Narahat olmayın, sizi sevirlər!
16.01.2020 10:58 Fikirlər

Narahat olmayın, sizi sevirlər!

Hamımız ordan çıxmışıq. Bələkdən, kiminsə qoltuğundan, Feysbukdan yox a, ağır və cəfalı uşaqlığımızdan. Uşaqlığını təbəssümlə xatırlayanlar bir növ kimi artıq məhv olub. Kimisi çörək növbələrini, kimisi soyuq sinif otaqlarını, əksəriyyəti isə geyə bilmədiklərini və yeyə bilmədiklərini xatırlayır. Sonuncu dünya savaşını xatırlayanlar ölüb getdikcə bir salamat futbol topu, ya da isti ponçik üçün sevinc keçirən canlı insan xatirələrini də özüylə aparır. Sosial şəbəkələri bir tədqiqatçı gözüylə soyuqqanlı izləsək orda uşaqlıq travması keçirmiş, onun sevgi payını əsirgəmiş valideylərinin “qurbanı” olmuş, diqqətsizlikdən “ölən” və bunu el içində fasiləsiz bölüşən, zarıyan, inildəyən “poster”lər ordusunu görərik. Hara əlini atırsan hər yerdə sətirlər arası bir insan dramı göstərilir.

Sosial şəbəkədə dolaşan obrazlar o qədər oxşardır ki, onları hətta qruplaşdırmaq da olardı. Məsələn, götürək Sevinc adlı (ad şərtidir) bir qızı. Mehriban, qanışirin bir qızdır, pişikləri və bütün xırda heyvanları sevir. Amma onun böyük bir dərdi var, anası qəddardır, özü də bir tək ona qarşı. Özü də nağıllardakı kimi analığı yox a, qanıbir doğma anası bu qıza zülm verir. Bu qız da dözür, cavab qaytarmır, dərdini yalnız Feysbuka danışır. Hamı onun paylaşmalarını görüb dərdinə şərik çıxır, “layk”ını, emosiya dolu şərhləri, ağlayan smayliklərini əsirgəmir. Bu qız abstrakt şəkildə zarımır, dərdini anasıyla apardığı mesajların skrinini paylaşmaqla təsdiqləyir. Bu söhbətlər dəhşət saçır!!! Qız anasından parça gəlinciklər istəyir, axı “feys”də o qədər əl işi paylaşırlar ki... Özüyçün deyil (axı artıq 49 yaşı var), uşağı üçün istəyir. Belə də nənə olar, nəvəsinə bir parça qırığından kukla tikməsin. Satılan gəlinciklər bahadı, almaq olmur. Anası heç cür yola gəlmir, gözünün görmədiyini, əllərinin əsdiyini bəhanə gətirir, əlbəttə ki, yalandan. Falloverlər bu misraları oxuyub hiddətlənir, şərh şərh dalıyca gəlir. Bu “abırsız” nənəni yalandan gözünə saldığı eynəyindən tutub bütün Feysbuk əhli qabağında sürüyürlər...

Atadan çəkən kişi obrazları da var, onları Məmməd adlandıraq. Haradasa 40 yaşları olar. Evlidir, özünün bir cüt balası var, üstəlik, kreditə götürdüyü “Ford Focus”u, çox yox, cəmi 200 kvadratlıq ipotekalı evi, bu gün sabah gəlir gətirəcək kiçik biznesi də var. Onun zəif yeri atasıdır. Uşaq olarkən anasıyla boşansalar da atası futbola, gəzməyə aparır, hətta başını da sığallayırdı. Amma nəsə bu məsələdə ürək qızdırmır da. Üstəlik, anasının həyatını məhv elədiyini bu kişiyə bağışlaya bilmir. Arabir mənəvi kompensasiya kimi biznesini dəstəkləməyi, ya da heç olmasa maşının kreditini ödəməyi təklif eləsə də, tərs kişi iki ayağını bir başmağa dirəyib “pulum yoxdu axı” deyir. Buna bax, özünə təzə diş protezi ala bilir, oğluna çatanda “yoxdur” deyir?! Bu tip postlar səhifələrdə parlayan kimi “dərdlilər” ordusu ürəyinin çirkabını tökür bu yazıq atanın üstünə.

Səhifələrdə yaşı keçmiş, ərə gedə bilməyən qızların zarımasından dayanmaq mümkün deyil. Lalə, ya Nərgiz deyək ona, anasıyla yaşayır. Ana isə paxıllığından şəxsi həyatını qurmağa qoymur. Qabağına bir oğlan çıxan kimi gah eybəcərdi, ya axmaqdı, kasıbdı, ya da qoroskopla düz gəlməzsiz deyib məsələyə bir qulp qoyur. Lalələrimiz, nərgizlərimiz çox oxuyan olduqlarına görə analarının psixoloji durumunu anlayır, amma sözünün qabağına söz qoya bilmirlər (uşaqlıqda anası üstünə çox çığıran uşaqlarda psixoloji sıxıntılar olar, bunu bilirsiniz də...). Sosial şəbəkədə fikir paylaşıb camaatdan soruşur: Köçüb tək yaşasam və dzen enerjisini böyütməyə çalışsam, anamın təzyiqinə davam gətirə bilərəmmi? Şərhlərin ucu-bucağı görünmür: “Axı necə köçə bilər, işləmir yazıq qız”, “Necə işləsin, axı depressiyası var”, “Necə bilirsiniz, qaniçən ananın iki otaqlı mənzildə tək yaşaması haqsızlıq deyilmi? Qızı onun bunun küncünə sığınacaq...”. Qəhrəmanımız qaxılıb evdə anasının yanında qalmağa, anasının aldığı kompüterdə şərhlər yazmağa və hər dəfə peyda olan təzə namizədə yalnız mesaj yazmağa (danışmağa qoymurlar axı) məhkumdur. O, bu evdə anasına göz dağı kimi oturub onun acığına qarıyacaq.

Bu ümumləşdirilmiş obrazlara acımaq da olardı, hətta başlarını sığallayıb təskinlik vermək də. Çünki bunların sevgi payı nədənsə az düşüb, ya da sevgini görə bilməyiblər. O üzdən zarıyan və şikayətlənən hər kəsi yaşından asılı olmayaraq qucaqlayıb “Narahat olmayın, sizi sevirlər!” deməyimiz lazımdı. Bunu fakt kimi də qəbul edə bilərsiniz, valideynlərin əksəriyyəti öz uşağını böyük məhəbbətlə sevir. Sevməyənlərə isə xəstə kimi baxa da bilərik, axı onun beyninə kifayət qədər oksiton maddəsi yetişməyib. Bəs yerdə qalan bəxtsiz valideynə nankor uşaqları niyə bu qədər irad səsləndirir? Bəyəm bu narazı övladlar bu günün rahat həyatını Orta Əsr dəhşətləri ilə özü müqayisə edə bilməzmi? Oxuyurlar, öyrənirlər, bilik artdıqca irad və təkəbbür də artır. Dərslərini özü edən, özü-özünü əyləndirən, sərt cəzalanan, milislə, xortdanla qorxudulan, həyətdə özü gəzən, mağazaya gedən uşaqlar barədə heç eşitməyiblər bəyəm? Bu da bir faktdır, ovuc içində böyüyən uşaqlar çox eqoist olur və müstəqilləşən kimi ilk zərbəni öz valideynlərinə vurur. Bu uşaqlara bədii ədəbiyyatdan taleyi ağır uşaqlar, kozettalar, qavroşlar, fosforlu cevriyyələr, tamillalar, kibrit çöpüylə qızınan balaca qızlar barədə yüzlərlə roman və hekayələr oxumaq da olardı. Kömək edəcəkmi?! Ürəklərdən asılan buz parçası əriyəcəkmi?!

Etiraf edək, bizdə 18-dən sonra uşağına azadlıq verməyi sevmirlər. Gənclik çox vaxt 20-25 yaşda bitir, azadlıq isə ailə qurandan sonra başlayır. Həyatını bu interval arası quraşdıra bilməyənlərin problemi daha çox olur. Amma müstəqillik üçün bu qədər təşnə yaşayanlar bilməlidir ki, azadlıq valideyn evini tərk edəndə deyil, bütün iradları bağışlayandan, problemləri həll edəndən və nəhayət sevdiklərini sevmədiklərindən ayırandan sonra başlayır. Əgər bilsəydiniz, ana-atanın ürəyində nə qədər inciklikləri var... Onda kimsə öz xırda iradlarına görə səsini çıxarmazdı.

Nəsillər arası münaqişə həmişə olub və bunu aradan götürmək bəlkə də cəmiyyətin inkişafını əngəlləməkdir. Valideynləri bağışlamaq lazımdı! Sizi lazım olduğundan artıq sevdiyinə, həyatını öz həyatının parçası saydığına, sizin probleminizi özününkü kimi həll etməyə çalışdığına görə onlar nə vaxtsa azad edilməlidir. Valideyn də insandır! O, əbədi deyil. Özünü uşağı uğrunda yandıranlar lap tez sıradan çıxır. Onlar inanır ki, günahları yoxdur deyən bağışlanmağa ehtiyac da yoxdur. Həddini aşan da var, insanlıqdan çıxan da. Amma onların hərəsindən cəmi bir dənə olur. Dövrün ən böyük münaqişəsi sayılan atalar və balalar probleminin tən ortasında olmaq bəlkə kiminsə həyatına rəng qatır. Həyat qəlizdir, valideyni ilə münaqişədə olan adamın bədəninin bir hissəsi yerdə qalan hissəsi ilə dalaşırmış kimidir. O heç vaxt sağlam və xoşbəxt ola bilməyəcək. Valideynləri bağışlamaq və kağızdan qurulmuş gəmini suya buraxdığın qədər ehmallıca buraxmaq lazımdır. Kimdəsə bağışlamaq alınmırsa, sadəcə buraxın...

P.S. Şəxsən mən cəmi 29 yaşında olanda məni tərk edib problemlərlə başbaşa qoyaraq ölən anamı bağışlaya bilməmişəm. Amma çalışıram...

"MediaPost"

Xəbərlər departamenti

Gündəm