Karantin qaydaları ləğv edilən yerlərdə virus geri qayıdıb

COVID-19 koronavirusa yoluxma hallarının sayı sürətlə artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, son altı həftədə koronavirusa yoluxma hallarının sayı təqribən iki dəfə artıb. ÜST-yə daxil olmuş məlumatlara görə, bu günə qədər yoluxanların sayı 16 milyona yaxındır, koronavirusa yoluxmuş 640 mindən çox xəstə isə dünyasını dəyişib.

“MediaPost” BMT saytına istinadla xəbər verir ki, bununla belə, ÜST ekspertləri pandemiyaya qalib gəlməyin mümkün olmasına əmindirlər və belə nümunələr var.

Lakin ümumi mənzərə mürəkkəbdir: bəzi yerlərdə virus çox aqressiv şəkildə yayılır, digər yerlərdə yeni yoluxma hallarının sayı aşağıdır, epidemiyaya qalib gəlməsi güman edilən bəzi ölkələrdə isə, yeni yoluxma ocaqları yaranır. Brifinqin iştirakçıları vurğulayıblar ki, zəruri nəzarət tədbirləri görülən yerlərdə virusa qalib gəlmək mümkün olub, belə tədbirlər ləğv edilən yerlərdə isə virus geri qayıdıb.

ÜST-nin texniki eksperti Mariya Van Kerkhovenin sözlərinə görə, virusun baş qaldırmasına imkan yaranan kimi yeni yoluxma ocaqları əmələ gəlir. Mariya Van Kerkhovenin həmkarı, fövqəladə hallar üzrə icraçı direktor Mayk Rayan izahat verərək bildirib ki, virusun geri qayıtmasının “ikinci dalğa” və ya başqa cür adlandırılmasından asılı olmayaraq aşağıdakı suallara cavab tapmaq lazımdır: “Virusun harada sirkulyasiya etdiyini bilirsinizmi?”, “Virusun hansı əhali qruplarında yayıldığını bilirsinizmi?”, “Hansı nəzarət tədbirləri görürsünüz?”, “Geri qayıtmış virusu səmərəli şəkildə dəf edə bilirsinizmi?”.

Mayk Rayan deyib: “Aydındır ki, heç bir ölkə yenidən karantinə qayıtmaq istəmir, bunu heç kəs istəmir, çünki karantinin iqtisadi nəticələri çox böyükdür. Lakin virusun necə yayılmasını və bu xəstəliyin təhlükəlilik dərəcəsini anlasaq, nöqtəvi cavab tədbirləri görə bilərik”.

Sərhədlərin bağlanmasının səmərəliliyi barədə sualı cavablandıran doktor Rayan vurğulayıb ki, insanların yerdəyişməsinin məhdudlaşdırılması səmərəli tədbir deyil. O, yalnız ÜST-nin daim dediyi bütün başqa tədbirlərlə əlaqələndirildikdə səmərəli nəticə verə bilər. Bu gün virus hər yerdə var və fürsət düşən kimi yayılacaq. Aydındır ki, bir neçə ay ərzində çox böyük səylər bahasına virusun yayılmasını azaltmağa nail ola bilmiş ölkələr narahatdırlar: insanlar virusun fəal yayıldığı yerlərdən bu ölkələrə gələndə bütün əvvəlki uğurlar heçə enəcək.

ÜST nümayəndəsi eyni zamanda vurğulayıb ki, dövlətlər öz sərhədlərini daim bağlı saxlaya bilməzlər. İndi əsas məsələ mallar və insanlarla birlikdə virusun da bir ölkədən digərinə keçməsi ehtimalını minimuma endirməkdir. Doktor Rayan deyib: “Biz hesab edirik ki, beynəlxalq səyahətlər və daşımalarla bağlı riskləri hesablamaq və minimuma endirmək mümkündür, lakin bu barədə dövlətlər özləri razılığa gəlməlidirlər”.

ÜST-nin baş direktoru doktor Tedros xatırladıb ki, təqribən altı ay bundan əvvəl COVID-19-un yayılması beynəlxalq miqyaslı fövqəladə hadisə elan edilmişdi. O vaxt Çinin hüdudlarından kənarda cəmi 100 nəfər yoluxmuşdu və heç bir ölüm hadisəsi qeydə alınmamışdı. Bu gün isə, təqribən 16 milyon nəfər yoluxub və 640 mindən çox insan vəfat edib.

ÜST rəhbəri sonda deyib: “Ətrafdakı insanlarla məsafə saxlayın, əllərinizi tez-tez yuyun, insanların çox toplaşdığı yerlərə və qapalı məkanlara getməməyə çalışın, tələb olunan yerlərdə maska taxın”.(azərtac)

Digər fikirlər

Daha çox fikir