Müharibə ayrı, pul qazanmaq ayrı – Ermənistanda məmurlar müharibəni yox, gəlirlərini düşünürlər
03.11.2020 17:53 Siyasət

Müharibə ayrı, pul qazanmaq ayrı – Ermənistanda məmurlar müharibəni yox, gəlirlərini düşünürlər

Ermənistandakı real vəziyyət – pandemiya, müharibə, ölkənin çökən iqtisadiyyatı hamıya məlumdur. Amma məmurları ölkə büdcəsinin özü yox, 2021-ci ildə onlara ayrılacaq premiya (mükafat) maraqlandırır.

“Mənə pullarımı istədiyim kimi xərcləməyə icazə verəcəksiniz?” – bunu Ermənistanın Maliyyə naziri Atom Cancuqazyan deyib.
Ermənistanın gələn il üçün dövlət büdcəsinin müzakirəsi İlya İlf və Yevgeni Petrovun romanı əsasında çəkilmiş “12 stul” filmindən bir səhnəni xatırladır. Meçnikov Ostap Benderlə “bazarlıq” edərkən deyir: “Səhər pul, axşam stullar. Əksi mümkündürmü? – Bəli, amma, əvvəlcə pullar”.

Hazırkı məqamda Meçnikovun yerində Ermənistanın Maliyyə naziridir və o, jurnalistlərin suallarından yayına bilir. 
“Hələ ki, gündəmdə bir problemimiz yoxdur, amma nəyə yenidən baxılacağını və siyasətin dəyişib-dəyişməyəcəyini bilmirik” – nazir Atom Cancuqazyan büdcə vəsaitləri ilə bağlı suala bu cavabı verib. 

2021-ci il dövlət büdcəsinə yenidən baxılması ehtimalı barədə suala cavabında “xərclər yalnız pul və rəqəmlər deyil, bu, bütün sahələrdə siyasətdir” deyib. 
Onu da qeyd edək ki, gələn ilin büdcəsində erməni məmurlar üçün 18 milyard 825 milyon dram ayrılıb ki, bu da cari illə müqayisədə 21 faiz çoxdur. 

Jurnalistin mükafatlar üçün nəzərdə tutulan məbləğin ordunun hesabına köçürülmə mümkünlüyü barədə sualına Cancuqazyan zarafatla cavab verib və təşəbbüsü “seçki öncəsi nitq”lə müqayisə edib. 

Bundan əlavə, nazir adi bir suala cavab verməkdən də imtina edib. “Sentyabr ayında bütün nazirlərmi premiya alıblar?” sualına isə hamının əvəzinə cavab verə bilməyəcəyini deyib və sualı cavablandırmaqdan imtina edib. 

Heç kimə sirr deyil ki, erməni siyasətçilər mükafatları ilə bağlı hər şeyi gizlətməyə çalışırlar. Ona görə də nazir gəlirləri ilə bağlı sualdan yayınmağa çalışıb. O, qanun tələb edəndə gəlir deklarasiyası təqdim edəcəyini deyib. “Mənə pullarımı istədiyim kimi xərcləməyə icazə verəcəksiniz?” – nazir əlavə edib. 

Görünür, müharibə, pandemiya və s. səbəbdən məmurların gəlirlərilə bağlı açıqlama verməsi uyğun hesab olunmur. Erməni nazirin dediklərini ümumiləşdirəndə belə çıxır ki, onları bütün hallarda mükafatlandırmaq, həvəsləndirmək, nazları ilə oynamaq lazımdır. Hətta ölkə müharibə vəziyyətində olsa belə.

“MediaPost” olaraq, bu haqda dəfələrlə yazmış, erməni məmurların cəbhədə ölən həmvətənlərini belə düşünmədiklərini faktlarla bildirmişik. 

Xatırladaq ki, bu nazirdən əvvəl Əmək və sosial işlər naziri Zauri Batoyan dövlət büdcəsindən aldığı mükafatlara görə tənqid atəşinə tutulub. Bu barədə “Ermənistanda qaçqınlara ayrılmayan pullar məmurların cibinə gedir” başlıqlı yazıda bəhs etmişik. 
 

Xəbərlər şöbəsi

Gündəm