Niyə qəzalar ən çox yolayrıcında baş verir?
04.02.2020 11:14 Fikirlər

Niyə qəzalar ən çox yolayrıcında baş verir?

Azərbaycanda yol qəzalarının böyük bir hissəsi yolayrıcında baş verir. İki, üç, bəzən isə 4-5 avtomobilin toquşması ilə nəticələnən yol-nəqliyyat hadisələri zamanı həm avtomobillərə, həm yol insfarstrukturuna, həm də insanlara ziyan dəyir.

Bəs görəsən buna səbəb nədir? Niyə məhz adıçəkilən yerlərdə qəzaların sayı çoxdur?

İlkin versiya...

Bəzi sürücülər yolayrıcını keçmə qaydasını bilmir. Xüsusilə nizamlanmayan yolayrıclarında “kim yol verməlidir?” sualı yarandıqda cavab tapa bilməyən sürücülər qəza törədir. Əslində isə cavab çox sadədir.

Qanun nə deyir?

"MediaPost" xəbər verir ki, “Yol hərəkəti haqqında” qanunun 77-ci maddəsində deyilir ki, eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir.

Niyə qəzalar ən çox yolayrıcında baş verir?

Yolayrıcında baş yol istiqamətini dəyişirsə, baş yolla hərəkət edən sürücülər öz aralarında eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcını keçmək qaydalarını əsas tutmalıdırlar. İkinci dərəcəli yollarla hərəkət edən sürücülər də öz aralarında bu qaydaları əsas tutmalıdırlar.

Eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir.

Sürücü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir.

Əgər sürücü yolun örtüyünün olub-olmadığını təyin edə bilmirsə (sutkanın qaranlıq vaxtı, palçıq, qar və s. nəticəsində), üstünlük nişanları isə yoxdursa, o, belə hesab etməlidir ki, ikinci dərəcəli yoldadır.

İkinci versiya...

Maraqlıdır ki, daha çox qəzalar nizamlanan yol ayrıclarında baş verir. Aydındır ki, işıqfor olan yerdə bu qəzaların olması təəccüb doğurur. Səbəb isə yenə çox sadədir. İşıqforun qırmızı işığında keçmək, yaşıl yanan kimi keçmək və işıqofun son saniyəsində yolayrıcına daxil olmaq.

Qırımızı işıqda yolayrıcına daxil olmaq qadağan olduğu qədər də ən təhlükəlisidir. Çünki istənilən halda qəzanın baş vermə ehtimalı çox yüksəkdir. Adətən, sürücülər daha çox gecə saatlarında bunu edirlər. “Yol boşdur”, “onsuz da kimsə yoxdur” fikri ilə qırımızı işıqdan keçib yolayrıcına daxil olurlar. Bu zaman isə digər nəqliyyat vasitəsi ilə toqquşma baş verir. Nəticədə qəza yaranır.

Niyə qəzalar ən çox yolayrıcında baş verir?

Qayda pozuntusu olmasa da, qəza riski olan yaşıl işıq yanan kimi, yaxud işıqforun son saniyəsində yolayrıcına daxil olmaq bu səbəblərdəndir. Belə ki, yaşıl işıq yanan kimi tələsib yolayrıcına daxil olan zaman eyni düşüncədə olan digər sürücü də işıqforun son saniyəsində bu hərəkəti edir. Nəticədə isə qəza baş verir. Odur ki, tövsiyə olunur ki, işıqforun qadağanedici nişanına bir-iki saniyə qalıbsa, gözləmək daha məqsədəuyğundur. Həmçinin yaşıl işıq yanan kimi yolayrıcına daxil olmayıb yenə bir-iki saniyə gözləmək yaxşıdır. Təbii ki, burada sizə siqnallar veriləcək və digər tələsən sürücülər olacaq. Amma ən əsası təhlükəsizlikdir.

Üçüncü versiya...

Bəzi sürücülər yolayrıcına daxil olarkən, xüsusilə sağa və ya sola dönmə zamanı sürət həddini düzgün seçmirlər. Nəticədə idarəetmə itirilir. Bu zaman hətta qarşı yola çıxaraq digər avtomobillər ilə toqquşmalar baş verir. Bu tip qəzalar ən çox yağıntılı havalarda baş verir. Sürüşmə amili qəzanın miqyasını daha da böyüdür. Odur ki, sürücülər yolayrıcına daxil olub dönmə edən zaman sürət həddini düzgün müəyyən etməlidirlər.

P.S. Bu qəzaların demək olar ki, 90 faizi 2-3 saniyə tələsmək ucbatından baş verir. Yaxud işıqforda maksimum 60-90 saniyə gözləməmək üçün edilir. Amma 1 dəqiqə sürücünü ən azı bir müddət avtomobilsiz qoya bilir. Daha ağır vəziyyətlərdə isə külli müqdarda maddi zərər, sağlamlığın itirilməsi və ya ölümlə nəticələnər. Odur ki, 1 dəqiqənin qurbanı olmamaq üçün tələsməyək!

Orxan Əli, xüsusi olaraq "MediaPost" üçün

Xəbərlər departamenti

Gündəm