Niderlandda “5G” qüllələri yandırılıb
15.04.2020 14:20 Dünya

Niderlandda “5G” qüllələri yandırılıb

Ötən həftə Niderlandda bir neçə beşinci nəsil mobil rabitə (5G) qülləsi yandırılıb. Böyük Britaniyadan fərqli olaraq burada “5G” şəbəkələrinin qurulması və yeni koronavirus pandemiyası (COVID-19) arasında bağlılıq yoxdur.

"MediaPost" “ICTnews”a istinadən xəbər verir ki, məlumata görə, Niderlandın bır sıra qrup fəalları radiodalğaların insan sağlamlığına mümkün ziyanı səbəbindən “5G” şəbəkələrinin qurulması əleyhinə çıxış edirlər. Həmçinin bu texnologiyanın tətbiqinin şəxsi həyatın toxunulmazlığı hüququnun pozulmasına gətirib çıxaracağı ilə bağlı fikirlər səsləndirilir.

Mobil rabitə qüllələrinin yerləşdirilməsinə nəzarəti həyata keçirən və şəbəkə operatorları, o cümlədən “KPN”, “T-Mobile” və “Vodafone” adından hökumət təşkilatları ilə fəaliyyəti koordinasiya edən “The Monet Foundation” Assosiasiyasının direktoru Rob Bonqelar “De Telegraf” qəzetinə müsahibədə deyib ki, yanğından Rotterdam, Lissel, Bisd və Nyunendə yerləşən “5G” qüllələri ziyan çəkib.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın Liverpul, Birminqem və Mersisayd şəhərlərinin sakinləri “5G” stansiyalarının koronavirus pandemiyasına səbəb olması iddiası ilə onları yandırıblar. “Vodafone UK” şirkətinin nümayəndəsi “The Verge” nəşrinə müsahibədə dörd stansiyanın yandırıldığını bildirib.

Birmingemdə “EE” telekommunikasiya şirkətinə məxsus yandırılmış stansiyalardan biri isə beşinci nəsil mobil rabitə xidmətləri göstərmir.

“Bizim mühəndislər Birmingemdə stansiyalardan birində yanğının səbəbinin müəyyənləşdirilməsi ilə məşğuldurlar. Bunun qəsdən yandırılma olduğu müəyyənləşsə – hazırda hər şey məhz belə görünür, biz Uest-Midlends polisinə təqsirkar şəxsin tutulmasına kömək etmək niyyətindəyik. Stansiya Birmingem ətrafında minlərlə abunəçiyə xidmət göstərməklə uzun illər həyati əhəmiyyətli “2G”, “3G” və “4G” rabitəsini təmin edir. Biz rabitəni mümkün qədər tez bərpa etməyə çalışacağıq, lakin yanğın böyük ziyan vurub”, – şirkət nümayəndəsi qeyd edib.

Yanğınlardan sonra Böyük Britaniyanın Rəqəmsal Texnologiyalar, Mədəniyyət, KİV və İdman Nazirliyi “5G” stansiyalarının guya “COVID-19” ilə əlaqəsi olması nəzəriyyəsini təkzib edən bəyanatla çıxış edib.

Qeyd edək ki, “5G” texnologiyasının qurulması və “COVID-19” pandemiyası arasında əlaqənin olması barədə şayiələr əsasən sosial şəbəkələr vasitəsilə yayılır. “Facebook” və “Nextdoor” şəbəkələrində “5G” texnologiyasının koronavirusun yayılmasına səbəb olması ilə bağlı dezinformasiya dərc edən bir neçə qrup fəaliyyət göstərir. Nəzəriyyəyə görə, Çinin Uhan şəhərində xəstəliyin yayılması orada “5G” stansiyası quraşdırıldıqdan sonra baş verib. Nəzəriyyə tərəfdarlarının sözlərinə görə, məhz stansiya yoluxma mənbəyi olub və virus “5G” şəbəkələri vasitəsilə ötürülür.

Xəbərlər departamenti

Gündəm