusiya regional lider olaraq Qarabağda sülhün təminatçısı olacağını, eyni zamanda Naxçıvanla nəqliyyat dəhlizinin açılmasını təmin edəcəyini göstərməyə çalışır.

Əldə olunan razılaşmaya əsasən həm avtomobil, həm də dəmiryolu layihələrinin inkişaf etdirilməsi və həyata keçirilməsi işçi qruplarına həvalə edilib. Birgə layihələr daha sonra hər üç ölkənin lideri tərəfindən təsdiqlənməlidir. 

M.Brayza kommunikasiyaların bərpa prosesinin konkret şəkildə irəliləməsini vacib hesab edir. Onun sözlərinə görə, iqtisadi əlaqələrin bərpa edilməsi və nəqliyyat dəhlizinin açılması üçtərəfli 10 noyabr bəyannaməsinə əsasən mümkün görünür. Bu baş verərsə, ümumilikdə region müsbət dəyişikliklərin şahidi olacaq. 
Nəqliyyat dəhlizinin açılması, sadəcə, Azərbaycan və Ermənistanın münasibətlərinin yaxşılaşdırılması və iqtisadi əlaqələrin bərpası deyil, həm də Türkiyə ilə Ermənistan sərhədlərinin açılması deməkdir. Bu isə iqtisadi inkişafa səbəb olacaq, türkiyəli iş adamlarının böyük sərmayələri üçün fürsət yaradacaq. Türkiyə, Naxçıvan və Ermənistanın olduğu ərazidə böyük infrastruktur layihələri inkişaf edəcək. Amma bütün bunlar gələcək planlardır. 

Hazırda münaqişənin hərbi fazası tam bitsə də, siyasi mərhələ uzun müddət davam edəcək. Bununla belə, Rusiya sülhməramlılarının stabilləşdirici qüvvə kimi davranması vacibdir. 

 

Rahim Tarıverdiyev

Gündəm