"Valideyn körpəsinin adına kəsilən qurbanlıq ətindən yeməməlidir" - ilahiyyatçı

“Pul ilə alınan ət qurban hökmündə deyildir”.

Bu sözləri “MediaPost”a AMEA-nın doktorantı, ilahiyyatçı-alim Samid Quliyev müsahibəsində bildirib. 

-Qurban bayramının tarixi haqqında nə deyə bilərsiniz? 

-Qurban bayramı müsəlman aləmində böyük bayram kimi qeyd edilir. Demək olar ki, İslam dini ilə yanaşı, bütün inanclarda müəyyən fərqlərlə qurbanlıq ənənəsi qədim dövrlərdən mövcud olub. Bir sıra inanclara görə, İlahidən əhəmiyyətli bir şey dilədikdə bu diləyin qəbul olunması üçün mütləq qurban vermək lazım idi. Bəzi inanclarda qəbilənin ailə həyatı qurmayan birinin həyatına qurbanlıq adı ilə qəsd edirdilər. Bir çox qəbilələrdə adətən “qurbanlıqlar” qızlar olurdu. Beləliklə, guya Allah yolunda günahsız birinin qanı axıdılır və buna qurbanlıq adı verilirdi. Bir sıra digər inanclarda bu niyyətlə dəyərli hesab olunan başqa şeylər də İlahiyə “qurban” verilirdi. İnsanların qurbanlığa belə primitiv və xurafatla yanaşdığı bir dövrdə Uca Yaradan Öz peyğəmbəri Həzrət İbrahimi (ə) sınağa çəkir. Bu hadisə ilə qurbanlığın həqiqi, ilahi mahiyyəti bəşəriyyətə tam təfsilatıyla açıqlanıb, tarixə həkk olunur. Ölkəmizdə 1992-ci ildən Qurban bayramı dövlət səviyyəsində qeyd olunmaqdadır. Sadəcə hazırkı vəziyyəti nəzərə alıb, əvvəlki illərdə yaşadığımız ənənələrə müəyyən qədər başqa formada yanaşmalıyıq. Bu baxımdan Qafqaz Müsəlmanlar İdarəsinin təbrik məktubunda da qeyd olunur ki, “…Bu ilki Qurban bayramını dünyada davam edən pandemiya şəraitində qarşılayırıq. Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məqsədi ilə ibadət məkanları müvəqqəti bağlıdır. Pandemiya dövrünün məcburi təcrid tədbirləri səbəbindən müqəddəs Həcc ziyarətinin belə təxirə salındığı bir dövrdə bayram namazlarının ailə daxilində qılınması məqbuldur. Karantin səbəbindən ibadət məkanlarının müvəqqəti bağlı olması dindarlığa, təqvaya xələl gətirməməlidir. Xəstəlik və çətinliklər Allaha sığınmaq, səbr, təvəkkül, tövbə üçün bir vəsilə olmalıdır. Ümidvarıq ki, insanlar bu sınaqdan mənən daha güclü, ruhən daha saflaşmış çıxarlar, inşallah!...” Biz də öz növbəmizdə qoyulmuş qaydalara riayət etməliyik. 

img

-Qurban ətini hansı halda yeməməliyik? 

-Qurban bayramı paylaşmaq deməkdir. Qohumlarla yanaşı, aztəminatlı ailələri sevindirmək də Qurban bayramının şərtlərindəndir. Belə ki, qurbanlıq əti üç hissəyə bölüb, onun sahibi birini özü və ailəsi üçün götürə bilər və yerdə qalan iki hissədən birini öz qohum-qonşularına, digər hissəsini isə ehtiyacı olanlara paylamalıdır. Qurban sahibi istəsə kəsdiyi heyvanın ətindən yeməyib, onu tamamilə kasıblara paylaya bilər. Bu məsələdə insan özü ixtiyar sahibidir. İslamda əqiqə qurbanı deyilən bəyənilmiş bir əməl vardır. Bu qurban yeni doğulmuş uşağın adına kəsilir və valideynlərinin həmin əqiqədən yeyilməsi bəyənilmir. 

-Qurbanlıq heyvanların yeyilməyən əzaları hara atılmalıdır? 

-Qurban niyyətilə və yaxud başqa vaxt heyvan kəsilərkən onun bir çox əzaları islam alimlərinə görə yeyilməsi haramdır. Həmin bədən üzvləri qan, peyin, erkək heyvanın cinsiyyət üzvü, dişi heyvanın cinsiyyət üzvü, balalıq, düşul adlı vəzi, xayalar, beyindəki noxud formalı hissə, onurğa beyni, onurğanın iki tərəfindəki piy, öd kisəsi, dalaq, sidik kisəsi, göz hədəqəsidir. Kəsim zamanı şəriət qaydaları ilə yanaşı, baytarlıq-sanitariya və gigiyena normalarına əməl etmək zəruridir. 

-Qurban ətini heyvanlara yedizdirmək olarmı? 

-Bu əməlin şəriət tərəfdən heç bir eybi yoxdur. 

-Pulla alınan ət qurban sayılırmı? 

-Qurban ibadəti Həcc ziyarətini yerinə yetirən şəxslərə vacib olur. Digər yerlərdə bu əməli yerinə yetirmək bəyənilmiş haldır. Yəni imkanı olan şəxs özü və ya şərikli olaraq hər hansısa qurbanlıq şərtinə uyğun olan heyvanı alıb, kəsərək paylamalıdır. Bu baxımdan pul ilə alınan ət qurban hökmündə deyildir. Bu mübarək bayram günlərində dualar edirik ki, Allah-Təala xalqımıza tezliklə qələbə sevincini yaşatsın. Uca Yaradan kəsilmiş və kəsiləcək qurbanlıqları qəbul etsin! Amin

Digər fikirlər

Daha çox fikir