Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin DSK-lara paylanmasına başlanılıb
02.02.2020 08:22 Daxili siyasət

Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin DSK-lara paylanmasına başlanılıb

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən "MediaPost"a verilən məlumata görə, Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin müvafiq struktur bölmələrinin əməkdaşları, habelə dairə seçki komissiyalarının sədrləri və katiblərinin iştirakı ilə Milli Məclisin Mətbəəsində geniş aşkarlıq şəraitində keçirilən tədbirdə beynəlxalq və xarici qurumlar, seçki müşahidə missiyaları, kütləvi informasiya vasitələri və seçki prosesinin iştirakçısı olan subyektlərin prosesi yaxından və birbaşa izləmələri üçün hərtərəfli şərait yaradılıb.

Seçki bülletenlərinin ilk gün - fevralın 2-də Naxçıvan Muxtar Respublikası və ucqar bölgələri əhatə edən ümumilikdə 62 seçki dairəsinə, növbəti gün isə respublikanın digər bütün seçki dairələrinə təhvil verilməsi nəzərdə tutulur. Seçki bülletenləri dairə seçki komissiyaları sədrlərinin və katiblərinin iştirakı ilə bülletenlərin sayı, verilmə tarixi və vaxtı göstərilməklə tərtib edilən akt əsasında dairə seçki komissiyalarının sədrlərinə təhvil verilir. Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilən yüksək təhlükəsizlik şəraitində hazırlanan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanılması prosesinin mühafizəsini Daxil İşlər Nazirliyinin müvafiq qurumları təmin edir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm