Milyarderlərin Ağ Ev uğrunda savaşı
13.11.2019 07:00 Fikirlər

Milyarderlərin Ağ Ev uğrunda savaşı

2020-ci il seçkilərində Trampa güclü rəqib gəlir: Blumberq ABŞ-ın yeni prezidenti ola biləcəkmi?

Amerikanın məşhur milyarderlərindən olan Maykl Blumberq də ABŞ-dakı seçki yarışına qoşulmaq qərarı verib. 77 yaşlı biznes və media maqnatı 2020-ci ilin noyabrında keçiriləcək prezident seçkilərində Donald Trampın ən ciddi rəqiblərindən biri ola bilər. Tramp Ağ evə iddiaçılar arasında özünə rəqib görmədiyini desə də, analitiklər və mətbuat son vaxtlara qədər şanslı namizəd kimi daha çox Co Baydenin adını çəkirdi. Blumberq kimi, nüfuzlu və böyük imkanlara sahib namizədin Baydeni "ən güclü rəqib" kürsüsündən endirib-endirməyəcəyi isə yaxın aylarda məlum olacaq.

2 həmyaşıd, 2 demokrat...

ABŞ-ın keçmiş (Obama dövründə) vitse-prezidenti olan 77 yaşlı Bayden seçkidə demokratların namizədi olmaq istəyir. Bayden artıq üçüncü dəfədir ki, prezident seçilmək üçün mübarizə aparır. 1988 və 2008-ci illərdə uğur qazana bilməsə də, bu dəfə nəticənin fərqli olacağına inanır.

Co Baydenin asan rəqib olmadığını əslində tez-tez onun ünvanına tənqid və ittihamlar səsləndirməklə Tramp özü də etiraf etmiş olur. Keçmiş vitse-prezidentin adı ətrafında yaratdığı son qalmaqal isə daha çox Trampın öz əleyhinə işlədi. Nəticədə konqresdə ABŞ prezidenti ilə bağlı impiçment proseduru başladıldı.

Milyarderlərin Ağ ev uğrunda savaşı

Söhbət Trampla Ukrayna prezidenti Vladimir Zelenski arasında keçən danışığın mətbuata sızmasından gedir. İddialara görə, Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenskidən Kiyevə maliyyə və hərbi yardım qarşılığında Baydenin oğlunun Ukraynadakı fəaliyyətinə dair təhqiqata başlamağı xahiş edib.

Tramp iddia edir ki, Co Bayden oğlu Hanter Baydenin işini araşdıran (direktorlar şurasında təmsil olunduğu qaz şirkətinin fəaliyyətini təhqiq edən) baş prokuror Viktor Şokini işdən azad etmək üçün Ukrayna rəhbərliyinə təzyiq göstərib. Liderlərin telefon söhbəti ictimailəşən kimi konqresmenlər ABŞ prezidentinə qarşı hərəkətə keçdi. Konqresin "impiçment sürprizi" göstərdi ki, Trampın Baydeni "vurmaq" planı ən çox özünə zərər verdi.

Bütün bunların fonunda seçki marafonuna Maykl Blumberqin də qoşulması o deməkdir ki, Baydeni "zərərsizləşdirmək" səyləri tam "bəhrəsini" vermədən Tramp daha bir güclü rəqiblə mübarizə aparmalı olacaq.

Milyarderlərin Ağ ev uğrunda savaşı

Trampın demokrat rəqibləri...

2002-ci ildən 2013-dək Nyu-Yorkda mer postunu tutan Maykl Blumberq seçkiyə Demokratlar Partiyasından qatılacaq. O hesab edir ki, hazırkı demokrat namizədlərdən heç biri ümumxalq səsvermədə Donald Trampı udmaq iqtidarında deyil.

Bu arada, Demokratlar Partiyasından prezidentliyə namizəd olmaq uğrunda mübarizəyə Co Baydenlə yanaşı, Vermont ştatından Berni Sanders, Massaçusetsin senatoru Elizabet Uorren, Nyu-Cersinin senatoru Kori Buker, Kaliforniyanın senatoru Kamala Harris, İndiana ştatından Pit Buttidciç, biznesmen Endryu Yanq, milyarder Tom Steyer, Minnesota ştatının senatoru Emi Klobuşar və Nümayəndələr Palatasının üzvü Tulsa Habbard da qoşulub.

İctimai rəy sorğuları hələlik 4 namizədin öndə olduğunu göstərir. Bunlar Co Bayden, Elizabet Uorren, Berni Sanders və Pit Buttidciçdir.

Seçkiöncəsi kampaniyaya gələn il fevralın 3-də start veriləcək. Prezidentlik uğrunda mübarizədə Trampın rəqibinin adı Demokratlar Partiyasının iyulun 13-16-da keçiriləcək Milli Konqresində məlum olacaq. Respublikaçıların seçki konqresi isə 24-27 avqustda baş tutacaq.

Blumberq fikrini niyə dəyişdi?

Blumberqin demokratların namizədi olub-olmayacağını zaman göstərəcək. İndi hamını maraqlandıran məqam odur ki, cəmi bir neçə ay əvvəl seçkiyə qatılmaq istəməyən Maykl Blumberq fikrini qəfildən niyə dəyişdi və onun Trampı məğlub edib seçkini qazanmaq şansı nə qədərdir?

ABŞ siyasətində kifayət qədər çəkisi olsa da, Blumberqi dünyada daha çox təsisçisi olduğu və öz adını daşıyan media orqanı ilə - məşhur "Bloomberg" agentliyilə tanıyırlar. Bundan başqa, M.Blumberq həm də planetin ən varlı adamlarından biridir. "Forbes"in hesablamalarına görə, 52 milyard dollarlıq sərvəti ilə dünya zənginləri arasında 9-cu yerdədir.

Milyarderlərin Ağ ev uğrunda savaşı

"Blumberqi narahat edən odur ki, indiki namizədlərdən heç biri Trampa qalib gəlmək iqtidarında deyil. Liderlik keyfiyyətlərini, nailiyyətlərini və insanları bir yerə toplaya bilmək bacarığını nəzərə alaraq Blumberq Trampa qarşı dura və qalib gələ biləcək", - deyə milyarderin müşaviri Hovard Vulfson bildirib.

Blumberq Trampa münasibətinin yaxşı olmadığını heç vaxt gizlətməyib, üstəlik, yeri düşdükcə onu və siyasətini sərt tənqid edib.

Əslində Maykl Blumberq 2016-cı ildə keçirilən prezident seçkilərində də iştirak etməyi düşünürdü. O, klassik mərkəzçidir: siyasi karyerasına Demokratlar Partiyasının üzvü kimi başlayıb, sonra respublikaçılar tərəfə keçərək Nyu-Yorkun meri olub. Bu vəzifədə üç müddət ard-arda işlədikdən sonra ötən il yenidən demokratların sırasına qoşulub.

2016-cı ildə namizədliyi ilə bağlı söhbət çıxanda hamı yaxşı başa düşürdü ki, müasir ABŞ tarixində bitərəflər prezident seçkilərində qalib gələ bilməyib. Üstəlik, Blumberq düşünürdü ki, Nyu-Yorkdan olan milyarder bütün xalqın sevgisini qazana bilməyəcək. Lakin Blumberq bu ehtimalında yanıldı. Ağ evin yeni sahibi məhz Nyu-Yorkdan olan milyarder Donald Tramp oldu...

Milyarderlərin Ağ ev uğrunda savaşı

Ən şanslı namizədin ən zəif nöqtələri...

Blumberq prezident seçkilərində iştirakla bağlı fikrini həm də son olaylara görə dəyişə bilər. Bir neçə ay əvvəl belə qənaət yaranmışdı ki, Co Bayden demokrat namizədlər arasında ən güclüsüdür və onu heç kim üstələyə bilməyəcək. İndi isə məlum olur ki, Baydenin iki ciddi problemi var. Onlardan biri oğlu Hanterlə bağlı yaşadığı qalmaqaldır.

Bu qalmaqal Trampın Ukrayna prezidentinə çağırışından sonra üzə çıxdı. ABŞ lideri korrupsiya sxemlərində iştiraka görə həm oğul, həm ata Baydenə qarşı təhqiqatın başladılmasını tələb etdi. Düzdür, bu məsələyə görə Trampın öz durumu çətinləşdi. Amma digər tərəfdən də Baydenin nüfuzu xeyli zədələnmiş oldu. Nəticədə rəy sorğularında sürətlə geriləməyə başladı.

Keçmiş vitse-prezidentin üzləşdiyi ikinci ciddi problem seçki kampaniyası üçün pulunun qurtarmasıdır. Hazırda Baydenin kampaniya üçün cəmi 9 milyon dolları var. Məsələn, demokratlar arasındakı əsas rəqiblərindən olan Berni Sandersin 33,7, Elizabet Uorrenin isə 25,7 milyon dolları var. Trampda məbləğ xeyli böyükdür - 83,2 milyon dollar. Maddi baxımdan Trampla yalnız Blumberq rəqabət apara bilər. Və ola bilsin ki, milyarderi seçkidə qələbəyə ümidləndirən məqamlardan biri də budur.

Berni Sanders və Elizabet Uorren maliyyə problemi yaşamasalar da, bir sıra sorğular onların əsas ştatlarda Donald Trampa uduzacaqlarını ortaya qoyur. Bu namizədlər demokrat seçiciləri arasında sosialist şüarları hesabına populyarlıq qazansalar da, radikal solçu baxışları ümumxalq səsverməsində onların əleyhinə işləyəcək.

Milyarderlərin Ağ ev uğrunda savaşı

Blumberqin seçkidə iştirak planından xəbər tutan rəqibləri onu bu fikrindən daşındırmaq üçün dərhal hərəkətə keçdilər. Məsələn, Uorren ona tövsiyə etdi ki, prezident seçiləcəyi təqdirdə sərvətinə görə nə qədər vergi ödəməli olacağını hesablasın və bu riski gözə alsın.

Dünyanın ən varlı 9-cu adamı

Dünyanın ən uğurlu özəl şirkətləri arasında 34-cü yerdə olan “Bloomberg LP” (maliyyə bazarlarının peşəkar iştirakçıları üçün informasiya təchizatçısı və ABŞ-da aparıcı media qurumlarından biridir) 1981-ci ildə Maykl Blumberq tərəfindən təsis edilib. Hazırda şirkətin səhmlərinin 88 faizi milyarderə məxsusdur.

Dünyanın ən varlı on insandan biri olan Blumberq yüksək titulları sevmir. Məsələn, vizit kartında sadəcə adı, telefonu və elektron poçtu göstərilir. Dediyinə görə, işçiləri onsuz da kimə işlədiklərini yaxşı bilirlər. Blumberqə xeyli sayda siyasi texnoloq, ictimai rəyi öyrənən mütəxəssis işləyir ki, bu da seçkidə ona xeyli dəstək ola bilər.

Blumberq hələ bir il əvvəl bildirmişdi ki, 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürsə, böyük ehtimalla, “Bloomberg LP” şirkətini satacaq. Və ya maraqların toqquşmasının qarşısını almaq üçün şirkəti etibarlı bir şəxsə həvalə edəcək. Məşhur maqnat seçkiyə qatılmaq qərarı verəndən sonra bu barədə heç bir açıqlama verməyib.

Maykl Blumberq həm də odlu silahdan istifadə ilə baş verən zorakılıqlara qarşı kampaniyaların əsas dəstəkçilərindəndir. Demokratların Virciniyadakı son seçkilərdə əhəmiyyətli qələbəsində bu məqamın və şəxsən Blumberqin rolunun böyük olduğu deyilir. Son 26 ildə ilk dəfə partiya parlament üzərində tam nəzarət imkanı qazandı ki, bu da Tramp üçün həyəcan təbili demək idi.

Maykl Blumberqin sərvəti Trampın sərvətindən 17 dəfə çoxdur. Üstəlik, Ağ evin hazırkı rəhbərindən fərqli olaraq Blumberq həm də çox böyük xeyriyyəçidir və ölümündən sonra sərvətinin yarısının xeyriyyəyə ayrılmasını vəsiyyət edib...

Tərcümə Mediapost.az-a məxsusdur

Xəbərlər departamenti

Gündəm