Unutqan müştərilər 83 yaşlı cütlüyü bütün dünyada necə məşhur etdi?

Köhnə camaşırxana, unudulmuş paltarlar...

Şöhrətin insanı necə və hansı şəraitdə yaxalayacağı bəlli olmur. Elə Tayvandan olan yaşlı cütlük Çan Vantszi və Şu Şuenin qeyri-adi həyat hekayəsində olduğu kimi. Uzun illərdir Tayçjun şəhərindəki camaşırxanada çalışan cütlük xəyalına belə gətirməzdi ki, ahıl yaşlarında "İnstaqram" ulduzuna çevriləcək və bu platformada məşhurlarla rəqabətə girəcək qədər izləyici toplayacaqlar.

MƏŞHURLUĞA APARAN YOL

"MediaPost" xəbər verir ki, Çan və Şunu məşhurluğa aparan yol unudulmuş əşyalardan başladı. Cütlüyün iş yerində müştərilərin bilərəkdən və ya bilməyərəkdən unutduğu paltarlardan böyük bir "dağ" yaranmışdı. Nəvələri Rif olmasaydı, hər şey belə də gedəcək, yaşlı ər-arvad quru təmizləmədən çıxmış təmiz, ütülü paltarların sahiblərini gözləməyə davam edəcəkdi...

Rif nənə-babasına təklif edir ki, unudulmuş paltarları geyinərək şəkil çəkdirsinlər və həmin şəkilləri "İnstaqram"a yerləşdirsinlər.

Məşhurluq üçün az qala, bütün yollara baş vurulduğu, bütün yeniliklərin təcrübədən keçirildiyi bir dövrdə insanları təəccübləndirmək olduqca çətin idi. Bu qarışıqlığın arasında Rifin ideyası həqiqətən də, bənzərsiz və diqqətçəkən görünürdü. Gənc nəvə özü də fərqinə varmadan Çan və Şunun həyatında dönüş nöqtəsi olacaq tapıntıya imza atmışdı.   

Beləliklə, yaşlı ər-arvadın paylaşımları böyük diqqət görür, "WantShowAsYoung" ("Gənc görünmək istəyirəm") adlı hesabları bütün dünyada populyarlıq qazanaraq yarım milyona yaxın abunəçi toplayır.

img

QIZIL KİMİ TƏKLİF 

Rif deyir ki, əslində bu təklifi verəndə məqsədi nənə və babasının sosial şəbəkələrdə məşhurlaşması olmayıb. Sadəcə bu yolla darıxmamalarını təmin etmək və həyatlarına rəng qatmaq istəyib: "Camaşırxanada çox vaxt heç kim olmur. Səssizlik olanda da nənəm və babam yuxulamağa başlayır, əhvalları da korlanır. Onları bu cansıxıcı həyat tərzindən qurtarmaq və əyləndirmək üçün ağlıma belə bir fikir gəldi. Bir halda ki əlimizdə bu qədər paltar var, onların mövcudluğunu sahiblərinin yadına salmaq lazımdır. Bu halda onlar gəlib unutduqları paltarlarını aparar, mən də nənə-babama həyatın bu yaşda da maraqlı ola biləcəyini sübut etmiş olaram". 

Beləliklə, Rif əl-qolunu çırmalayaraq işə başlayır. Dəbdən başı çıxan tanışlarına müraciət edərək, onlardan bu işin incəlikləri barədə məsləhətlər alır. Sonra da camaşırxanada olan unudulmuş köynək, ətək və digər geyimləri aksesuarlarla (çanta, şapka, günəş gözlüyü) uyğunlaşdıraraq onları Çan və Şunun üzərində nümayiş etdirir. 

SƏS GƏTİRƏN FOTOLAR

Eyni zamanda camaşırxanadakı paltaryuyan maşının, qurutma aparatının fonunda Çan və Şunun şəkillərini çəkərək paylaşır. Hər fotosessiyanın sonunda ortaya çıxan görüntülər cütlüyün özünü də çox təəccübləndirir - baba şortda və çiçəkli köynəkdə, nənə qısa ətəklərdə...

img

Camaşırxanada yığılıb qalan yüzlərlə paltarın arasında qiyməti çox baha olanlar da var. "Bu geyimlərdə özümü 30 yaş kiçik hiss edirəm" - deyə 83 yaşlı Çan Vantszi deyir. Həyat yoldaşı Şunun isə ən sevimli paltarı müştərinin gəlib aparmadığı köynəyi və çəkmələridir.

Çan bu camaşırxananı 14 yaşında ailəsinə dəstək vermək üçün açıb. Və təxminən 70 ildir bu işlə məşğuldur. Dediyinə görə, əvvəllər insanlar paltarlarının dalınca gəlməməzlik etməzdilər. Bu tendensiya son illər - geyimlərin qiyməti daha münasib olandan sonra müşahidə edilməyə başlayıb: "Əvvəllər paltarlar çox baha idi. Mən evlənəndə bir kostyum almaq üçün 20 kisə düyü vermişdim. O illərdə geyim o qədər baha idi ki, onu lombarda qoyub pul götürmək olurdu".

NİYƏ UNUDULUR? 

Çan geyimlərin camaşırxanada əsasən hansı hallarda unudulub qaldığına da aydınlıq gətirib: "Bəziləri yerlilərdən olmadığı üçün öz evinə qayıdanda onları götürməyi unudur. Yaxud kimsə ölür, qohumları da onun paltarlarını götürmək ehtiyacı duymur. Kimsə boşanır və paltarlarını bizə verdiyini unudur".

Çan və həyat yoldaşı yüzlərlə belə geyimi müxtəlif xeyriyyə təşkilatlarına, xüsusən də fəlakət qurbanlarına dəstək olanlara hədiyyə ediblər. Bununla belə, camaşırxanada yenə də xeyli paltar qalmaqdadır. 

img

“MediaPost” bildirir ki, ilk vaxtlar cütlük başqasının paltarını geyinmək istəməyib. Deyiblər ki, bu biznesdə belə hərəkət yolverilməz hesab olunur. Lakin nəvələri onlara məsələyə fərqli bucaqdan baxmağı məsləhət görüb. Və onları inandıra bilib ki, bu addımları ilə həm unutqan müştərilərə xatırlatma edə, həm də hər kəsə köhnə paltarın da dəbli bir geyimə çevrilə biləcəyini, yaşın tərzlə geyinməyə maneə olmadığını göstərəcəklər.

Rif deyir ki, nənə-babasını razı salmaq asan olmayıb: "Əvvəlcə başa düşmürdülər. Həm də onlar hazırda nəyin dəb olduğunu da bilmirdilər. Hesab edirdilər ki, öz dövrlərinin geyimləri daha yaxşı olub və bu məsələdə müasir gənclər onları başa düşməz. Lakin sonra münasibətlərini dəyişdilər".

BİR DAŞLA İKİ QUŞ

Nəvənin sözlərinə görə, Çan və Şu əvvəllər nə "İnstaqram", nə "Facebook", nə də başqa sosial şəbəkədə olublar: "Amma indi mən onlara şəkillərinin altından yazılan rəyləri tərcümə edirəm, məmnuniyyətlə qulaq asırlar. Məsələn, Londondan bir izləyici yazıb ki, hər ikiniz çox cəlbedicisiniz, bu işinizi tərk etməyin". "Çan və Şunun sevgisi məni qocalığın o qədər də qorxulu şey olmadığını düşünməyə məcbur edir",- başqa bir izləyici yazıb. Bu cütlük bir çoxlarına onu da başa saldı ki, insanın yaşı gözəl görünməyə və həyatdan zövq almağa mane olmur".

"Bir çoxları o qədər də yaşlı deyillər, amma qəlbləri qocalıb", - Şu hesab edir. O deyir ki, nə özü, nə də əri təqaüdə çıxıb və hələ ki bu barədə düşünmürlər.

img

Rif bildirir ki, bu təşəbbüsü ilə həm nənə-babasının əhvalını xoş etməyə nail oldu, həm də bir çox həmyaşıdlarına yaşlı qohumlarına diqqət ayırmalı olduqlarını xatırlatdı: "Mənə uzun məktublar yazıb təşəkkür edirlər. Etiraf edirlər ki, doğmalarına lazım olduğu qədər vaxt ayırmayıblar və bundan peşmandırlar. Məni ən çox təsirləndirən məqam budur. Anlayıram ki, kiçikkən onlar vaxtlarının çoxunu mənə həsr etmişdilər. İndi qocalıblar və onlarla daha nə qədər zaman keçirə biləcəyimi bilmirəm. Əsas odur ki, indi çox xoşbəxtdirlər, üstəlik, əvvəllər heç kim onları bu qədər tərifləməmişdi".

Cütlüyün "İnstaqram" profilinin giriş hissəsi bu fikirlə bitir: "Camaşırxanadan əşyalarınızı götürməyi unutmayın!"

Tərcümə "MediaPost"a məxsusdur

Digər fikirlər

Daha çox fikir