Nəhəng təyyarələr erası başa çatır
03.08.2020 11:33 Gündəm Cəmiyyət

Nəhəng təyyarələr erası başa çatır - FOTOLAR

Koronavirus ABŞ prezidentlərinin "bir nömrə"sini necə sıradan çıxardı?

Koronavirus pandemiyasının yayılmasını önləmək üçün hökumətlərin tətbiq etdiyi səyahət məhdudiyyətləri aviaşirkətləri dərin böhranla üz-üzə qoyub. Artıq tək əməkdaşlar deyil, təyyarələr də "ixtisara" düşməyə başlayır. Bu günlərdə məlum olub ki, ABŞ-ın məşhur "Boeing" aviakonserni 2022-ci ildə əfsanəvi "Jumbo Jet" ("Boeing 747") təyyarələrinin istehsalını dayandıracaq. Bu barədə şirkətin rəhbəri Deyv Kelxun məlumat verib. Kelxun bildirib ki, qərarın qəbuluna pandemiyaya görə uçuşlara olan tələbatın azalması səbəb olub. 

"MediaPost" xəbər verir ki, ötən illər ərzində nəhəng "Boeing 747" həm özəl layner, həm də dövlət təyyarəsi kimi istifadə olunub. Onu tez-tez "Jumbo Jet" və ya sadəcə "747" adlandırırlar. Dünyadakı ilk uzunmənzilli, ikigöyərtəli, geniş gövdəli bu sərnişin təyyarəsinin dörd mühərriki var. ABŞ hökuməti məhz bu təyyarəni "bir nömrəli göyərtə" ("Air Force One") kimi istifadə edir. Eyni zamanda, başqa ölklərin liderləri və böyük şirkətlərin rəhbərləri də bu təyyarələrə üstünlük verirlər. Əslində Deyv Kelxun məlum açıqlaması isə aviasiya sənayesində nəhəng təyyarələr erasının başa çatdığının anonsunu vermiş olub.

TARİXİ

"Boeing 747" təyyarəsi ilk dəfə 1969-cu ildə havaya qalxıb. Mülki aviasiya sürətlə inkişaf etməyə başlayanda böyük tutumlu təyyarələrə ehtiyac yaranmışdı. Bu səbəbdən 1964-cü ildə "EXperimental- Heavy Logistics System" (CX-HLS) adlı təyyarəyə tələbləri müəyyən edən müsabiqə elan olundu. "Boeing", "Douglas", "General Dynamics", "Lockheed", "Martin Marietta" müsabiqədə iştirak etmək istəklərini bəyan etdilər.

Belə bir fundamental layihə üçün yüksək gücə malik olan və daha az yanacaq sərfiyyatı olan yeni mühərriklər tələb olunurdu. "General Electric", "Curtiss-Wright", "Pratt & Whitney" mühərriklərin dizaynı və istehsalı üçün təkliflərini verdilər. Yekunda təyyarənin hazırlanması üçün "Boeing", "Duglas" və "Lockheed" dəvət edildi. Mühərrik üçün isə "General Electric" və "Pratt & Whitney" uyğun hesab olundu. 

Dörd illik əziyyətdən sonra 20235. 26 seriya nömrəsi ilə "Boeing 747-100" təqdim edildi. İlk uçuş 1969-cu il fevralın 9-da yerli vaxtla 11: 34-də "Paine Field" hava limanından reallaşdı. İlk pilotları Cek Vaddel və Brayn Uayql, sınaq mühəndisi isə Ses Uallik oldu. 

Sınaq uçuşlarında iştirak edən nümunələr heç vaxt hava yolları şirkətlərinə satılmadı. Sonradan yeni mühərrikləri (Trent 800) sınaqdan keçirmək daxil olmaqla, müxtəlif tədqiqatlar üçün istifadə olundu. 

"747"nin seriyalı istehsalına 1979-cu ildə başlanıldı. İlk seriyalı "B-747-100" 490 sərnişin daşımaq imkanında idi.

img

VƏZİYYƏT 2024-DƏN TEZ DÜZƏLMƏYƏCƏK

Uzun illər - 2007-ci ildə rəqibi "Airbus A380"in gəlişinə qədər "Boeing 747" dünyanın ən böyük və ən uzunmənzilli təyyarəsi olaraq qaldı. Bu təyyarədə sərnişin oturacaqlarının sayı 600-dən çoxdur.

Əslində son illərdə yanacaq xərclərinin artması səbəbindən nəhəng təyyarələrin istifadəsi bir çox hava yolları şirkətləri üçün əlverişsiz olmuşdu. Dünya aviasiyasına tarixinin ən dərin böhranını yaşadan koronavirus pandemiyası isə vəziyyəti bir az da mürəkkəbləşdirdi. Və dünyanın ən böyük təyyarələrinin sonunu yaxınlaşdırdı. Məhz COVID-19 pandemiyasına görə,hava yolları şirkətləri uçuşların sayını kəskin şəkildə azaltmalı oldular.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) isə qlobal hava nəqliyyatı bazarının böhrandan əvvəlki səviyyəyə 2024-cü ildən tez qayıda bilməyəcəyini proqnozlaşdırıb: "Bu sahə tədricən bərpa olunmağa başlasa belə, insanlar göyrətəsində yüzlərlə sərnişinin olduğu təyyarələrdə uçmaq istəməyəcəklər. Belə bir ehtimal təəssüf ki, çox yüksəkdir".

Qurumun bəyanatından belə məlum olur ki, pandemiyanın gətirdiyi yeni şərtlər böyük təyyarələrin işini çətinləşdirəcək. İnsanlar sağlamlıqlarını riskə atmamaq üçün sərnişin sayı çox olan təyyarələrdən imtina edəcəklər. Bu isə o deməkdir ki, təcrid rejimi aradan qalxsa və uçuşlar bərpa olunsa belə, aviaşirkətlər hələ uzun müddət ayağa qalaxa bilməyəcəklər.

KENQURU İLƏ VİDA...

Səngimək bilməyən koronavirus dalğası fonunda son aylar getdikcə daha çox hava daşıyıcısı "Boeing 747"dən istifadə etməkdən imtina edib. Məsələn, iyulun 22-də "Boeing 747" təyyarəsi Avstraliyanın "Qantas" şirkəti ilə vida uçuşunu həyata keçirdi. QF7474 reysi ilə Sidneydən Los-Ancelesə uçan təyyarə Tasman dənizinin üzərindən keçərkən Avstraliyanın rəmzlərindən birinə və hava yollarının rəsmi gerbinə hörmət əlaməti olaraq səmada kenquru təsviri yaratdı.

Demək olar ki, eyni vaxtda Britaniya hava yolları şirkəti "British Airways" də "Boeing 747"dən imtina etdiyini açıqladı. Halbuki bu zamana qədər məlum təyyarənin xidmətlərindən ən çox istifadə edən şirkət idi.

Bundan əvvəl "British Airways" bu modelin bəzi təyyarələrini istismardan çıxartmış və onları daha müasir və qənaətli "Airbus A350" və "Boeing 787 ilə" əvəz etmişdi. Şirkət hesab edir ki, müasir ikimühərrikli təyyarələr yanacaq səmərəliliyində “Boeing 747”ni geridə qoyublar.

img

QƏFİL "AYRILIQ"...

"British Airways" "Boeing 747"nin istifadəsindən 2024-cü ilədək tamamilə imtina etməyi planlaşdırmışdı. Lakin koronavirus pandemiyasının acı nəticələri şirkəti planlarını dəyişməyə məcbur etdi.

"Qantas" və "British Airways" böyük təyyarələrin istifadəsindən imtina edən ilk aviakampaniyalar deyil. 2020-ci ilin yazında Britaniyanın "Virgin Atlantic" və Niderlandın KLM şirkəti də "Boeing 747" təyyarələrini istismardan çıxartmışdı. Beləliklə, hazırda bu modeldən dünyanın ən böyük təyyarə operatoru - Almaniyanın "Lufthansa" şirkəti istifadə edir. Şirkətin istifadəsində 30-a yaxın "Boeing 747" təyyarəsi var.

img

"Boeing 747" öz istehsalçısına pandemiyadan xeyli əvvəl də itkilər yaşatmışdı. Bu modelin son versiyası olan "Boeing 747-8" yalnız yük təyyarəsi olaraq istifadə olunur. Lakin tələbat azaldığından onun da istehsalı məhdudlaşdırılıb. Halbuki onun yenilənmiş versiyası VIP-təyyarə olaraq qiymətləndirilmiş və və yeni modifikasiyanın ilk nümunəsi Yaxın Şərqdəki kral ailəsinə göndərilmişdi.

PREZİDENT TƏYYARƏSİ

2016-cı ildən bu yana zavoddan yalnız altı "Boeing 747-8" təyyarəsi çıxıb. Üstəlik, şirkət onların hər birinə görə 40 milyon dollar itib. Eyni zamanda təyyarənin sərnişinlər üçün olan versiyası son dəfə 2017-ci ildə ABŞ prezidentinin ehtiyacları üçün sifariş edilib. Lakin istehsalının dayandırılmasından sonra ABŞ rəhbərliyinin "bir nömrəli göyərtə"dən daha iki ədəd alacağı güman edilir.

img

İlk "Air Force One" təyyarəsinin rəngi qırmızı-qızılı çalarlarda olub və Birləşmiş Ştatların 34-cü prezidenti Duayt Eyzenhauer üçün hazırlanıb. Sonradan prezident Con Kennedi rənglərin dəyişdirilərək ağ və göy olmasını istəyib. O vaxtdan bu cür rəng kombinasiyası qorunub saxlanılmaqdadır. Yeri gəlmişkən, ABŞ-da prezident təyyarələri üçün park Merilend ştatındakı hərbi bazanın anqarında yerləşir. Buradakı təyyarələr şifrəli sistemə, nüvə partlayışından yaranan elektromaqnit dağlaları önləmək xüsusiyyətinə sahibdir.   

Hazırda dünyada fəal iş rejimində "Boeing 747-8" modelli 60-dan çox sərnişin və 244 yük təyyarəsi qalıb.  Və bu, mövcudluğu dövründə istehsal olunan təxminən 1500 ədəd "Boeing 747-8"in kiçik bir hissəsi deməkdir. Lakin əsas rəqib "Airbus A380"nin də vəziyyəti ürəkaçan deyil. Avropanın bu aviakonserni də 2021-ci ildən nəhəng təyyarələrin istehsalını dayandıracaq...

Tərcümə "MediaPost"a məxsusdur

Xəbərlər şöbəsi

Gündəm