NÜSR-ƏT: Yoxsul qəssab elit restoranlar şefinə necə çevrildi?
21.01.2020 09:16 Fikirlər

NÜSR-ƏT: Yoxsul qəssab elit restoranlar şefinə necə çevrildi?

Kimilərinə görə o, "ət kralı", kimilərinə görə "ət sehrbazı"dır. Bir vaxtlar Ərzurumda kasıb bir ailədə dünyaya gələn, valideynlərinə dəstək olmaq üçün 13 yaşında qəssablığa başlayan Nüsrət Gökçənin şöhrəti bu gün təkcə vətəni Türkiyənin yox, dünyanın dörd bir yanına yayılıb. İndi hamı onun restoranlarında ət yemək, fürsət düşərsə, onunla şəkil çəkdirmək üçün ətək-ətək pul tökməkdən çəkinmir, bəzən bunun üçün uzun yollar belə, qət edir.

Bu günə qədər Nüsrətin restoranlar şəbəkəsindən bir çox məşhurun və dünya ulduzunun yolu keçib. İndi dünyada "elit ət restoranı" anlayışı həm də 36 yaşlı Nüsrətin adı ilə bağlıdır. Dediyinə görə, ilk restoranını açarkən maddi dəstək istədiyi dostuna bu cür də deyib: "Sən mənə pul verəcəksən, mən də tezliklə sənə pulsayan maşın alacam...".

Görək, Nüsrət Gökçə kimdir və gənc yaşında "ət səltənəti"nin "sultan"ına necə çevrilib?

NÜSR-ƏT: Yoxsul qəssab elit restoranlar şefinə necə çevrildi?

HƏM KASIB, HƏM TƏHSİLSİZ...

"MediaPost" xəbər verir ki, N.Gökçə 1983-cü ildə Türkiyənin Ərzurum şəhərində dünyaya gəlib. Evdar qadın ananın, mədən işçisi atanın 5 övladından dördüncüsü olub. Nüsrət 2 yaşına çatanda ailə maddi problemlərə görə Ərzurumdan Darıcaya (Kocaeli) köçüb. 6-cı sinifdə orta təhsilini yarımçıq qoyub işləmək məcburiyyətində qalan Nüsrət böyük qardaşının yanında qəssablığa başlayıb.

Uzun müddət "Bostancı"dakı dükanda qəssab köməkçisi olub. Etiraf edir ki, bugünkü peşəkarlığını və məşhur ətdoğrama metodunu məhz həmin ağır illərə borcludur: "İl boyu bir dəfə də məzuniyyət götürmürdüm. Hər gün 18 saat dayanmadan işləyrdim".

Restoran karyerasına 2007-ci ildə "İstinye park" alış-veriş mərkəzində başlayıb, orada müştərilərə qəssab-restoran formatında xidmət göstərib.

Bu sahədə ən müasir metod və texnologiyalarla tanış olmaq, onları ölkəsində tətbiq etmək üçün Türkiyədən kənara çıxmağa qərar verib. Dediyinə görə, bu qərar həyatında dönüş nöqtəsi olub: "2007-də qəssab-restoran formatı işə düşəndə bu məni çox həyəcanlandırdı. Düşündüm ki, görəsən, bu iş dünyada necə qurulur?".

Sonu özünə də bəlli olmayan macəralı yolçuluqda ilk üz tutduğu ölkə Argentina olub. Sonra ardı da gəlib - Yaponiya, Amerika... Həmin vaxtlar Nüsrət xarici dil də bilmirmiş. Lakin nə bu, nə də maddi imkansızlıq ona arzularının ardınca getməyə əngəl olmayıb.

Fransız bir müştərinin vasitəçiliyi, cibindəki son pulu və kredit kartından çıxardığı 7 min lirə ilə Argentinaya yola düşüb. Çatan kimi fermaları, qəssab və restoranları gəzməyə başlayıb. Restoran sektoru ilə bağlı bütün vacib məlumatları toplayıb.

Türkiyəyə yeni bilgilərlə dönən Nüsrət köhnə iş yerinə qayıdıb və öyrəndiklərini tətbiq etməyə başlayıb. Dediyinə görə, bu gün Türkiyədə məşhur olan "Lokum", "Ceviz", "Kafes" kimi, ət yeməklərinin ilk müəllifi özü olub.

Argentina səfərindən ilhamlanan Nüsrət bu dəfə də Birləşmiş Ştatlara getmək qərarına gəlib. Lakin qarşısına yenə maneələr çıxıb: "Viza üçün müraciət etdim, amma hesabımda pul yox idi. Qeydiyyatdan keçmiş evim, əmlakım da yox idi, üstəlik evli deyildim. 4 dəfə rədd cavabı aldım. Argentina səfərindən sonra bir neçə dəfə qəzet və jurnallarda haqqımda yazılar çıxmışdı. Onları göstərəndən sonra viza verdilər".

2010-cu ildə böyük çətinliklə də olsa, ABŞ vizasını alaraq okeanın o tayına yollanıb. Dünyanın super dövlətində istədiyi bilgiləri toplamaq və təcrübə keçmək üçün Nüsrətin cəmi 3 ay vaxtı olub. Nyu-Yorkun ən məşhur dörd restoranında maaş almadan çalışıb və hazırladığı menyu Amerikanın ən nüfuzlu nəşrlərindən olan "New York Times"da dərc olunub.

NÜSR-ƏT: Yoxsul qəssab elit restoranlar şefinə necə çevrildi?

"NÜSR-ƏT" NECƏ QURULDU?

ABŞ-dan qayıdanda artıq köhnə işini itirmiş olub. Lakin bu, Nüsrəti məyus etməyib. Çünki məqsədi və ən başlıca hədəfi öz restoranını açmaq olub. Yetərli pulu olmadığından dəstək üçün köhnə dostu Mithat Ərdəmə üz tutub. Özü həmin anları belə xatırlayır: "Bir çox təklif gəlmişdi. Lakin hədəfim öz məkanımı açmaq idi. Mithat Erdem köhnə dostum idi. Mən əməyimi qoydum, o pulunu. Soruşdu ki, adı nə olacaq? Bir kağız parçasına "Nüsrət" yazdım, "ət" hissəsini ayırdım. Dedim ki, pulu ver, sənə bir müddət sonra pulsayan maşın alacam...".

Dediyi kimi də olub və 5-6 aydan sonra Nüsrət dostuna olan bütün borcunu ödəyib. 2009-cü ilə qədər işə tək davam edib. Üç il sonra "Doğuş Grubu" ilə ortaq olub.

Əvvəllər aylıq 1800 lirə gəliri olan Nüsrət artıq əlinin altında yüzlərlə işçisi olan rəhbərə çevrilib. Onun restoranlar şəbəkəsinin Türkiyənin ayrı-ayrı bölgələri (İstanbul, Ankara, Bodrum, Marmaris, Muğla və s.) ilə yanaşı, Dubayda, Abu-Dabidə, Dohada, Mayamidə, Nyu-York da şöbələri var.

Yeməklərilə yanaşı, ətin seçimindən tutmuş, onun bişirlməsinə və xidmətə qədər N.Gökçənin hər bir prosesdə iştirakı "Nusr-Et" restoranlarının əsas özəlliklərindən sayılır. Bugünədək bu restoranlarda prezidentdən tutmuş, (Venesuela prezidenti) kino və futbol ulduzlarına qədər bir çox məşhur yemək yeyib.

Özünün dediyinə görə, hazırladığı ətlərin dadına baxmaq üçün restoranına xaricdən xüsusi təyyarə ilə gələn müştərilər var və bu, onun üçün çox böyük xoşbəxtlikdir: "İlk dükanımda hər axşam qapının qabağında durub adımın yazıldığı lövhəni oxuyardım. Dua və şükr edərdim. Hələ də şükr edirəm".

NÜSR-ƏT: Yoxsul qəssab elit restoranlar şefinə necə çevrildi?

NARAZILAR VƏ TƏNQİDÇİLƏR!

"Nusr-Et"dən məmnun qalanlar kimi, narazı olanlar da var. Narazıların bir qismi qiymətlərin baha olmasını, bir qismi isə ətin çox yağlı və insan sağlamlığına zərərli olmasını əsas gətirirlər.

Məsələn, 2018-ci ildə Amerikanın "Time-Out New York" jurnalı restoranın Nyu-Yorkdakı şöbəsini saxtakarlıqda ittiham etmişdi: "Nusr-Et"də verilən ət həm duzlu, həm də çox bahadır. Menyunu internetə qoymayıblar. Müştərilər masada oturana qədər nə qədər pul xərcləyəcəklərini bilmirlər. Nüsret "Instagram"dakı pulsuz şousunu burada şəxsə özəl xüsusi bir sirkə çevirib. Yemək pisdir... Bəlkə də bəzi nyuyorklular bir "İnstagram" paylaşımı üçün bu qədər pul xərcləməyə dəydiyini düşünürlər. Lakin onların əksəriyyəti özlərini həmin ayın kirayə pulunu pəncərədən bayıra atmış kimi hiss edəcəklər. "Nusr-Et" Nyu-York restoran dünyasına layiq deyil, amma biz ona layiqik. Biz bu canavarı birlikdə yaratdıq".

"New York Post" qəzeti isə restoranda ət qiymətlərinin baha olduğunu yazmışdı: "Üç nəfərə bir stəkan pis şərab və kokteyl üçün 521.45 dollar ödədik və ac qaldıq. Ət olduqca yağlı idi. Bunlar yalnız sultanların ödəyə biləcəyi yeməklərdir".

NÜSR-ƏT: Yoxsul qəssab elit restoranlar şefinə necə çevrildi?

"Newsweek" jurnalı ət yeməklərini əlcəkdən istifadə etmədən müştəriyə təqdim etdiyi üçün "Nusr-Et"in Nyu-York şöbəsində araşdırma başladıldığını yazmışdı. Araşdırmadan sonra müştəriyə xidmət zamanı əlcək geyinməyə başlayan Nüsrət Gökçə əlcəkli şəklini sosial mediada da paylaşmışdı.

"New York Times" qəzeti də təəssüratını bölüşmüşdü: "Bu, əti bişirmədən əvvəl dramatik şəkildə duza batıran məşhur aşpaz Nusretin ilk mətbəxidir. "İnstagram" sayəsində ötən il ən azı Corc Kluni qədər tanındı. Yanındakı tərcüməçi vasitəsilə mənə dedi ki, Türkiyədə qəssablıq yuxarıdan aşağı baxılan bir işi idi. Lakin sayəsində bu gün bütün uşaqlar böyüyəndə qəssab olmaq istəyir".

Nyu-York şöbəsi yeni açılanda (2018) müştərilər qiymətlərlə bağlı paylaşımlar etmişdilər. Məlum olurdu ki, məsələn, menyuda "Kafes" 250 dollar, "saltbae tomahawk" 275 dollar, lokum, spagetti, kabab hər biri 70 dollar, dondurmalı, fıstıqlı paxlava isə 20 dollardır. Xardallı "Ottoman Steak" üçün isə 130 dollar ödəmək lazım gəlir. Yüzdə 18-lik bəxşiş və "selfie" də hesaba daxildir.

NÜSR-ƏT: Yoxsul qəssab elit restoranlar şefinə necə çevrildi?

İNSTAQRAMDA 25 MİLYON İZLƏYİCİ

Nüsrət əti duzlama (duzu dirsəkdən tökmə) metoduna görə də məşhurluq qazanıb. Bu özəlliyinə görə onu "Saltbae" də adlandırırlar. Şəkillərin bir çoxunda onun əti necə duzladığı nümayiş olunur.

Şəkillərdən söz düşmüşkən, Nüsrət Gökçe sosial mediadakı paylaşımları ilə də adından söz etdirir. Məsələn, hazırda "İnstagram"da 25 milyondan çox izləyicisi var.

Türkiyə mətbuatının yazdığına görə, Nüsrətin sosial mediada bu qədər populyar olmasının bir səbəbi də bu sahənin mütəxəssisiylə işləməsidir. Nüsrət getdiyi bütün ölkələrə həmin mütəxəssisi özü ilə aparır.

İşindən çox məmnun qaldığı üçün Nüsrət 2020-ci ildən ona 20 yox, 30 min lirə maaş verəcəyini bildirib: "Çox yaxşı işləyir. Ona görə maaşını artıracam. Aylıq maaşı 30 min lirə olacaq".

Bu arada, Nüsrətin bütün foto və videoları bu mütəxəssisin nəzarətindən keçdikdən sonra yayımlanır...

Tərcümə "MediaPost"a məxsusdur




Xəbərlər departamenti

Gündəm