Müəllimin hər könüldə yeri varmı?
21.12.2019 09:20 Fikirlər

Müəllimin hər könüldə yeri varmı?

Bəlkə də elə bu saat hardasa bir ortastatistik məmur belə səslənir:

  • Bü gün biz müəllimlərə böyük hörmət, izzət və dəyər veririk.
  • Müəllimlərin qədrini bilməliyik, onlar bizim baştacımızdır, onlar olmasa burada olmazdıq. (təkrar alqışlar)

(alqışlar eşidilir)

Danışan şəxs çıxışını bitirir, kürsüdən düşür, parıltılı kostyumundakı qalstukunu bir az açıb rahatlanır və son model maşınına minib gedir. Ordakı müəllim də hansı ildə aldığını yadından çıxardığı pencəyini geyinib gedir stansiyaya; Oturmağa yer tapmadığı avtobusunu gözləməyə...

Bəzən böyük-böyük danışırıq. Danışırlar. Belə danışmağı xoşlayırlar. Ya da buna ehtiyac duyurlar. Eləsi var ki, mövcud olan bir şeyi daha böyük göstərməyə çalışır, eləsi var ancaq ağı deyir, eləsi var ancaq qaranı. Bəziləri isə lap ağını çıxarıb ümumiyyətlə olmayan şeyləri deyir. Bütün bunlar ümumi olaraq “pafos” adlanır. “Pafos” sözü yunanca “ehtiras” mənasına gəlir. Şövqə, vəcdə gəlib çıxış etmək və s. kimi izah edilir. Ola bilər elə bir məqam və yer olar ki, bu lazımlı olar. Amma yeri gəldi, gəlmədi pafoslu danışmaq sözün həqiqi mənasında “bizim evimizi yıxdı”.

Müəyyən qisim müəllimin etdiyi səhv, saxtakarlıq, rüşvətxorluğu bütün müəllimlərə aid edərək hörmətsizlik edənlər var. Bəzi müəllimlər də bu vəziyyəti görüb aqressiv münasibət göstərir. Müəllimə hörmət tələb edir. Haqlıdırmı? Haqlıdır. Amma o müəllimin unutduğu ya da unutmağa “məcbur olduğu” bir məqam var: Bu hörmətsizliklərin səbəbkarı təkcə o müəllimlər deyil axı. Mən bu sözlərimlə rahiblik edib qətiyyən həmin tip müəllimlərin günahını yumuram. Amma onlardan daha çox günahkar olanları da nəzəri-diqqətinizə çatdırmaq istəyirəm. Müəllim təlim-tərbiyə ilə məşğul olmalı vaxtda ona qeyri-təlim işlərinə cəlb edənləri nəzərdə tuturam. Müəllimin sosial vəziyyətinin yaxşılaşdırmağa borclu olub amma bunu etməyənləri nəzərdə tuturam. Sovet ənənəsi ilə keçirilən pafoslu tədbirlərə lazım oldu-olmadı müəllimləri aparanları nəzərdə tuturam. Bu yerdə gahdan soruşa bilərsiz ki, bəyəm ziyalının ictimai tədbirlərdə iştirakı pisdi ki? Yox, pis deyil. Pis olan müəllimin dərs vaxtı dərsdən daha önəmli olmayan tədbirlərə aparılmasıdı.

Müəllim sinifdə şagirdlərlə dərsi keçən zaman onun beynində ikinci, hətta üçüncü iş yeri axtarma fikri varsa onda məsul idarəçilərin könlündə müəllimə yer olmasına şübhə edirəm. Könlündə müəllimə yeri olan gərək onu sosial problemlərin içində boğulan şəxsə çevirməsin. Gərək onu cəmiyyətin gözündən salacaq işə cəlb etməsin. Ya da həmin bu iş sahibi olanları müəllimlikdən uzaqlaşdırsın ki, heç olmaya sözündə səmimi olabilsin.

Gərək onu mükafatlandırarkən “xüsusi halları” nəzərə almasın. Və bütün bunlara qarşılıq da ondan yüksək iş tələb etsin.

Müəllimin nüfuzundan danışıb ona hər könüldə yer vermək istəyənlər heç bu dedikləri sözlərin mənasının fərqinə varırmı görəsən? Yoxsa onların heçmi günahı yoxdu? Bəzən onlar elə danışır ki, adam lap onlardan üzr istəmək istəyir ki, sizin heç günahınız yoxdu; bütün bu pis əməllərin günahkarı bizik!

Bu yerdə sual edə bilərsiz ki, bəyəm müəllimlərin heç günahı yoxdu? Var, yoxdu demirik ki!

Problemin digər tərəfi elə bunlara bəzən şərait yaradan elə müəllimlər olur. Sanki hansı yolla olursa olsun hər hansı bir ad, mükafat qazanmağı normal hal sayır. Hətta normal yox, fəxr sayır. Belə olanda da o mükafatın dəyəri cəmiyyətin gözündən düşür. Hətta ona layiq olan müəllimlərə veriləndə də dəyər görmür.

Həmin müəllim özü ədalətdən, obyektivlikdən danışır, otaqdan çıxandan sonra isə işsiz olan övladını rüşvət verib vəzifəyə qoydurmaq haqqında düşünür.

Əlbəttə ki, bu siyahını çox davam etdirmək olar. Lap elə zəhləniz tökülənə qədər. Amma bu qədəri kafidir ki, vəziyyəti anlayaq. Və bütün bu hallar nə qədər ki var, elə o qədər də müəllimin hər könüldə yeri olması sözü pafos olmaqdan o tərəfə keçməz, keçə bilməz. Ya da ən azından bəzilərinin dilindən bu sözləri eşitmək sadəcə və sadəcə pafos adlanar!

Bəlkə də müəllimə hər könüldə yer olardı, Bəlkə də bu yer var xəbərimiz yox...

Həbib Əlizadə, xüsusi olaraq Mediapost.az üçün

Xəbərlər departamenti

Gündəm