“Onların zabit ölümlərini gizlətməsi ilk hal deyil” – Polkovnik

“Ermənistan ordusunda yüksək rütbəli zabitlərin ölümü ya gizlədilir, ya da əsgər ölümü kimi təqdim edilir”.

Bunu “MediaPost”a açıqlamasında ehtiyatda olan polkovnik Məhərrəm  Cahangirov deyib. 

O bildirib ki, bu gün Ermənistan ordusunda pərakəndəlik, nizam-intizamsızlıq elə həddə çatıb ki, hərbi hissələrdə “dedovşina” hallarının qarşısını almaq olmur: 

“Orduda hərbi qulluqçuya münasibət onların döyüş hazırlığına, fəaliyyətinə, milli təəssübkeşliyinə təsir edən ilk amildir. Hərbçiyə olan qeyri-etik rəftar onların nizam-intizamının da pozulmasına səbəb olur. Dövlətin, xalqın orduya olan münasibəti mövcud şəraitin təməlini qoyur. Əgər ordu rəhbərliyi öz zabitinin ölümünü əsgər ölümü, yaxud aşağı rütbəli hərbçinin ölümü kimi yayırsa, bu, hərbçiyə, onun ailəsinə, dövlətinə, ordusuna olan hörmətsizlikdir. Belə hallar ordunun zəifləməsi ilə nəticələnir”. 

M. Cahangirov bildirib ki, Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında ciddi münaqişə var. Polkovnik vurğulayıb ki, bu da orduda döyüş ruhunu, hazırlığını və bacarığını aşağı salır: 

“Onların zabit ölümlərini gizlətməsi, yaxud bunu əsgər ölümləri kimi qələmə verməsi ilk hal deyil. Bugünkü oxşar hadisələrin tez-tez şahidi oluruq. Buna görə dəfələrlə əsgər və zabit valideynlərinin etirazlarını görmüşük”. 

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, bu gün erməni əsgər Aşot Gevorkoviç Mikaelyan Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin müdafiə bölməsinin döyüş postu istiqamətində snayperdən açılan güllədən ölüb. 

Erməni mətbuatında və sosial şəbəkələrində isə Aşot Gevorkoviç Mikaelyanın kapitan rütbəli hərbi qulluqçu olduğu vurğulanır.  

Digər fikirlər

Daha çox fikir