“O biri dünyanın vəsiqəsi” - SÜRƏT
02.01.2020 08:40 Fikirlər

“O biri dünyanın vəsiqəsi” - SÜRƏT

Adətən, sürücülər iki halda avtomobili yüksək sürətlə idarə edirlər. Daha çox tələsəndə və sadəcə, belə istədikləri üçün. Hər iki vəziyyətdə sürücüyə heç bir haqq qazandırmaq olmur. Düzdür, qanunvericilikdə “son zərurət həddi anlayışı” var. Yəni sürücü mühüm bir məsələ ilə bağlı (xəstəni xəstəxanaya çatdırmaq kimi) qaydaları pozarsa və hətta bu xüsusi texniki vasitələrlə aşkarlanarsa, bu qayda pozuntusu yol polisinə müraciət etdikdə bağışlanıla bilər. Lakin bu halda belə, sürət həddini aşmaq təhlükəlidir. Xəstəxanaya çatdırmaq istədiyimiz xəstəni oranın morquna təhvil verə bilərik.

Qonunvericilikdə sürət həddi anlayışı

Yol Hərəkəti haqqında Qanunun 50-ci maddəsində nəqliyyat vasitələri üçün sürət həddi müəyyən olunub. Nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz. Avtomagistrallarda bu hədd saatda 110 kilometr müəyyən olunub. Odur ki, qanunla sürücülərə nəqliyyat vasitəsini onun texniki xarakteristikası üzrə müəyyən edilmiş maksimum sürətdən artıq sürmək, lüzumsuz olaraq həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaratmaq, yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan hallar istisna edilməklə, nəqliyyat vasitəsini sərt tormozlamaq qadağandır.

“O biri dünyanın vəsiqəsi” - SÜRƏT

Qəzaların əsas səbəblərindən biri

Bir neçə gün əvvəl Şirvan şəhərində "Hyundai Santafee" markalı avtomobillə üç qadın sərnişin və sürücünün dünyasını dəyişməsi ilə baş vermiş qəza ilə bağlı aparılan araşdırmalar zamanı məlum olub ki, sürücünün hərəkət etdiyi orta sürət 110 km/saat sürət olub. Bu o deməkdir ki, sürücü bəzi ərazilərdə 60-70 km/saat sürətlə hərəkət etmiş olsa da belə, bəzi yerlərdə hərəkət sürətini 160-170 km/saat sürətə kimi yüksəldib. Qəza anında isə avtomobilin sürəti 110 km/saatdan artıq olub. Halbuki həmin ərazidə maksimum 60 km/saat sürətlə hərəkət etmək olardı.

Xüsusilə piyadaların vurulması ilə nəticələnən qəzalarda da sürət mühüm rol oynayır. Sürücü piyadanı bəzən gec görür, bəzən isə sürəti o qədər yüksək olur ki, avtomobili “yığışdıra” bilmir. Nəticədə də bədbəxt hadisə baş verir.

“O biri dünyanın vəsiqəsi” - SÜRƏT

Həmçinin yüksək sürətin qəzalara səbəb olmasının daha bir nümunəsi də Bakı-Quba yolu ilə bağlıdır. Bir müddət əvvəl həmin yolda sürət həddi 90 km/saata endirildi. Səbəb isə yolun həddindən artıq bərbad vəziyyətdə olmasıdır. Həmin ərazidə sürət 110 km/saat olan zaman qəzaların sayı da çox olurdu. Həm Şirvan şəhərində, həm də Bakı-Quba yolunda sürət həddinin aşılması ilə nəticələnən qəzaların bir səbəbi də yolun yaxşı vəziyyətdə olmamasıdır. Sürücülər bir çox hallarda bu amili nəzərə almır. Lakin daha çox nabələd olduğumuz yollarda maksimum sürət həddindən də aşağı sürəmək lazımdır. Çünki səni qarşıda hansı sürprizin gözlədiyini bilmirsən.

Bəs sürət həvəskarları nə etməlidir?

Yuxarıda qeyd etdik ki, bəzi sürücülər sadəcə, zövq üçün yüksək sürətlə avtomobil idarə etməyi sevir. Amma bunu magistral yollarda, yaxud yaşayış məntəqələrində etməyin təhlükəli olduğunu qeyd etdik. Bunun üçün xüsusi yerlər mövcuddur. Sürəti, hətta drifti sevən şəxslər bunu həmin yerlərdə edə bilərlər. Bilməyənlər üçün qeyd edək ki, Zığ şossesindən Hövsan istiqamətində gedəndə yolun solunda belə bir məkan var. Sürücülər öz məharətlərini burada da sınaya bilərlər.

Sonda qısa bir tövsiyə: Sürətli avtomobil idarə edərək ölümə tələsməyək.

Orxan Əli, xüsusi olaraq "MediaPost" üçün

Xəbərlər departamenti

Gündəm