Niyə evliliklər azalır, boşanmalar çoxalır? - FİKİR
16.12.2019 14:16 Fikirlər

Niyə evliliklər azalır, boşanmalar çoxalır? - FİKİR

Azərbaycanda son 8 ildə evlilik və boşanmaların statistikasına nəzər saldıqda acınacaqlı durumla üz-üzə qalırıq. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, 2010-2014-cü ilə qədər evliliklərin statistikası artan templə davam edirdirsə, artıq 2015-ci ildən etibarən bu rəqəmdə kəskin azalma müşahidə edilir. Sonrakı illərdə isə artıq statistik göstəricilər azalma tempi ilə davam edir. Boşanmalara gəldikdə, burada rəqəmlər artan templə gedir. Belə ki, hər il bu rəqəmlər təəssüf ki, yüksələn istiqamətdə gedir.

Bəs buna səbəb nədir? Sosiolaqlar bunu bir neçə aspektdən qiymətləndirir. Burada sosial amillər, yaş uyğunsuzluğu və ailəyə kənar müdaxilələr göstərilir. Təbii ki, bütün bunların təsiri böyükdür. Amma məsələyə bir az başqa aspektdən baxaq.

Hər gün dəyişən texnoloji yeniliklərin həyatımıza daxil olması boşanmaların əsas səbəblərindən biridir. Cəmiyyətdə ailə institutunun bərqərar olmasının başlıca amili ünsiyyətdir. Amma təəssüf ki, bu gün artıq ünsiyyət istər ailədə, istər iş yerində, istərsə də digər sahələrdə arxa plana keçib. Evin içində belə, kəlmə kəsmədən sosial şəbəkələr vasitəsilə qurulan ünsiyyət səmimiyyəti aradan aparıb. Evlərdə artıq texnoloji yeniliklərlə böyüyən bir nəsil yetişir. Özümüzə bir sual edək? Son dəfə nə zaman mobil telefonlar, kompüter və televizorsuz ailəmizlə vaxt keçirmişik? Bəlkə də bunu aylarla, illərlə etməyən ailələr var. Nəticə isə yuxarıdakı statistik göstəricilərdə öz əksini tapır.

Niyə evliliklər azalır, boşanmalar çoxalır? - FİKİR

Evliliklər niyə azalır?

Bu gün ölkədə evlənmək istəyənlərin ən əsas problemi kişilərin nöqteyi-nəzərindən “yaxşı qız”, qadınlarda isə “yaxşı oğlan”ın qəhətə çıxmasıdır. Təbii ki, işin əsli belə deyil. Sadəcə olaraq mentalitet ilə yeni texnologiyanın uyğunsuzluğu var. “Yaxşı qız” axtarışında olan oğlanlar sosial şəbəkələrdə “qız tutmaqla” məşğul olur. “Yaxşı oğlan” istəyən qızlar isə həmin “tutulan qızlar” rolunda çıxış edir. Nəticə isə göz qabağındadır.

Həmçinin sosial məsələlər də burada əhəmiyyətli rol oynayır. Ev, maşın, yaxşı iş axtarışında olan gənclər bir də gözlərini açırlar ki, artıq ömrün əhəmiyyətli hissəsini subay olaraq keçiriblər. Karyera dalınca qaçan qızlar isə ailəni arxa plana atır. Məələ burasındadır ki, artıq 25 yaşdan yuxarı olan subay qızlarla evlənmək istəməyən subay oğlanlar ordusu da yaranıb...

Təbii ki, bu deyilənlər hər kəsə aid deyil. Hər gün dəvət aldıqları toylardan şikayətlənənləri görəndə evliliklərin azaldığını düşünmürük. Amma evliliklərin ömrünün qısa olması adi hala çevrilib.

Niyə evliliklər azalır, boşanmalar çoxalır? - FİKİR

Boşanmalar niyə olur?

Burada bütün səbəbləri sadalamaq, subyektiv şıxış etmək fikrimiz yoxdur. Lakin ümumi olaraq bir neçə məsələni qeyd etmək istərdik. Yenidən həyatımızı işğal edən sosial şəbəkələr və texnologiya bunun başlıca səbəblərindəndir. Ailədə olan ən kiçik problemlər belə boşanmalara səbəb olur. Ailə daxilində nə qədər də gülməli olsa da, telefonlara qoyulan müxtəlif parollar inamsızlığın əsasını qoyur. Bəzən kiçik bir hadisə o qədər dərinləşir ki, nəticə məhkəmədə bitir. Geriyə qalan isə atasız, yaxud anasız böyüyən uşaqlar olur.

Bu gün insanların şəxsi həyatı artıq şəxsilikdən çıxıb. Sosial şəbəkələrə əli çatmayanlara televiziyalar “kömək” edir. Artıq efirdə elə məsələr müzakirə olunur ki, 10 il əvvəl bunu hətta yaxın qohumların yanında belə demək olmurdu. Adi hala çevrilən bu məsələlər də tez-tez “üç uşaq anası başqası ilə qaçdı”, “ailəsini atan kişi baldızı ilə qaçdı” və bu kimi xəbər başlıqlarına çevrilir.

Teymur Məmmədov

Mediapost.az-dan: Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Xəbərlər departamenti

Gündəm