“Müqavimət göstərənlər zərərsizləşdiriləcək” - ŞƏRH
22.09.2023 17:30 Siyasət

“Müqavimət göstərənlər zərərsizləşdiriləcək” - ŞƏRH

Bakı silahlarını təhvil verən Qarabağ sakinləri üçün amnistiya imkanlarını nəzərdən keçirir. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O əlavə edib ki, hazırda bəzi ayrı-ayrı qruplar və zabitlər Azərbaycanın şərtlərini qəbul etməyəcəklərini və müqavimət göstərməkdə davam edəcəklərini açıqlayırlar.

Bəs görəsən, bu halda Azərbaycan hansı addımları atmalıdır?

Mövzunu “MediaPost”a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan antiterror əməliyyatını uğurla həyata keçirdi və separatçılar təslim oldu: “Onların Yevlaxa gəlməsi bunu bir daha sübut edir. Çünki antiterror əməliyyatından öncə separatçılar görüşə gəlmirdilər və bizimlə şərtlə danışırdılar. İndi isə vəziyyət tamamilə fərqlidir.

alt text

Separatçılar demək olar ki, iflas edib, onların qondarma “Müdafiə Nazirliyi” ləğv olunub. Xankəndi yaxınlığında separatizmin simvolu olan “tank”ın götürülməsi onlar üçün psixoloji zərbədir. Azərbaycan bütövlükdə Qarabağa tam nəzarət edir. Həm vizual, həm texniki, həm də hərbi cəhətdən bu, belədir. Bütün strateji nöqtələr bizim nəzarətimizdədir”.

Politoloqun sözlərinə görə, bəzi quldur dəstələrinin müqavimət göstərməsi mükündür: “Amma Azərbaycan onların zərərsizləşdirilməsi istiqamətində ciddi iş aparacaq. Çünki rəsmi Bakı texniki müşahidə vasitələri ilə əraziyə nəzarət edə bilir. Bundan sonra reinteqrasiya prosesi başlayacaq. Silahlı erməni birləşmələri tərksilah edilir. Silahlarını təhvil verənlərə amnistiya tətbiq olunacaq. Onalrın ölkədən çıxışına icazə veriləcək. Amma müqavimət göstərənlər zərərsizləşdiriləcək”.

Müşviq Tofiqoğlu

Gündəm