"Ərəb baharı"ndan başlanan mübahisə: Tramp ilki bacaracaqmı? - RƏY

Dünyada müzakirə olunan məsələlərdən biri də ABŞ prezidenti Donald Trampın sosial şəbəkələrlə bağlı verdiyi açıqlamalardır. Tramp hətta bu barədə sərəncam da imzalayıb.

Dünyada müzakirə olunan məsələlərdən biri də ABŞ prezidenti Donald Trampın sosial şəbəkələrlə bağlı verdiyi açıqlamalardır. Tramp hətta bu barədə sərəncam da imzalayıb. Yeni qərarla “Twitter”in bağlanacağı (ABŞ ərazisində) deyilsə də, bir çoxları bunu ifadə azadlığının pozulması kimi qiymətləndirir. Qərarın Senat tərəfindən qəbul olunub-olunmaması isə sual doğurur.

Mövzu ilə bağlı “MediaPost”a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elşad Yusifli Trampın sosial şəbəkələrlə bağlı narazılığına aydınlıq gətirib:

“ABŞ prezidenti Donald Tramp sosial şəbəkələri bağlamaqla hədələməyib. Söhbət ondan gedir ki, Tramp həmişə “Twitter”dən istifadə edir. “Twitter”onun bəzi postlarının altına düzəlişlər yazır. Əslində, mübahisə buradan başlayıb. Hətta sözügedən platforma Trampın bəzi postlarını gizlədir, imkan vermir ki, çox adama görünsün. Tramp da bunu tənqid edir ki, ya “Twitter” özünü sosial media kimi aparsın (yəni kim nə istəyir yazsın, heç nəyə müdaxilə olunmasın), ya da media kimi aparsın. Sosial medianın özünü media kimi aparması, o deməkdir ki, təkcə bir-iki nəfərin deyil, hər kəsin yazdıqlarına nəzarət edilsin. Trampın dediyi odur ki, sosial media bu ikisindən birini seçməlidir. Bunu başqa cür şərh etdilər ki, “Twitter” sosial media olaraq bağlansın, adi media kimi olsun”.

Tramp sosial şəbəkələrdən nə istəyir? - RƏY

Ekspertin sözlərinə görə, sosial medianın manipulyasiyaları həmişə mübahisə mövzusu olub: ““Ərəb baharı” deyilən vaxtdan (2010-cu ildən) başlayaraq sosial medianın kiminsə yazılarını daha önə çıxarması və ya gizlətməsi, həmişə mübahisə edilib. Alqoritmlərlə belə şeylər etmək mümkündür. Sosial medianın bu xüsusiyyətinin ölkələrin müqəddəratına təsir edib-etməməsi, əvəllər də müzakirə olunmuşdu. Sadəcə, “Twitter” Trampı “vurdu” deyə, yenidən gündəmə gəlib.

Bütün bunların fonunda Tramp “Twitter” hesabını silməyəcəyini bildirib. Çünki ABŞ prezidenti normal mediaya güvənmədiyini deyir. Onun fikrincə, sosial media bir çox şeyi öz pəncərəsindən yazır. Tramp deyir ki, “Twitter” üzərindən publika ilə birbaşa əlaqə saxlamaq istəyirəm ki, fikirlərim başqa cür şərh olunmasın”.

Hüquqşünas Fərhad Mehdiyev isə “MediaPost”a açıqlamasında bildirib ki, sosial şəbəkələr ifadə azadlığının birbaşa təcəllisidir: “İnsanlar necə ki, ictimai sahədə, küçədə ünsiyyət qururlarsa, onlar bunu eyni şəkildə virtual aləmə də daşıyırlar. ABŞ-da sosial şəbəkələrin məhdudlaşdırılmasını, Tramp dilə gətirir. İnternetin ən azad olduğu ölkələrdən biri ABŞ-dır. Onsuz da Trampın avtokratik meyilləri olduğunu hər kəs bilir. Amma bunun senat tərəfindən dəstəklənəcəyini demək mümkün deyil. Trampın bu addımı Avropa Şurasına (AŞ) qətiyyən nümunə ola bilməz. Çünki AŞ-da Avropa İnsan Hüquqları Konvensiyası hakimdir. Bu konvensiya da ifadə azadlığını ciddi şəkildə qoruyur. Sosial şəbəkələri ifadə azadlığından ayrı düşünmək lazım deyil. İfadə azadlığının məhdudiyyətləri nələrdirsə (nifrət danışıqları, diskriminasıyanın qadağan olunması və s.), sosial şəbəkələrə də tətbiq edilməlidir”.

Digər fikirlər

Daha çox fikir