3 milyon manat pul veriblər evlərini ala bilmirlər - “AAAF Park”da növbəti qalmaqal

Martda evləri olmalı idi, may ayıdır nə evləri var, nə də pulları.

“MediaPost” xəbər verir ki, bir qrup şəxs “AAAF Park” tikinti şirkətindən narazıdır. Belə ki, İbrahim Qafarov adlı şəxs “MediaPost”a bildirib ki, artıq 4 ildir ki, pul verib aldıqları mənzillərin inşası tamamlanmır.

Onun sözlərinə görə, adı qeyd edilən şirkət binaları tam inşa etməyib: "Bizim binanı tam tikmirlər. Bir binanı yarımçıq tikirlər keçirlər o biri binaya. Dəfələrlə “AAAF Park”ın özünə şikayət etmişik. Şikayətdə binaların inşa edilməsi ya başqası ilə dəyişdirilməsi və ya pulun geri qaytarılması istənilib. Ötən ilin oktyabr-sentyabr aylarında isə hər yerdə bu barədə yazılar gedəndən sonra bizə dedilər ki, mart ayının axırına kimi haqqında danışılan 4 bina təhvil veriləcək. Apreldə karantin başladı bahənə etdilər ki, karantinə görə binaları inşa edə bilmirlər. İndi də deyirlər ki, pulları yoxdur”.

İbrahim Qafarov “AAAF Park”dan almalı olduğu mənzil üçün 60 min manatdan çox pul ödədiyini deyir: “Mənimlə barəbər yüzə yaxın sakin var ki, onlar da fərqli məbləğdə pul veriblər. Ümumilikdə bu sakinlər “AAAF Park”a 3 milyon manatdan çox pul ödəyiblər. Burada əsas məsələ 28 saylı küçədən gedir. Həmin yaşayış massivində 29 və 19 saylı küçələr də var. Hər üç küçədə binaların hamısı yarımçıq qalıb. Aylardı həmin binalarda iş getmir”.

Şikayətçi İlkin Qafarovun sözlərinə görə, “AAAF Park”ın hüquqşünası şikayətçilərə bildirib ki, sakinlər vaxtlı-vaxtında evlərinin tikintisi üçün ödənişlər etsə də, Dövlət Vergi Xidmətinin yüksək məbləğlərdə ayrı-ayrı vaxtlarda tətbiq etdiyi cərimə sanksiyalarına görə, şirkət olaraq vətəndaşların evlərini tam tikib təhvil verə bilmirlər.

Qeyd edək ki, məsələ ilə bağlı “MediaPost”un araşdırması davam edir. Bununla bağlı “AAAF Park” və Dövlət Vergi Xidmətindən də mövqe öyrəniləcək.

Digər fikirlər

Daha çox fikir