Bakıda milyardlıq binaların 24 yaşlı memarı: “Tikdikdən sonra partladırıq ki..."

Milyardlıq binaların 24 yaşlı memarı Ramazan Məmmədovun “MediaPost”a müsahibəsini təqdim edirik:

- Xoş gəlmisiniz, əvvəlcə özünüz haqqında bir az məlumat verin.

 - Rəssamlıq Akademiyasını bitirmişəm. Karyerama 2013-cü ilin sonunda tələbə olarkən başlamışam. İxtisasım restavrasiya-ekspertizadır. Amma özümü təkmilləşdirdiyim tərəf sırf memarlıqdır.

Heç bir maddiyyat güdmədən 2-3 ay öyrənmək üçün maaşsız işləmişəm. 2013-cü ilin sonundan bu günə kimi şəxsi və beynəlxalq layihələrlə çox işləmişəm. 

Ərəblərlə, türklərlə və ruslarla daha çox işləmişəm. Bu gün çox tanınan “mall”lardan birinin, bir sıra məşhur ictimai iaşə obyektlərinin, binaların, hotellərin içərisindəki, çimərliklərdəki restoranların və bir çox villaların memarı olmuşam. Həmin binalardan ikisi milyardlıq, digərləri isə milyonluq layihələr olub. Sadəcə, kommersiya sirrinə görə, həmin obyektlərin adını açıqlaya bilmərəm.

“Obyektin büdcəsi onun yaxşı və ya pis olmasını təyin etmir”

img

Amma onu qeyd edim ki, heç vaxt obyektin büdcəsi onun yaxşı və ya pis olmasını təyin etmir. Yəni çox pul xərclənib deyə, o obyekt möhtəşəm sayılmır. 

- Restavrasiya demişkən, bizdə bu məsələ zaman-zaman gündəmə gəlir. Məsələn, Hacı Zeynalabdin Tağıyevin ev muzeyinin restavrasiyadan sonrakı görüntüsü cəmiyyətdə çox müzakirə olundu. Bəzi insanlar restavrasiyadan əvvəl və sonrakı fotolarını paylaşaraq yazırdılar ki, bu, restavrasiya deyil, bina az qala yenidən inşa edilib. Ümumiyyətlə, restavrasiya hansı formada olmalıdır, nəyə diqqət edilməlidir?

- Burada incəliklər çoxdur. Restavrasiyada birinci məqsəd odur ki, binanın görüntüsü dəyişməsin və keyfiyyət olduğu kimi qalsın. Çünki restavrasiya qədimi binalarda aparılır və qədimilik qorunmalıdır. Restavratorlar işə başlamazdan öncə maksimum planlaşdırırlar, restavrasiya olunacaq hissələrdən nümunələr götürürlər, laboratoriya nəticələrinə baxırlar ki, minimum müdaxilə ilə maksimum keyfiyyət əldə etsinlər.

Tağıyevin ev muzeyinin restavrasiyası ona görə belə alınıb ki, həmin binadakı vəziyyət indiki müdaxiləni tələb edib. Heç bir restavrator istəməz ki, hansısa tarixi binada yenidənqurma işi aparılsın. Yəni bu hansısa restavratorun savadsızlığı və yaxud dəyişiklik istəyi deyil. 

img

- Bu gün insanların şikayətləndiyi məsələlərdən biri də binaların qəzalı vəziyyətdə olması, tikintidə yaranan problemlərdir. Çalışdığınız layihələrdə binaların təhlükəsizliyi necə təmin olunur?

 - Tikililərin dəniz kənarında, dağda, düzdə, qaya üzərində, çay kənarında yerləşməsindən asılı olaraq, prosedurları bir-birindən fərqlənir. Bunu müəyyənləşdirən ərazidəki maksimum risk səviyyəsidir. Məsələn, dəniz üzərində tikilmiş obyektdə risk səviyyəsi təbii ki, daha yüksək olur. 6 rəqəmli ziyanlara əvvəlcədən göz yumulur ki, biz bu ziyana gedək və nəticəsini görək ki, ola biləcək maksimum zərər nədən ibarətdir. 50, 150 il sonra binanın taleyi necə ola bilər və s. Təbii ki, bu prosedur hər hansı birmərtəbəli evə aid deyil. Çünki hər kəs bilir ki, birmərtəbəli evlərin minimum 70-80 il ömrü var.

Söhbət müasir tikililərdən, Bakını Bakı edən simvol binalardan gedirsə, maksimum diqqətli olmaq lazımdır. Bu gün Bakının simvol binalarından olan Qız Qalasının tikildiyi dövrdə olan texnologiya bugünkü ilə bir deyil. Biz də çalışırıq ki, Qız Qalası kimi uzun illər qalacaq binalar inşa edək.

img

“Bir sütunun partladılmasında təhlükəsizliyə əməl olunmasa, çox şey baş verə bilər”

- Yəni siz hansısa binanı inşa edəndə yerinə görə riskləri nəzərə alaraq bu riskləri süni şəkildə yaradırsınız?

- Süni şəkildə törədilmiş risklər riskin dərəcəsindən asılıdır. Yəni hər hansı risk payı 20-30 faizdirsə, biz bunu əvvəlcədən etmirik. Praktikamız bu qədərini hesablamağa imkan verir. Amma 50-60 faizdən yuxarı risk payı varsa, həmin risk yaradılır. Burada söhbət binanın kolonlarının partladılmasından gedir. Bir kolonun partladılmasında təhlükəsizliyə əməl olunmasa, çox şey baş verə bilər. Bu zaman müəyyən bir saat təyin olunur, hər kəs sahədən çıxarılır və o kolon partladılır. Öyrənmək istəyirik ki, maksimum partlayış anında nə ola bilər? Süni partlayış yaratmaq bir dəqiqənin içində baş verir. Amma zaman, təbiət elə bir şeydir ki, su, rütubət, havanın temperaturu, külək, dəniz suyu (duzlu olduğu üçün avtomatik korroziya əmələ gətirir) və s. nəzərə alanda riskləri hesablamaq məcburiyyətində qalırıq.

“Azərbaycanda olan və dünyanın 90 faiz ölkələrində görə bilməyəcəyiniz bu daş...”

 - Son dövrlər şəhərdə tikilən binaların çoxu bir-birinə bənzəyir. Hamısı böyük mavi şüşəli binalardır. Həmin binalardan xarici ölkələrdə böyük şəhərlərdə də var. Bu nədən irəli gəlir? Şəhərlərin bu baxımdan bir-birini təkrarladığını demək olarmı? 

- Azərbaycandakı binaların fasadlarının daş olmasına yəqin ki, fikir vermisiniz. Aqlay materialından olan həmin daş dünyanın iki ölkəsində istehsal olunursa, onlardan biri Azərbaycandır. Yerli istehsal olan Avropa, Asiya, ABŞ və ərəb ölkələrin çox bəyəndiyi, amma bizim bezdiyimiz o daş xüsusi futuristik daşdır. Bakıdakı binaların 50 faizindən çoxu həmin daşlarla üzlənib. Dünyanın 90 faiz ölkələrində görə bilməyəcəyiniz bu daş həm keyfiyyətli, həm də gözəlidir.

Bizdə İçərişəhərdəki binaların çoxunun üzü qədimi daşlar, əl işləridir. Burada barokko, qotika üslubu, kolonlar, bəzəklər, naxışlar var. 

img

Avropadakı tarixi binaların çoxu xırda-xırda dekorativ daşlarla, boyalarla olan tikililərdir. Amma bugünkü tendensiya fasadı şüşə olan binalardır. Bəli, Azərbaycan qədim ölkədir, bu qorunur, amma müasirlik üçün bizdə də fasadı şüşə olan binalar inşa olunur. Biz də milliliyi qorumaqla dəyişimə ayaq uydurmalıyıq.

- Məsələn, Avropada və ya başqa yerlərdə binalar rəngarəngdir. Bizdə tikilən binalar niyə rəngsiz və bozdur? 

- Azərbaycan xarici ölkələrin tendensiyasına qoşulsa da, daxili tendensiyaya da uymaq lazımdır. Bizdə 10-15 il əvvəl fasadı şüşə olan binalar yox idi, indi isə çoxdur. Yəni artıq bu dəyişikliklər bizdə də başlayıb. Memarlığımız birdən-birə bütün şəhəri rəngləməyə imkan vermir. Bu, çox qeyri-adi olar və ürəkbulandırıcı görünər.

- Azərbaycanda hansı binanı memarlıq baxımından yüksək qiymətləndirirsiniz?

- Azərbaycanın ən möhtəşəm binası Heydər Əliyev Mərkəzidir. Məncə, öz üslubuna görə dünyada qeyri-adiliyini qoruyan və fantastik dizaynı olan bir yerdir. Tarixiliyinə görə köhnə Bakının Qız Qalası varsa, müasir Bakının da Heydər Əliyev Mərkəzi var. İnanmıram ki, Azərbaycanda uzun illər ondan daha gözəl bina tikilsin. Heydər Əliyev Mərkəzi Qız Qalası, Alov binaları kimi Azərbaycanın simvol binalarındandır. Bu mərkəz başqa ölkələrdəki incəsənət nümunəsi hesab edilən binalarla yarışacaq, hətta onları geridə qoya biləcək bir binadır.

- Hazırda tikilən binalarda yol verilən ən böyük yanlışlıq nədir?

- Bu gün ən çox rast gəlinən yanlışlıq, bir üslubu digər üsluba qatmaqdır. Bunu heç vaxt etmək olmaz. Bəzən elə olur ki, hansısa bina klassik üslubda tikilib, amma üzərində barokko üslubuna aid kolonlar, ikonalar, qotik üsluba aid naxışlar var, eyni zamanda bir hissəsinin fasadı şüşədir. Adam baxanda fikirləşir ki, görəsən, memar nə etmək istəyib?! Bu gün bizdə sifarişçinin göstərişinə uyğun olaraq, çoxsaylı memarlıq xətalarına yol verilir.

- Qədim dövrlərdə belə bir qayda var imiş ki, tikilən heç bir bina Şirvanşahlar Sarayından hündür olmamalıdır. Bəs müasir Bakıda tikililərlə bağlı belə bir qayda varmı?

- Binaların tikilməsi ilə bağlı qaydalar var. Müvafiq dövlət qurumlarının Bakının hər yerində həmin yerin tələbatına uyğun normativləri var. Məsələn, 25-30 metrlik bir binadırsa, həmin binanın müəyyən kolon sayı, sütunların eni, içərisində olacaq armaturlar, betonun markası minimum normativlərə uyğun gəlməlidir. Amma binaların hündürlüyü ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Standartlara əməl olunduğu təqdirdə istənilən hündürlükdə binanı tikmək mümkündür.

img

“Bu gün nəinki həmin qaydalar pozulur, hətta elə binalar var ki, balkonu üzü divara tikilib”

- Bakıya memarlıq baxımından nə yaraşmır?

- Bakıya memarıq baxımından yaraşmayan plansız şəkildə necə gəldi tikilən “novostroykalar”dır. Bir göydələni tikməzdən əvvəl inşa olunacağı yerə baxılır, binanın sağı, solu, günəşin hansı tərəfdən düşməyi, şimalı (şimaldan soyuq külək gəlir), həyəti, qarajı, ətrafda olan yaşayış yerləri nəzərə alınır. Diqqət etmək lazımdır ki, tikiləcək binadan baxanda digər binadakı mənzilin içərisi görünməsin. Bu gün nəinki həmin qaydalar pozulur, hətta elə binalar var ki, balkonu üzü divara tikilib. Binalar bir-birindən uzaqda olmalıdır ki, evə hava daxil olsun.

Dədə-babadan belə bir söz var ki, ev gündoğana tikilir. Bu ona görədir ki, günəş doğan vaxt günün ən gözəl, vitaminli olduğu saatdır. Ona görə də gün birbaşa evə vurmalıdır. İndiki MTK-ların böyük hissəsi sadəcə, yer tapır və o yerdə maksimum nə qədər kvadrat alındıra bilirlərsə, bina tikirlər.

- İndiki sarı üzlüklü, şüşə fasadı olan binalar bizim gələcəkdəki tarixi abidələrimizdir?

- Bizim tarixi dediyimiz oymalı, müəyyən üslubu olan 100-200 il əvvələ aid binalar dövrünün müasir tikilisi hesab olunurdu. Bilmirik ki, bu gün tikilən şüşəli binalarımız 100 il sonra hansı binalarla əvəzlənəcək.

- Bəzən memarlıq cəhətdən digərlərindən heç nə ilə fərqlənməyən villaların sadəcə qiyməti təəccübləndirir. Bu nə ilə əlaqədardır?

- Əlbəttə, xüsusi dizayn istəyən müştərilər var. Standart, aqlaylı binalar, mənzillər günün tələbidir. Amma onlara zövqsüz demək olmaz. Onların zövqü bir-birinə oxşayır. Bu gün villalarda oymalar, rənglər, fasadlar, günbəzlər eynidir. Yəni müştərilər milyon da xərcləsələr, o formada villa istəyir. Amma təbii ki, daha az büdcəyə daha gözəl mənzil tikmək olar. Bugünkü dövrdə insanların standart evlər tikməsinin səbəbi sadəcə zövqlə əlaqəlidir.

Billurə Yunus / "MediaPost"

Digər fikirlər

Daha çox fikir