Milli dil problemi: Sözlərimiz fikrimizi izah etməyə imkan verirmi? - ŞƏRH
06.12.2019 14:58 Fikirlər

Milli dil problemi: Sözlərimiz fikrimizi izah etməyə imkan verirmi? - ŞƏRH

Dil millətin varlığının əsas şərtlərindən biridir. Azərbaycan xalqının varlığını yaşadan dilimiz neçə yüz illərdir ki, onun milli, mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır. Ona görə də ana dili hər bir xalqın qürur mənbəyidir.

Tez-tez orfoqrafiya lüğətinə dəyişikliklər edilir, yeni kəlmələr əlavə olunur, bəzi əcnəbi sözlərin qarşılığı yaradılaraq dilimizə uyğunlaşdırılır.. Lakin bu cür dəyişikliklər ictiamiyyət tərəfindən hər dəfə birmənalı qarşılanmır. Sosial şəbəklərdə orfoqrafiya daxil edildiyi iddia olunan "ipəzor", "süranə" və "geyçim" kimi sözlər müzakirələrə səbəb olmuşdu. Dilçilik İnstututundan verilən açıqlamada bu xəbərlərin yalan olduğu bildirilsə də, bu informasiya xeyli müddət sosial şəbəkələrin gündəmini zəbt etdi.

Bu ilin sonuna kimi işıq üzü görməsi nəzərdə tutulan orforafiya lüğətinə yeni sözlər əlavə olunub. Bunlardan DVD, dönər, magistr, magistratura kimi sözlər illərdir dilimizdə geniş istifadə olunur, hətta artıq bəziləri köhnəlməyə doğru gedir.

Bütün bu məsələlər barədə mütəxəssilər necə düşünür?

Mövzu ilə bağlı Diksiya Akademiyasının rəhbəri Cəlalə Nəzəroğlu açıqlama verib:

"Orfoqrafiya lüğəti uzun illərdir yenilənmirdi. Qeyd etdiyiniz sözlər bu zaman dilimində geniş yayılan, özünə vətəndaşlıq hüququ qazanan ifadələrdir. Rəsmi olaraq lüğət fonduna daxil edilməsi gec də olsa, təqdirəlayiqdir. Orfoqrafiya lüğətində ümumiyyətlə, dilin klassik və müasir qatlarında olan bütün sözlər əks olunmalıdır".

DİL

C. Nəzəroğlu bildirib ki, bəzən insanların dilimizdə sözlərin qıt olması ilə bağlı düşüncələr var, mən bununla qətiyyən razılaşmıram:

"Sizə həmin fikrin yanlış olduğunu bildirmək üçün kitab siyahısı təqdim edə bilərəm. O əsərlərdən bir neçəsini oxuduqdan sonra görəcəklər ki, dilimiz nə qədər zəngindir. Məsələn, Azərbaycan xalq nağılları, Azərbaycan xalq dastanları (Məhəbbət və qəhrəmanlıq dastanları), Nizami Gəncəvinin qəzəlləri, “Xəmsə” M. F. Axundzadənin komediyaları, Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povesti, Ə. Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları”, M.Ə. Sabir “Hophopnamə”, Hüseyn Arifin şeirləri, Mirzə İbrahimovun “Güləbətin”, “Pərvizin həyatı” povestləri, Mir Cəlalın hekayələri, Əzizə Cəfərzadənin “Aləmdə səsim var mənim”, “Bakı-1501”, Fərman Kərimzadənin “Xudafərin körpüsü”, “Qarlı aşırım”, Əlisa Nicat “Mirzə Şəfi”, M. Arazın şeirləri, B. Vahabzadənin şeir və poemaları, Əli Kərimin şeirləri, İ. Şıxlının “Ayrılan yollar”, “Dəli Kür” romanları, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Ağ liman”, “Dantenin yubileyi” əsərləri, Ramiz Rövşən “ Sevgi açarı” şeirlər kitabı, Rabindranat Taqorun “Mənsur şeirlər”i və digər nümunələrlə bu siyahını genişləndirmək olar".

DİL

Məsələyə münasibət bildirən teleaparıcı Səidə Bəkirqızı bildirib ki, dildə söz bazası geniş olsun deyə, yenilərlə bərabər köhnələri də işlətməliyik:

Milli dil problemi: Sözlərimiz fikrimizi izah etməyə imkan verirmi? - ŞƏRH

"Birinci onu deyim ki, dil millətin varlığının əsas göstəricilərindəndir. Dövlətin bayrağı, gerbi, himni kimi dili də müqəddəsdir. Təsəvvür edin, dövlət var, amma onu təqdim edən dili yoxdur. Çox sevindiricidir ki, Azərbaycanın əsrlərdir qoruyub saxladığı və millətin özünü tanıtmasında,

təqdimatında önəmli rol oynayan dili var. Amma heç kimə sirr deyil ki, dilimizdəki söz sayı azdır və o qədər zəngin deyil. Bunu daha çox, mütəmadi olaraq danışan adamlar hiss edir. Bəzən xəbər yazırıq və bir sözü ikinci dəfə təkrar işlətməyək deyə, sinonimini axtarırıq, təəssüf ki, tapmırıq. Bu mənim ən çox diqqət etdiyim məqamdır. İstəmirəm ki, içi mən qarışıq aparıcılarımızın söz bazası kasad olsun və onlar eyni sözü dönə-dönə təkrar etsinlər. Burada bir tərəfdən dilimizdəki sözlərin azlığı rol oynasa da, digər tərəfdən mütaliənin az olması və kiminsə beynini yormaq istəməməsi faktı da var".

Aparıcı onu da qeyd edib ki, bizim cəmiyyətimizdə insanlar əcnəbi dillərdə olan sözlərə daha çox meyil edir:

"Başqa bir məqam da bizim özümüzün unutduğumuz və köhnələn sözlərimizin işlənməməsidir. Bəlkə deyəcəksiniz ki, dünyanı yeni termin alıb gedir, amma siz köhnə sözlərdən danışırsınız. Sözümün canı odur ki, dil zəngin olsun deyə, köhnələri unutmaq yox, əksinə yeniləri də əlavə etmək lazımdır. Az öncə qeyd etdiyim kimi bir cümlədə iki dəfə eyni sözü işlətməyək. Ümumiyyətlə, biz əcnəbi dildə fikir ifadə etməyi çox sevirik. Baxmayaraq ki, müstəqilliyimizin 30 ilə yaxın yaşı var və biz daha rus müstəmləkəsi altında yaşamırıq. Amma yenə də o sözlərdən daha çox istifadə edirik və bu, efirlərdə də tez-tez baş verir. Sıfır əvəzinə "nol" deyirlər. Səbəb də odur ki, hamımız yeni söz və termin istəyirik. Düzdür, bizim orfoqrafiya lügətinə yeni sözlər əlavə olundu, amma bu, artıq bizim üçün yeni deyil. İllərdir eşitməyə alışdığımız və işlətdiyimiz sözlərdir. Daha yeniləri və bizim özümüzün yaratdığımız sözlərə ehtiyac var. Bilirsiniz ki, dilimizdə alınma sözlər çoxdur. Və o qədər istifadə edirik ki, bəzən hec seçə bilmirik alınmadır, ya bizim öz sözümüzdür. Azərbaycan dili öz qrammatik quruluşuna görə zəngin, fonetik ahənginə görə qeyri-adi gözəlliyə malik bir dildir. Ana dilimizin daha da zəngin olması üçün hamımız çalışmalıyıq. Bu işdə isə ən böyük yük dilçilərin üzərinə düşür".

Xəbərlər departamenti

Gündəm