MM-in komitə sədri: “Kinematoqrafiya haqqında” yeni qanun layihəsi hazırlanıb”
24.01.2023 15:38 Parlament

MM-in komitə sədri: “Kinematoqrafiya haqqında” yeni qanun layihəsi hazırlanıb”

“Kinematoqrafiya haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı hələ də iş gedir.

MediaPost xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, qanun layihəsi ilə bağlı spiker Sahibə Qafarovaya məruzə edilib:

“Yeni layihə ilə bağlı dinləmə keçiriləcək və bununla bağlı işçi qrupu da yaradılacaq. Gələn təkliflər ümumiləşdirilərək bu sessiya müddətində tam çatmasa da, parlamentin növbəti payız sessiyasına salına bilər. Çünki bu sahədə həllini gözləyən çoxlu məsələlər var. Qanun layihəsi gələcəyin çağırışlarına cavab verən səviyyədə olmalıdır”.

Q.Paşayeva bildirib ki, yeni qanun layihəsi ilə bağlı mədəniyyət nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Adil Kərimli ilə geniş müzakirə aparılıb: “Qanun layihəsi Mədəniyyət Nazirliyi ilə ortaq şəkildə hazırlanıb. Nazirlik yeni qanun layihəsinin qəbuluna müsbət yanaşır. İlk olaraq parlamentdə yaradıcı təşkilatların mütəxəssislərinin iştirakı ilə dinləmə keçiriləcək. Milli Məclisin sədri Sahibə Qafarova da dinləmənin keçirilməsini dəstəkləyib. Dinləmələrlə əlaqəli işçi qrup da yaradılacaq. Yeni layihə dinləmədən sonra komitənin müzakirəsinə çıxarılacaq. Ümid edirik ki, yaz sessiyasında qanun layihəsi plenar iclasa tövsiyə oluna biləcək”.

Xəbərlər departamenti

Gündəm