Nazir: "Yeni iş yerlərinin yaradılması tədbirləri davam etdiriləcək"
16.01.2020 10:16 İqtisadiyyat

Nazir: "Yeni iş yerlərinin yaradılması tədbirləri davam etdiriləcək"

“MediaPost” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, görülmüş işlər nəticəsində əhalinin gəlirlərinin nominal artımı 7,4 faiz təşkil edib və 2,8 faizə bərabər olan orta illik inflyasiyanı üstələyib:

"Bundan başqa, orta aylıq əmək haqqının artım tempi 16,4 faiz təşkil edərək əhalinin gəlirlərinin artım tempini üstələyib. Bu, həm əmək haqlarının artırılması, həm dəəmək bazarında işəgötürənlərlə işçilər arasında münasibətlərin leqallaşması ilə əlaqədardır".

Onun sözlərinə görə, məşğulluğun artırılması, əhalinin sosial təminatı da əsas məsələdir. İqtisadi və sosial prioritetlər uzlaşdırılmalıdır: "Yeni iş yerlərinin yaradılması tədbirləri davam etdiriləcək. İnsan kapitalının iqtisadiyyatda rolunun artırılması üçün təhsilə investisiyaların artırılması, icbari tibbi sığortaya əlçatanlığın artırılması qarşıdakı məqsədlərdəndir".

Mikayıl Cabbarov qeyd edib ki, 2019-cu ildə Azərbaycanda ÜDM-in real artımı 2,2%, qeyri-neft sektorunda isə 3,5% təşkil edib.

“MediaPost”

Xəbərlər departamenti

Gündəm