On il sonra bir ilk: Büdcə kəsri olan Moskva borc alacaq
05.11.2020 11:55 Dünya

On il sonra bir ilk: Büdcə kəsri olan Moskva borc alacaq

Moskva Bələdiyyə başçısı Sergey Sobyanin iqtisadi çətinliyə rəğmən xərcləri azaltmaq yerinə büdcə kəsrini borc alaraq bağlamağı seçib.

"MediaPost" xəbər verir ki, paytaxtın 2021-2023-cü il büdcəsi 6.5 milyard dollar kəsrlə qəbul edilib. Belə ki, büdcədə növbəti üç ildə 2.6 trilyon rubl gəlirə qarşı 3.2 trilyon rubl xərc olacağı təxmin edilib.

Şəhər rəhbərliyi boşluğu aradan qaldırmaq üçün 10 il sonra ilk dəfə istiqraz buraxmağa qərar verib. İstiqrazlar sayəsində büdcəyə 2021-ci ildə 396 milyard, 2022-ci ildə 179 milyard, 2023-cü ildə 44 milyard rubl əlavə edilməsi planlaşdırılır.

Bələdiyyə sədrinin müavini Vladimir Yefimov borc vəsaitlərinin investisiya layihələrində istifadə olunacağına söz verib.

Digər tərəfdən koronavirus pandemiyası ilə dərinləşən iqtisadi çətinliklər səbəbilə Rusiya hökuməti Şimali Qafqazdakı federasiya ilə əlaqəli respublikalardan biri olan İnquşetiyanı rəsmi olaraq "iflas" elan edib və maliyyə idarəsini Maliyyə Nazirliyinə təhvil verib.

 

Anara Mikail

Gündəm