MSK-nın yekun qərarı hələ son deyil - AÇIQLAMA
28.02.2020 09:45 Fikirlər

MSK-nın yekun qərarı hələ son deyil - AÇIQLAMA

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin nəticələri ilə bağlı yekun protokolu 25 fevralda Konstitusiya Məhkəməsinə göndərib. Məhkəmə isə 10 gün ərzində dairələr üzrə araşdırmaları başa çatdırmalıdır. Bu məqamda maraq doğuran məsələlərdən biri də məhkəmənin hər hansı dairəni ləğv edib-etməyəcəyi ilə bağlıdır.

Məsələ ilə bağlı “MediaPost”a danışan hüquqşünas Akif Qurbanov bildirib ki, Konstutusiya Məhkəməsi sənədlərin araşdırılması zamanı pozuntular aşkarlaya bilər:

“Məhkəmə MSK-nın qərarından Apellyasiya və ya Ali Məhkəməyə edilən şikayətlərə də baxacaq. Məhkəmə məntəqələri ləğv olunan dairələrdə daha bir neçə məntəqə üzrə pozuntu taparsa və bu, məntəqələrin ümumi sayının 5-də ikisini əhatə edərsə, dairə ləğv oluna bilər. Konstitusiya Məhkəməsi araşdırmasında aşkarladığı pozuntulara görə istənilən dairəni ləğv edə bilər”.

Ekspertin sözlərinə görə Məhkəmə həmçinin heç bir məntəqəsi ləğv edilməmiş dairələrin də nəticəsini etibarsız saya bilər:

“Hətta hər hansı bir məntəqəsi ləğv olunmayan seçki dairəsi üzrə də araşdırma zamanı pozuntu aşkarlanarsa, məhkəmə onu ləğv etmək səlahiyyətinə sahibdir. Konstitusiya Məhkəməsi bu məsələdə ən son ali instansiyadır”.

Xatırladaq ki, Milli Məclisə növbədənkənar seçkilərin nəticələri ilə bağlı MSK-nın iclaslarında şikayətlərin aşardırılması nəticəsində 80 saylı İmişli-Beyləqan, 74 saylı Lənkəran kənd, 35 saylı Xətai üçüncü və 33 saylı Xətai birinci seçki dairələrinin nəticələrini ləğv edib. Qurumun qərarı ilə bəzi dairələrin məntəqələrində nəticələr etibarsız sayılıb.

Xəbərlər departamenti

Gündəm