Nəhəng şirkətlər koronavirusa görə səfərbər olub

"Ford" süni nəfəs aparatı, "Dior" dezinfeksiyaedici gel, "Fiat" maska buraxacaq

Nəhəng şirkətlər koronavirusa görə qeyri-ənənəvi məhsulların istehsalına başlayıb

Bəlkə heç kim təsəvvürünə belə, gətirməzdi ki, dünyanın ən məşhur brendlərindən olan "Christian Dior" nə vaxtsa bahalı və bihuşedici ətirlər əvəzinə, dezinfeksiya üçün gel hazırlayacaq. Şirkəti "bazara" qeyri-ənənəvi məhsul çıxarmağa vadar edən məlum pandemiyadır.

"MediaPost" xəbər verir ki, bu məsələdə "Christian Dior" tək deyil və yeni koronavirusa görə bir neçə başqa məşhur şirkət də ənənəsindən kənara çıxmalı olacaq.

Məlum olduğu kimi, koronavirusun geniş yayılması fonunda böyük korporasiyalar ABŞ, Avropa və Asiyadakı zavodlarının fəaliyyətini müvəqqəti də olsa dayandırıblar. Buna baxmayaraq, söz veriblər ki, müəssisələrindəki qurğuları koronavirus xəstələri üçün həyati əhəmiyyət daşıyan və çatışmayan avadanlıqların istehsalı üçün səfərbər edəcəklər. İlk növbədə də ağciyərlər üçün süni tənəffüs aparatlarının istehsalı nəzərdə tutulub.

BİLL GEYTS VƏ CEFF BEZOS İŞ BAŞINDA!

Nəhəng şirkətlər koronavirusa görə səfərbər olub

Bu həftənin əvvəlində "Fiat"ın Çindəki avtomobil zavodlarından biri tibbi maska istehsalı üçün yenidən təchiz olunub. Şirkətin rəhbəri Mayk Menli bildirib ki, artıq yaxın həftələrdə istehsala başlayacaqlar.

Məşhur zənginlər - "Microsoft"un qurucusu Bill Geytslə "Amazon"un sahibi Seff Bezos da hərəkətə keçiblər. Bill Geytsin rəhbəri olduğu fond koronavirusla bağlı araşdırmalar aparan "Seattle Coronavirus Assessment Network" (SCAN) tədqiqat qrupuna sponsorluq edir. "Amazon Care" isə Covid-19 üçün sürətli test dəstlərini təqdim edir.

Burundan götürülən yaxmalara əsaslanan bu testlərdən ən çox Vaşinqtonda koronavirusun hansı yollarla yayıldığını öyrənmək üçün istifadə olunacaq.

TRAMP ÇAĞIRIŞ ETDİ

ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl "Twitter" hesabından etdiyi paylaşımda İlon Maskın şirkətini və bir neçə başqa müəssisəni təriflədi. Prezident bildirdi ki, "Ford", "General Motors" və "Tesla"ya süni nəfəs aparatı və bənzər məhsulların istehsalı üçün "yaşıl işıq" yandırılıb.

ABŞ prezidenti bu şirkətləri bir an əvvəl hərəkətə keçməyə çağırdı: "Avtomobil "şefləri", başlayın! Mümkün olduğu qədər tez tərpənmək lazımdır. Görək, bunun öhdəsindən necə gələcəksiniz?!".

Bu arada ABŞ administrasiyası tibbi avadanlıqların istehsalı üçün sertifikatlaşdırma prosesini sürətləndirib. Məqsəd indiki böhranlı dönəmdə məlum şirkətlərin vaxt itkisinə məruz qalmasına imkan verməməkdir.

"NİSSAN" VƏ "FORMULA 1" DƏ DƏSTƏK VERƏCƏK

Nəhəng şirkətlər koronavirusa görə səfərbər olub

"Ford", "General Motors" və "Tesla" ilə yanaşı, Yaponiyanın "Nissan" şirkəti, həmçinin "Formula 1"in britaniyalı mühəndisləri də süni tənəffüs aparatının hazırlanması prosesində iştirak edəcəklər.

Süni tənəffüs aparatı istehsalçıları isə məsələyə bir qədər ehtiyatlı yanaşırlar. Onlar bu aparatın çox spesifik bir avadanlıq olduğunu və istehsal prosesini mənimsəməyin vaxt tələb edəcəyini deyirlər.

Süni nəfəs aparatının istehsalı ilə məşğul olan "Hamilton Medical" şirkətinin direktoru Yens Hallek sətəlcəmin müalicəsi üçün kritik olan bu cihazları ərsəyə gətirməyin asan olmadığını bildirib. Onun sözlərinə görə, söhbət son dərəcə həssas cihazların istehsalından gedir.

Vaxtilə Pentaqonda işləyən mənbə isə "Washington Post" qəzetinə müsahibəsində bildirib ki, avtomobil və aerokosmik zavodlara süni tənəffüs aparatı istehsal edə bilmək (istehsalı buna uyğunlaşdırmaq) üçün bir ildən çox vaxt tələb oluna bilər

Nəhəng şirkətlər koronavirusa görə səfərbər olub

İLON MASK MİNDƏN ÇOX APARAT ALIB

"Tesla" və "SpaceX"in sahibi İlon Musk Çində 1255 belə aparat alıb və onların Los-Ancelesə daşınmasının ödənişini edib.

Mask "Twitter" hesabından paylaşım edərək bildirib ki, Çində yığılıb qalmış bu cür xeyli aparat var və onları vaxtında keçirməyə icazə verdikləri üçün Çin və ABŞ-ın gömrük orqanlarına təşəkkür edir.

Koronavirusa qarşı qlobal mübarizə çərçivəsində ətir və şərab evləri də istehsal etdikləri məhsulların növünü dəyişməli olublar. Artıq ətir və spirtli içkilər əvəzinə dezinfeksiya üçün gel və mayelər buraxılır.

ƏTİR MARKALARI PARİS XƏSTƏXANALARINA İŞLƏYİR

Nəhəng şirkətlər koronavirusa görə səfərbər olub

"Christian Dior"un törəmə şirkəti olan LVMH Moet Hennessy Louis Vuitton SE. əl üçün gellər hazırlayır. Qeyd edək ki, LVMH Avropanın ən varlı adamı Bernar Arnoya məxsusdur.

Fransada "Dior", "Givenchy" və "Guerlain" markalarının ətirlərinin istehsal edildiyi üç zavod mövcud xammal ehtiyatlarını etil spirti, təmizlənmiş su və qliserin hazırlamağa yönəldib. Əllərin dezinfeksiyası üçün minlərlə şüşə Paris xəstəxanalarına göndərilib.

Şirkətdən bildiriblər ki, LVMH mağazalarda dezinfeksiyaedici gel çatışmazlığının fərqindədir və belə vəziyyətdə ölkə sakinlərinə infeksiyadan qorunmaq üçün kömək etmək istəyir.

"Əl üçün geli Fransa hökumətinə təmənnasız təqdim edəcəyik", - deyə şirkətdən bildiriblər.

"Wall Street Journal"ın yazdığına görə, bu gellər ətirli deyil.

Nəhəng şirkətlər koronavirusa görə səfərbər olub

Fransada koronavirus epidemiyası səbəbilə virus əleyhinə vasitələrin, o cümlədən əllər üçün antiseptik gelin çatışmazlığı var. Bir çox aptek və mağazada isə dezinfeksiyaedici gellər məhdud sayda satılır.

Tələbatın kəskin artması ilə əlaqədar Fransa hökuməti bu məhsulun yüksək qiymətə satılmasına qadağa qoyub. Belə ki, 100 ml. dezinfeksiyaedici gel 3 avrodan çox olmamalıdır.

Bütün dünyada şərab və konyak fabriklərinə sahib olan Fransız korporasiyası "Pernod Ricard" da bu çətin günlərdə dəstəyini əsirgəmir. Şirkət ABŞ-dakı - Kentuki, Qərbi Virciniya və Texasdakı zavodlarında viski, likör deyil, dezinfeksiyaedici gel istehsal edir.

"Absolut" araqlarını istehsal edən bölmələr də xammalı anbarlardan gel istehsal etdikləri digər zavodlara göndərirlər.

Nəhəng şirkətlər koronavirusa görə səfərbər olub

AVTOMOBİL MÜHƏNDİSLƏRİNDƏN DƏSTƏK...

"Formula 1" yarışları üçün avtomobillər hazırlayan mühəndislər yaxın günlərdə tibbi məhsul və cihazların istehsalına başlamaq üçün yollar axtardıqlarını bəyan ediblər. Dizaynerlər və texniki qruplar da prosesdə iştirak etmək istədiklərini bildiriblər.

"Nissan", "McLaren" və "Meggitt" aerokosmik şirkəti də özlərinə məxsus süni tənəffüs aparatları hazırlamağa qərar veriblər. "McLaren" bununla bağlı bəyanat da yayır: "Vaxtın az olduğunu və işin həcminin böyük olduğunu anlayaraq bu layihəyə bütün diqqətimizi yönəltmişik".

Hindistanın "Mahindra Group" korporasiyası da məlum aparatların istehsalına başlayacaqlarını bəyan edib. Bu barədə şirkətin rəhbəri və qurucusu, milyarder Anand Mahindra məlumat verib.

Onun şirkəti kənd təsərrüfatı üçün traktor istehsalında dünya lideridir. Şirkət həmçinin Hindistanda elektromobillərin ən böyük istehsalçısıdır.

Tərcümə "MediaPost"ə məxsusdur

Digər fikirlər

Daha çox fikir