ABŞ 4 texnonəhəngi küncə sıxışdırdı

"Apple", "Google", "Amazon" və "Facebook"a ağır ittihamlar ünvanlandı, səhmləri dərhal ucuzlaşdı

Dünyanın nəhəng korporasiyalarından olan "Apple", "Google", "Amazon" və "Facebook" ABŞ Konqresinin son iclasında sözün əsl mənasında məhşər ayağına çəkiliblər. Konqresmenlər onların dördünün də ünvanına sensasion ittihamlar səsləndiriblər. Onların qənaətinə görə, adıçəkilən şirkətlər inhisarçılığa yol verirlər, istifadəçi məlumatlarından rəqiblərini "məhv etmək" üçün istifadə edirlər, üstəlik, həddən ziyadə böyüyüblər. 

NƏ BAŞ VERİB?

"MediaPost" xəbər verir ki, iyulun 29-da Vaşinqtonda ABŞ Konqresinin Antiinhisar Siyasəti üzrə Hüquq Alt Komitəsinin iclası keçirilib. Artıq bir ildən çoxdur ki, Konqres "Facebook", "Google", "Amazon" və "Apple" kimi, texnologiya nəhəngləri ilə bağlı təhqiqat aparır, onların bazarda hökmran mövqelərindən sui-istifadə edib-etmədiklərini araşdırır. 

img

Altı saat davam edən iclası giriş niqti ilə açan alt komitə rəhbəri Devid Sisillin (Demokratlar Partiyası) bildirib ki, bu şirkətlərin hər hansı bir hərəkətinin yüzmilyonlarla insana dərin təsiri ola bilər.

Konqresin suallarını "Facebook"un qurucusu Mark Zukerberq, "Amazon"un sahibi Ceff Bezos, "Apple" şirkətinin direktoru Tim Kuk və "Aplhabet"in ("Google"un ana şirkət şirkəti) rəhbəri Sundar Piçai cavablandırıb. 

CNN xatırladır ki, belə miqyasda məhkəmə iclası sonuncu dəfə 1998-ci ildə keçirilmişdi və həmin vaxt Konqres qarşısında  "Microsoft"un qurucusu Bill Qeyts çıxış etmişdi.

SORĞU-SUAL...

Sisillin bəyan edib ki, şirkətlər arasındakı ciddi fərqlərə baxmayaraq, rəqib bazarlarda oxşar davranışları sərgiləyirlər. Əksər distribüsiya kanallarında "dar boğaz" kimidilər və bunun da nəticəsində öz istifadəçilərindən qiymətli məlumatları çəkə bilirlər. 

img

Konqresmenin sözlərinə görə, hər bir şirkət infrastrukturundan başqalarının işgüzarlığını izləmək üçün istifadə edib. Və bu məlumatlardan bazardakı gücünü artırmaq, bir sözlə, şəxsi məqsədləri yararlanıb: "Bu hökmran şirkətlər yeni innovativ məhsullar istehsal edə bilsələr də, onların mövqeyi ABŞ iqtisadiyyatının mühərriki sayılan kiçik biznesi, istehsalı və ümumi dinamizmi öldürməkdədir".

Bir neçə konqresmen bu fikirdədir ki, "Facebook" özünün böyük rəqibləri olan "İnstaqram" və "WhatsApp"ı "udub". 

Spikerlərdən biri Mark Zukerberqin işçilərə göndərdiyi elektron məktubdan sitat gətirib: "Orada qeyd olunur ki, bir az daha səy göstərilsə, şirkət "Google"u ala bilər". 

KONQRES MARKI DALANA DİRƏDİ

img

Zukerberqdən həqiqətən bunu yazıb-yazmadığını soruşduqda, "Facebook"un qurucusu belə cavab verib: "Bu, zarafat kimi səslənir".

Konqres üzvü Pramila Cayapal Zukerberqdən hansısa bir rəqibin şirkəti onun məhsulunu "kopyalamaqla" təhdid edib-etmədiyini soruşub. "Facebook"la bağlı sənədlərə əsasən, "Instarqam"la sövdələşmədən əvvəl şirkət oxşar funksionallığı olan "Facebook Camera" məhsulunu inkişaf etdirməyə başlayıb. 

Cayapalın sözlərinə görə, "İnstaqram" investorları klonun yaradılmasını təhlükə kimi qəbul edilbər. Zukerberq isə bu təcrübəni təhdid hesab etmədiyini bildirir. 

"Snapchat" xidmətinin yaradıcılarını oxşar məhsulu satışa çıxarmaq niyyətində olduğu barədə məlumatlandırıb-məlumatlandırmadığını soruşduqda, "Facebook"un qurucusu deyib ki, qarşı tərəflə belə bir söhbət apardığını xatırlamır.

img

“Bir dominant platforma potensial rəqiblərini təhdid etdikdə, bu, normal biznes təcrübəsi olmamalıdır. "Facebook" istifadəçilərin məlumatlarını toplayır və sonra bundan rəqibləri izləmək, məhsullarını "kopyalamaq" və onları məhv etmək üçün istifadə edir. 

Siz "Facebook"un imkanlarından kiçik rəqibləri yox etmək üçün istifadə edirsiniz. Yeni müstəqil şirkətlərin çiçəklənməsinə imkan vermirsiniz", - deyə konqresmen çıxışına bu ittihamla yekun vurub.

"AMAZON"A SƏRT İTTİHAM...

İclasda növbəti ittiham "Amazon"a yönəlib. Aqressiv rəqabətdə günahlandırılan şirkətin ABŞ-dakı onlayn satışların 70 faizinə nəzarət etdiyini bildirilib. 

img

Konqresmenlərdən biri "Amazon"un daxili təqdimatından bir slayd göstərib. Orada şirkətin rəqiblərinin siyahısı göstərilir və qeyd olunur ki, neçəyə başa gəlməsindən asılı olmayaraq, qiymətlər müəyyən edilmiş rəqiblərlə uyğunlaşdırılmalıdır.

Başqa bir konqresmen də "Amazon"la bağlı məsələdə maraqların toqquşmasını müşahidə edib. Belə ki, şirkət kənar satıcıların təklif etdiyi məhsulların özündəki analoqlarını təşviq edir.

Ceff Bezos bu iradla razılaşmayaraq bildirib ki, istehlakçı nəyi almağı və kimdən almağı özü qərarlaşdırır. Bundan başqa, şirkət "Amazon" markalı məhsullarını tanıtdırarkən platforma satıcıları haqqında topladığı məlumatları istifadə etməmək siyasətini yürüdür. 

"Toplanmış sübutlar göstərir ki, "Amazon" sadəcə elektron ticarət bazarındakı inhisar mövqeyini genişləndirməkdə maraqlıdır. "Amazon" platformanın operatorudur, eyni zamanda bu platformada öz məhsullarını təbliğ edir. Bu da rəqabətə davamlı olmayan davranışdır və konqresmenlər hərəkətə keçməlidirlər", - deyə, növbəti çıxışçı da şirkətin siyasətini tənqid edib.

OĞURLUQ VƏ ABŞ-a XƏYANƏT?

“MediaPost” bildirir ki, "Google" isə növbəti dəfə Çinlə çox sıx əməkdaşlıqda qınanıb. 2019-cu ilin əvvəlində ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin rəhbəri, general Cozef Danford da şirkətə qarşı oxşar ittihamlarla çıxış etmişdi. 

Bu iclasda isə konqresmenlərdən biri bildirib ki, "Google" şirkətinin Çində süni intellekt mərkəzi var: "Üstəlik, Çin Elmlər Akademiyası ABŞ-ın bu korporasiyasının Çin ordusundan milyonlarla dollar alan bir çox yerli universitetlə əməkdaşlığı haqqında məlumat yaymışdı". 

Konqresmen belə bir əməkdaşlığın ABŞ-a xəyanət kimi qiymətləndirilə biləcəyini düşünür. 

"Google" təmsilçisi isə şirkətin Çin hərbçiləri ilə əməkdaşlıq etmədiyini və ABŞ-dakı hərbçilərlə birgə layihələrini davam etdirdiyini bəyan edib.

img

İclasın gedişində "Google" eyni zamanda oğurluqda da ittiham olunub: "İstifadəçini axtarış səhifəsində saxlamaq və reklamdan daha çox pul qazanmaq üçün digər saytlardan məzmun oğurlayır".

"APPLE" NİYƏ QƏZƏB YARADIB?

"Apple"a gəldikdə, konqresmenləri qəzəbləndirən istifadəçilər üçün hansı tətbiqlərin əlçatan olmasına "AppStore"un qərar verməsidir: "Narazılıq yaradan bir məqam da odur ki, şirkət istəyəndə platformanın qaydalarını kimsə ilə razılaşdırmadan dəyişə bilir. Eyni zamanda öz ödəmə sistemi vasitəsilə istifadəçi məlumatlarını toplayır". 

Konqresmenlərdən biri platformasından istifadə etdikləri üçün "Apple"ın komissiyanı 30 faizdən 50 faizə qədər artırmasının doğru olub-olmadığını soruşub. Kuk bu məlumatı, eləcə də şirkətin istədiyi vaxt komissiyanı artıra biləcəyi iddiasını təkzib edib.

"The Times" Zukerberq, Bezos, Kuk və Piçainin iclas zamanı ən çox istifadə etdiyi arqumentlərə diqqət çəkib. Qəzet yazır ki, Kuk və Piçai şirkətlərinin o qədər də böyük olmadığını ayrı-ayrılıqda 3 dəfə dilə gətiriblər. 

"Google" rəhbəri çıxışı zamanı rəhbəri olduğu şirkətin ABŞ üçün nə qədər vacib olduğunu 11 dəfə qeyd edib. Müqayisə üçün, Bezos eyni fikirdən cəmi 3, Kuk 6, Zukerberq 4 dəfə istifadə edib. 

QİYMƏT ZƏRBƏSİ...

Nəşrin hesablamalarına görə, Kuk "Apple"ın fəaliyyətində  konqresmenləri narahat edəcək bir şey olmadığı tezisini 13 dəfə səsləndirib və söhbəti Çinin artan texnoloji potensialına çevirib.

Konqresmenlər, həmçinin ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxilədə "Facebook" və "Google"un rolunu xatırladıblar. 

img

“Bu gün dünyanın dörd nüfuzlu şirkətində qərar qəbul edən insanları dinləmək imkanımız oldu. Bu dinləmələrdən mənə aydın oldu ki, bu şirkətlər inhisarçıdır və bunu tənzimləmək lazımdır. Onlar marketpleyslərə nəzarət edirlər. Bu da onlara müstəqil biznesləri məhv etməyə, istədiklərini etməyə imkan verir. Buna son qoyulmalıdır", - deyə Devid Sisillin iclasın yekununda bildirib. 

Onun sözlərinə görə, yaxın gələcəkdə alt komitə araşdırma materiallarını dərc edəcək və problemin həlli yollarını təklif edəcək.

Maraqlıdır ki, iclasın keçirildiyi gün - iyulun 29-da "Amazon", "Facebook", "Apple" və "Alphabet"in səhmləri dəyər qazanmışdı. Ən diqqətçəkən artım "Apple" şirkətinin səhmlərində olmuşdu. 1,92 faizlik artımdan sonra qiymət 380,16 dollara yüksəlmişdi. 

Lakin iyulun 30-da adıçəkilən şirkətlərin səhm qiymətləri aşağı düşdü. "Facebook" 0,77 faiz, "Apple" 0,83 faiz, "Amazon" 0,62, "Alphabet" isə 0.74 faiz ucuzlaşdı...

Tərcümə "MediaPost"a məxsusdur

Digər fikirlər

Daha çox fikir