Mübariz ruhumuz heç vaxt sönməyəcək - MƏQALƏ
16.04.2020 14:45 Fikirlər

Mübariz ruhumuz heç vaxt sönməyəcək - MƏQALƏ

“Mediapost” məqaləni təqdim edir:

Bütün dünyanın bəlasına çevrilən və minlərlə insanın amansız ölümünə səbəb olan koronavirus infeksiyası sanki bütün insanların təmsil olunduğu dövlətlə qarşılıqlı münasibət sferasında bir sınaq yaratmışdır. Bəşəriyyət hələ məlhəmi tapılmayan pandemiya məngənəsində elə sıxılır ki, bir-birinə kor baxan dövlətlər də daxilən bir təmizlənmə testinə ehtiyac duyurlar. Bəzi dövlətlər sanki ölümlə əlbəyaxa savaşdadır. Doğma Azərbaycanımız isə həmişə olduğu kimi öz başucalığını, humanist mövqeyini və xalqımıza bağlı sarsılmaz sadiqliyini nümayiş etdirməkdədir. Qalibiyyətli addımları ilə seçilən ədalətli siyasətimiz pandemiya sınağında da öz haqlı səsi ilə ali bəşər dəyərlərini hifz edir.

Mən bir müharibə veteranı olaraq fəxr hissi keçirirəm ki, pandemiyanın doğurduğu min bir təhlükəli anlara, əlacı çətinliklə tapılmyan koronavirus infeksiyasına qarşı xəstəliyin yayıldığı gündən etibarən dövlətimiz çox ayıq-sayıq tərzdə ciddi mübarizə və müdafiə tədbirlərinə başladı. Karantin rejimi vaxtında elan edildi. Gerçək bir şəkildə sübut olundu ki, həqiqətən dövlətimizin ən böyük qüdrəti xalqımızdır. Xalqımızın da ən güclü dayağı dövlətimizdir. Bu xoş münasibət bizə daha böyük töhfələr bəxş edəcək.

Mübariz ruhumuz heç vaxt sönməyəcək - MƏQALƏ

Pandemiya ilə bağlı elan edilən karantin rejimi bizi qaynar həyatımızdan təcrid etsə də, ruhumuz həmişəki mübariz bir ruhdadır. Həm də sevinirik ki, dövlətimiz hər an bizim yanımızdadır. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, doğma vətənimizin müstəqilliyi uğrunda canını fəda etmiş müqəddəs ruhlu şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi, eləcə də Müdafiə Nazirliyi tərəfindən müntəzəm surətdə xüsusi diqqət və qayğı göstərilir. Yəni bu davamlı münasibət həm də çox yanımcıl bir münasibətdir. Vaxtaşırı şəhid ailələrinin problemləri öyrənilir və dərhal əlac tapılır.

Sosial şəbəkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimini nəzərə alaraq Müdafiə nazirinin göstərişinə əsasən hərbi qulluqçu ailələrinə növbəti dəfə ünvanlı yardımın çatdırılması barədə videoçarxı izləyərkən çox sevindim. Bu, xalq və dövlət birliyinin çox bariz bir təzahürüdür. Müvafiq plan əsasında Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında qablaşdırılan zəruri ərzaq məhsulları şəhidlərimizin ailələrinə, müharibə veteranlarına və əlillərə təqdim olunur. Həmçinin qeyd edilir ki, bu kateqoriyadan olan şəxslərin müəyyən edilərək onlara yardım edilməsi istiqamətində işlər hələ davam etdiriləcəkdir.

Ulu Tanrımızın möhtəşəm möcüzələrindən biri odur ki, bizi möhkəm ürəkli etmişdir. Biz istənilən çətinliyə sinə gərməyi bacaran xalqıq. Təbii fəlakətlər, canüzücü epidemiyalar, habelə qonşu xəyanəti qarşısında aciz deyilik. Mübariz ruhumuz heç vaxt sönməyəcək. İnşallah, bütün döyüşlərdə öz qalib sözümüzü deyə biləcəyik...

Xəbərlər departamenti

Gündəm