H.Babaoğlu: Xalqımızın milli birlik nümayiş etdirməsi ordumuzun ermənilərə verdiyi cavab qədər önəmlidir

 İyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində təxribata əl atması və ordumuz tərəfindən düşmənə layiqli cavab verilməsi Azərbaycan xalqının vətənpərvərlik ruhunu daha da yüksəltdi. Xalq öz ordusu ilə bir daha həmrəylik nümayiş etdirdi. Sadə vətəndaşlarla yanaşı, müxtəlif qurum və təşkilatlar tərəfindən orduya dəstək aksiyalarına başlandı. Bunlardan biri də Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən həyata keçirilən “Hər şey vətən üçün” aksiyasıdır.  Belə ki, aksiya çərçivəsində Agentlik “Baku Bus” MMC-nin, eyni zamanda digər daşıyıcıların istehsalat bazasında olan işlənmiş təkərləri toplayaraq, cəbhə bölgəsinə yola salır. Bugünə qədər qurum tərəfindən 31 yük avtomobili ilə 12600-dən artıq təkər cəbhəyə göndərilib.

Mövzu ilə bağlı “MediaPost”a açıqlama verən millət vəkili Hikmət Babaoğlu xalqımızın milli birlik və həmrəylik nümayiş etdirməsinin ordumuzun ermənilərə verdiyi cavab qədər önəmli olduğunu deyib. O qeyd edib ki, Tovuz rayonu ilə sərhəddə baş verən erməni təxribatından sonra ortaya bir sıra mühüm həqiqətlər çıxıb: “Bunlardan birincisi Azərbaycan ordusunun öz gücünü göstərməsi olub. Azərbaycan ordusu erməni təxribatçılarına layiqli cavab verib və onları yerində oturdub”. 

Bu prosesdə ikinci mühüm məsələ Azərbaycan xalqının öz ordusunun və ali baş komandanının arxasında dayanması idi: “İyulun 15-də Bakıda Azərbaycan ordusuna və ölkə başçısına keçirilən dəstək yürüşü bir daha sübut etdi ki, xalqımızda vətənpərvərlik ruhu yüksəkdir və öz torpaqlarını azad etmək əzmindədir”.

H.Babaoğlu hesab edir ki, müxtəlif dövlət qurumları və təşkilatlarının orduya dəstək aksiyaları təşkil etməsi də xalqın birlik və həmrəyliyinin ifadəsidir:  “Özünün bütün təhsisatları, dövlət qurumları, qeyri-hökumət təşkilatları, ictimai institutları ilə birlikdə ən müxtəlif özəl, elmi, istehsal şirkətləri də daxil olmaqla bütün dairələrdə Azərbaycan xalqı bir olmağı, vahid olmağı bacardı. Orduya dəstək nümayiş edildi və bununla bağlı müxtəlif aksiyalar təşkil edildi. Buna Bakı Nəqliyyat Agentliyinin təşkil etdiyi təkərlərin göndərilməsi ilə bağlı həyata keçirilən aksiyanı da aid etmək olar. Bu da orduya dəstəyin əyani formasıdır”. 

Digər fikirlər

Daha çox fikir