Gün ərzində 70 dəfə güzgüyə baxmağımızın 7 səbəbi

Bir insan gün ərzində ortalama 70 dəfə güzgüyə baxır. Bunun səbəbi “niyə hər zaman güzgüdə daha yaxşı görünürük” sualının cavabı ola bilər.

“MediaPost”un xəbərinə görə, insanın güzgüyə baxması üçün bir çox səbəb var. Heç bir səbəbi olmasa belə, insan güzgüdə özünə baxmağı sevir. Bəs nə üçün güzgüdə gördüyümüz əksimiz fotomuzdakından daha yaxşı görünür?

Narahat olmayın, belə düşünən tək insan siz deyilsiniz. Bunun elmi izahı var:

1.Güzgü görüntünü tərsinə çevirir

Güzgüyə baxanda gördüyümüz hər şey real deyil. Yəni güzgüdəki əksimiz həqiqətdəki görüntümüzün tərsinə çevrilmiş halıdır. Gün ərzində dəfələrlə güzgüyə baxdıqda tərsinə çevrilmiş halımıza öyrəşirik. Bu səbəbdən fotolarımıza tez-tez baxmasaq, həqiqətdə necə göründüyümüzü unuduruq.

img

2. Birbaşa nəzarət

Birbaşa güzgüyə baxanda tam və anlıq nəzarət bizdə olur. Əgər dayandığımız vəziyyət xoşumuza gəlməsə, başımızı əyərək və ya üz ifadəmizi düzəldərək, daha arzuolunan bir görünütü yarada bilirik.

3. İşıq oyunları

Güzgüyə baxan zaman beynimiz işıqdakı fərqləri göstərməyəcək formada işləyir. Beynimiz lazımi tənzimləmələri etməklə və tarazlığı yaratmaqla bizə hər zaman görməyə öyrəşdiyimiz görünüşümüzü göstərir. Halbuki fotoaparat bu prinsiplə işləmir, onun yerinə tonu, kölgəni obyekt olaraq qəbul edir. Fotoqrafların da dediyi kimi, işıq bir fotonu gözəlləşdirə və ya korlaya bilər.

img

4. Üzümüz assimetrikdir.

Heç kimin üzü tam simmetrik formada deyil. İnsanlar güzgüdə özlərinə bir və ya bir neçə nöqtədən baxmağa öyrəşib və adətən üzlərinin bir hissəsinin digər yarısı ilə eyni olduğunu düşünürlər.

5.Çevrə təzyiq yaradır

Araşdırmaçı Nolan Friney insanların adətən güzgüyə özlərini rahat hiss etdiyi yerlərdə baxdıqlarını deyir. Halbuki insanlar foto çəkdirəndə daha gərgin və stresli olur. Fotolarda yaxşı görünmək üçün yaranan təzyiq əks reaksiya verir və bizi olduğumuzdan daha fərqli şəkildə göstərir.

img

6. Güzgüdə sadəcə bəlli detalları görürük

Güzgüyə baxarkən daha çox dodaqlar, burun və göz kimi üzün bəlli hissələrinə fokuslanırıq və çox vaxt bütün bu hissələrin bir yerdə necə göründüklərinin fərqinə varmırıq. Lakin hər hansı fotomuza baxsaq, həqiqəti, üzümüzün bütün detallarını görürük.

img

7. İnsanlar realdakından daha cazibədar olduğunu düşünür

Çikaqo Universitetində insanların xarici görünüşləri ilə bağlı düşüncələrini müəyyənləşdirmək üçün araşdırma aparılıb. Belə ki, araşdırmada iştirak edən şəxslərə onların ən yaxşı və pis düşdükləri foto və videolar təqdim edilib. İştirakçılardan hansı fotonun orijinal olduğu sual edilsə də, əksəriyyət səhv cavab verərək, dəyişdirilən gözəl fotolarını seçiblər. Araşdırma nəticəsində məlum olub ki, insanlar özlərinin realda olduqlarından daha cazibədar göründüklərini düşünürlər.

Nəticə: Beynimiz bizi aldadır

İnsanların güzgüyə baxmaq üçün ayırdığı vaxt fotoya baxdıqları müddətdən daha çoxdur. Beynimiz bizi aldadır və buna görə gerçək fotolarda daha fərqli görünürük.

Billurə Yunus / "MediaPost"

Digər fikirlər

Daha çox fikir