Prezident: "20 il ərzində Ermənistana cinayətkarlar rəhbərlik ediblər"

"Bildiyiniz kimi, bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası”nda qondarma prezident seçkiləri keçirilmişdir. Qondarma, saxta prezident guya ki, seçilib".

"MediaPost" xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında çıxışı zamanı bildirib.

"Bu gün Dağlıq Qarabağda hakimiyyəti zəbt etmiş xunta rejimidir və əvvəlki rejimin tör-töküntüləridir. Ermənistanın əvvəlki rejiminin bəd əməlləri haqqında bütün faktları Ermənistanın indiki rəhbərliyi açıbdır, ictimaiyyətə təqdim edibdir. Onların generalları oğru, onların dırnaqarası “qəhrəmanları” cinayətkar, onların rəhbərləri rüşvətxordur. Keçmiş rejimin nə qədər nümayəndələri həbs olunub, nə qədər axtarışa verilib. Bu, nə deməkdir?! O deməkdir ki, 2018-ci ilə qədər 20 il ərzində Ermənistana cinayətkarlar rəhbərlik ediblər. Onlardan biri indi həbsxanadadır, o birisi isə hələ ki azadlıqda. Halbuki onun da ölkədən çıxışına qadağa qoyulub. Yəni, bir ölkənin müstəqilliyi hələ 30 ilə çatmayıb, ölkənin 20 ili cinayətkarların ixtiyarına buraxılıb. Əlbəttə ki, bu cinayətkar dəstə cinayətkar rejim yaradıb. O cinayətkar rejim ki, bütün milli azlıqları əzibdir.

Orada bir dənə də olsun milli azlıq yoxdur. Azərbaycanın qədim torpaqlarında bir dənə də olsun azərbaycanlı qalmayıbdır. Bizim tarixi abidələrimiz, məscidlərimiz dağıdılıbdır, azərbaycanlıların tarixi irsi silinibdir. Nəinki azərbaycanlıların, heç bir başqa millətin nümayəndəsi orada yoxdur. Baxın, dünyanın əksər ölkələrində müxtəlif xalqlar yaşayır. Bu baxımdan Azərbaycan bir örnəkdir. Bunu bütün dünya etiraf edir ki, Azərbaycanda hökm sürən millətlərarası münasibətlər, dinlərarası dialoq dünya üçün nümunədir. Ermənistanda isə əhalinin 99,9 faizi ermənidir. Bu cinayətkar kriminal rejim bütün digər millətlərdən olan insanları müxtəlif yollarla qovub. İndi Dağlıq Qarabağda da xunta rejimi hökm sürür. Əlbəttə, xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər bir şoudur, bir təlxəklər tamaşasıdır. Bütün aparıcı ölkələr bu dırnaqarası “seçkiləri” qınayıb və tanımayıb. Baxın, özü də bəyanatlar qəbul ediblər.

ATƏT-in Minsk qrupunun həmsədrləri – Amerika, Fransa, Rusiya bəyan ediblər ki, seçkiləri tanımırlar. Avropa İttifaqı bəyan edib ki, seçkiləri tanımır. Avropa Parlamenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkcə Avropa Şurasından başqa. Avropa Şurası susdu. O da nəyə görə? Bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər!".

Digər fikirlər

Daha çox fikir