Növbəti "qaynar qazan" Belarus: Kütləvi iğtişaşlar, narazı xalq - Nələr baş verir? - <span>FOTOLAR</span>
10.08.2020 10:44 Xarici siyasət Siyasət

Növbəti "qaynar qazan" Belarus: Kütləvi iğtişaşlar, narazı xalq - Nələr baş verir? - FOTOLAR

Belarusda keçirilən seçkilərin nəticələrinə əsasən, Aleksandr Lukaşenko yenidən prezident seçilib. 

Seçkilərin nəticəsindən narazı olan vətəndaşlar küçələrə axışıb, polisin etirazçılara müdaxiləsindən sonra etiraz dalğası böyüyüb. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan və “molotov kokteyl”indən istifadə edib. 

Bu etirazlar Belarusiyanı yeni mərhələyə daşıyacaq? Yenidən seçilən Lukaşenko yeni dönəm vəd edirmi?

Bununla bağlı "MediaPost"a açıqlama verən beynəlxalq məsələlər üzrə mütəxəssis, STM Mətbuat Xidmətinin rəhbəri Əziz Əlibəyli bildirib ki, bu ərazilərdə seçkilər zamanı belə halların yaşanmasını normal qarşılamaq lazımdır:

“Təxminən 25 ildir Lukaşenko hakimiyyətdədir. Hakimiyyətdə olduğu bu müddət ərzində Rusiyaya sadiqliyi ilə seçilib və Rusiyaya yaxın olan 3 ölkədən biri hesab etmək olar. Bütün bunlarla yanaşı, Qərbdə də Belarusun prezidentinə “sonuncu diktator" adı verməklə uzun müddət kiçikçaplı sanksiyalar tətbiq edib, təzyiq altında saxlayıblar. Amma son zamanlar belə bir tendensiya müşahidə olunur ki, Lukaşenko ilə Qərb razılaşmaq istəyir. Hətta biz seçkilər öncəsi gördük ki, Rusiyadan maliyyələşən “Vaqner” muzdlu qruplaşmasının 30-a yaxın üzvünün Belarusda tutulması, belə bir qənaət formalaşdırıb ki, Qərb artıq Lukaşenkonun arxasındadır. Və bu proseslərdən sonra Lukaşenko hakimiyyətdən gedəcək. Amma gördük ki, proseslər əksinə cərəyan etdi".

img

Ekspert əlavə edib ki, Rusiya əslində, yalançı fon yaradıb: "Yəni bu fonu o formada yaratdı ki, guya Belarus ilə aralarında problem var və Lukaşenko Moskvada arzuolunan şəxs deyil. Sadəcə, ictimaiyyət arasında Lukaşenkonun nüfuzunu qaldırmaq üçün Rusiya belə bir gediş edib. Bir həftə sonra bütün bunlar başa çatacaq. Amma digər məsələ də onunla bağlıdır ki, Rusiya artıq Belarusda Lukaşenkonun seçilməsi ilə bu prosesləri təmin edib və bununla da hər şey bitib. Seçkilər fonunda vətəndaş üsyanı isə qısaçaplı narazılıqlardır. Yəqin ki, aradan qalxacaq. Bunun kökündə əlbəttə ki, hazırkı Soros fondundan maliyyələşən o 3 blogerdir. Lukaşenkoya qarşı narazılıq nümyiş etdirmək istəyirdilər. Bu da alınmadı və Lukaşenko qalib gəldi”. 

img
img
img
img

Məleykə Ağasoy

Gündəm