Nərmin Quliyevanın qətlində təqsirləndirilən şəxsin istintaqı yekunlaşdı
21.04.2021 19:17 Cəmiyyət

Nərmin Quliyevanın qətlində təqsirləndirilən şəxsin istintaqı yekunlaşdı

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən kənd sakini İlkin Süleymanov barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb.

"MediaPost" Trend-ə istinadən bildirir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

2019-cu ilin noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkarlanıb.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılaraq İlkin Süleymanov barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbərlər şöbəsi

Gündəm