Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib"
10.05.2021 18:51 Prezident

Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib"

“Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında bu obyektlərin böyük önəmi var. Çünki hərbçilərin indi xidmət şəraiti yaxşılaşır, yeni hərbi hissələr tikilir”.

"MediaPost"un xəbərinə görə, bunu prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində “Bu gün, eyni zamanda, hərbi aerodromun və hərbi hospitalın açılışı oldu. Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin olunmasında bu iki obyektin fəaliyyətə başlamasını necə qiymətləndirirsiniz?” sualının cavabında deyib.

Prezident qeyd edib ki, son illər ərzində Naxçıvanda demək olar ki, bütün hərbi hissələr yenidən qurulub və olmayan bir çox hissələr yaradılıb: “Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı da əlamətdar hadisədir. Çünki bu, Naxçıvan Muxtar Respublikasının ən böyük tibb müəssisəsidir, çarpayıların sayına görə Mərkəzi Xəstəxanadan da böyükdür. Eyni zamanda, hərbi aerodromun açılması Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində xüsusi yer tutur.

Ümumiyyətlə, deyə bilərəm ki, Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib. Təsadüfi deyil ki, mənim göstərişimlə Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmışdır və ordu ən müasir silah və texnika ilə təchiz edilmişdir. Bu gün Naxçıvan ordusunda olan hərbi texnika deyə bilərəm ki, bəlkə də bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Deyə bilərəm ki, bütövlükdə Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur".

Xəbərlər departamenti

Gündəm