"Dövlətimiz əleyhinə yalan informasiya yayanlarla bağlı ciddi ölçü götürülməlidir" - DEPUTAT

İyulun 12-də Tovuz istiqamətində gedən döyüşlərdəki məğlubiyyətdən sonra düşmən yenidən müxtəlif təxribatlara əl atır. Dövlətimizə qarşı qarayaxma kampaniyaları reallaşdırırlar. Təəssüf ki, bu məsələdə düşmənə daxildən də dəstək olanlar var. Belə ki, bəzi media nümayəndələri var ki, onlar düşmən mənafeyinə xidmət edən və reytinq xatirinə məlumatlar yayaraq insanlarımızı yanlış istiqamətləndirməyə çalışırlar.

“MediaPost” xəbər verir ki, mövzu ilə bağlı deputat Aydın Hüseynov açıqlama verib.

Deputat bildirib ki, bu gün Azərbaycan həm pandemiya, həm də faşizmin təbliğatçısı, terroru dəstəkləyən Ermənistanın təxribatlarına qətiyyətli və layiqli cavab verə bilib:

"Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan dövlətinin gücünü bir daha Ermənistana göstərdik. Azərbaycan xalqı daim Prezident İlham Əliyevlə həmrəy olduqlarını göstərib. Buna misal olaraq, Cənab Prezidentin bir çıxışında xalqımıza etdiyi çağırışla minlərlə insanın orduda xidmət etmək üçün müraciətlərini göstərə bilərik.

5-ci kalon tərəfindən Azərbaycana qarşı yönələn təxribatlar həm xaricdən, həm də erməni lobbisinə söykənən mərkəzlər tərəfindən idarə olunur. Dezinformasiya yayanların məqsədi erməni siyasətilə eynidir. Xaricdən idarə olunan qüvvələr Azərbaycanda qarışıqlıq və qarşıdurma yaratmaq istəyirlər. Bu məqsədlə 5-ci kalon və onlara xidmət edən media qrumları və jurnalistlər dövlətimizin ələyhinə dezinformasiya yayırlar.

Ancaq 5-ci kalonun təxribat törətməyi və dezinformasiya yaymaq cəhdləri əbəs yerədir. Çünki Tovuz döyüşlərində gənclərimiz, vətəndaşlarımız böyük həmrəylik nümayiş etdirdi. Əlbəttə ki, bu həmrəylik qarşısında 5-ci kalonun, dezinformasiya yayanların cəhdləri baş tutmayıb. Onların heç bir dayağı olmadığı kimi, söykənəcəyi sosial baza da yoxdur. Sadəcə olaraq, bu hərəkətlərilə özlərini gülünc vəziyyətə qoyaraq nəyə xidmət etdiklərini göstərirlər. Onlar azərbaycan xalqına düşmən olan mərkəzlərdən idarə olunurlar.

Biz xarici düşmənlərimizi bildiyimiz kimi, daxili düşmənlərimizi də bilirik. Vətəndaşlarımız orduyla və dövlətlə bağlı yalnız rəsmi olan məlumatlara inanmalıdırlar. Dövlətimiz əleyhinə yalan informasiya yayan media və digər insanlarla bağlı ciddi ölçü götürülməlidir. Qanun alidir və hamı qanun qarşısında cavab verməlidir. İnformasiya haqqında qanunla və ya yeni qanunlarla bu dezinformasiyaların qarşısı alınmalıdır. Hüquq burada öz sözünü deməlidir. Biz hüquqi və demokratik prinsiplərə söykənən dövlətik.

Hüquq-mühafizə orqanlarımız çox peşəkardır.Bu baxımdan inanıram ki, hüquq-mühafizə orqanlarımız xüsusilə dezinformasiya yayan media qurumlarına və yalan informasiya ilə təxribat törətməyə çalışan şəxslərə qarşı lazımi addımları atacaqlar". Sonxeber

Digər fikirlər

Daha çox fikir