Nümunəvi sürücülərin istəmədən pozduğu qaydalar
27.01.2020 08:14 Fikirlər

Nümunəvi sürücülərin istəmədən pozduğu qaydalar

İdeal sürücü yoxdur. Təbii ki, kiçik də olsa qayda pozuntularına yol veririk. Amma etiraf edək ki, bir çox hallarda bu qayda pozuntuları istəmədən olur. Təbii ki, 1.1 xəttinin, yaxud qoşa xəttin üstünə bir az çıxmaq qanunvericiliklə pozuntu hesab edilsə də kobud deyil. Çünki əksər hallarda sürücülər bunu istəmədən, məcburi edir. Səbəblər də müxtəlifdir. Amma ən əsas səbəb digər sürücünün onu sıxmasının nəticəsində baş verir.

Yolda hərəkət edərkən sağdan, yaxud soldan kimsə avtomobili üstünə çəkəndə yayınmağa məcbur olursan.

Nümunəvi sürücülərin ən yaralı yeri isə ara məsafəsidir. Demək olar ki, bizdə ara məsafəsi saxlamaq dəb deyil. Məhz bu səbəbdən də qəzalar çox baş verir. Amma bunun da obyektiv səbəbləri var. Nə qədər acınacaqlı olsa da, nümunəvi sürücülərin əksəriyyəti ara məsafəsi saxlamaqda əziyyət çəkir. Çünki bir maşınlıq yer olan kimi kimsə "qabağa düşmək" üçün ora girir. Nəticədə isə bəzən qəzalar qaçılmaz olur.

Hərəkət etdiyin yolda sürət həddi 60 km/saat olduğu halda, sağında da nəqliyyat vasitəsi hərəkət edirsə təbii ki, manevr etmək imkanı olmur. Amma arxadan yüksək sürətlə gələrək "yol istəmək" üçün dayanmadan işıq yandırıb-söndürən, əlini siqnaldan çəkməyənləri buraxmaq üçün sürət həddini qaldırmaq məcburiyyətində olursan. Təbii ki, bu da qayda pozuntusudur.

Ən təhlükəli və eyni zamanda məcburi olan qayda pozuntularını sırasında əks istiqamətdə hərəkət etmək var. Belə ki, ensiz zolaqda avtomobili park edən, yaxud saxlayıb marketə, aptekə gedən sürücülər olur. Nəticədə digər sürücülər yoluna davam etmək üçün qayda pozmağa məcbur olurlar. Təbii ki, bu qayda pozuntusu məcburi olmaqla yanaşı, həm də təhlükəlidir.

Bu qayda pozuntusunun digər bir forması isə magistral yollarda yük maşınlarının asta sürətlə hərəkət etməsidir. Qanunla bir neçə avtomobil yığıldıqda yük maşını sağa çəkib saxlamalı və yol verməlidir. Amma bəzən bu o qədər davam edir ki, sürücü sonda qayda pozmağa məcbur olur.

P.S. Yuxarıda qeyd olunanlar heç də sürücülərə qayda pozmaq üçün bəraət vermir. Qaydalarla hərəkət etmək zəruridir. Çünki məcburi olaraq pozulan bir qayda da qəzaya səbəb ola bilər.

Orxan Əli, xüsusi olaraq "MediaPost" üçün

Xəbərlər departamenti

Gündəm