“Nəticələr hələ karantin şərtlərindən çıxmağa əsas vermir” - Deputat
24.04.2020 07:28 Gündəm

“Nəticələr hələ karantin şərtlərindən çıxmağa əsas vermir” - Deputat

Bunu “MediaPost”a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O hesab edir ki, virus yenidən geri dönə bilər, sağalanların sayının çoxalmasına görə arxayınlaşmaq tezdir:

“Mənim gümanım başqadır. Düzdür, mayın 4-dən sonra xüsusi karantin rejimi mərhələli formada və sərt tədbirlər təqribən aradan qaldırılacaq. Bu, gözləniləndir, ancaq mayın 4-dən sonra bütövlükdə tədris müəssisələrinin bərpasını gözləmirəm. Mənim yanaşmam belədir. Ən azı bunu Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrində görürük. Orada da göstərilib ki, hər hansı ölkələrdə virusa yoluxma halı olmasa da, yaxud yoluxma və ölüm halları aşağı səviyyədə olsa da, hətta bu halda da karantin rejimindən birdəfəlik imtina etmək doğru deyil.

Mütəxəssislər də deyirlər ki, ən azı bir ilə qədər bu məsələni ciddiyə almaq lazımdır. Ola bilsin ki, bu virus yenidən qayıtsın. Ona görə indiyə qədər ölkə prezidentinin rəhbərliyi ilə bu virusa yoluxmanın qarşısını almaq və az itkiylə bu vəziyyətdən çıxmaq üçün çox ciddi tədbirlər görülür. Hazırkı proseslər də göstərir ki, yoluxanların sayı azdır, sağalanların sayı artır. Biz müsbət tendensiyadan arxayınlaşmalı deyilik. Bu nəticələr hələ karantin şərtlərindən çıxmağa əsas vermir. Ona görə bu məsələlərdə ciddi davranmalıyıq”.

Deputat valideynlərə hazırkı vəziyyətdə daha məsuliyyətli davranmaları üçün müraciət edib: “Onlara demək istəyirəm ki, pandemiyanın geniş vüsət aldığı bir vaxtda təlim-tədris mövzusunda fərdi yanaşmaq düzgün deyil. Sosial şəbəkələrdəki çağırışlara söykənib emosional münasibətlərini düzgün hesab etmirəm. Unutmaq lazım deyil ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl etmək lazımdır”.

Xəbərlər departamenti

Gündəm