Orta məktəblər nə üçün 3 yerə bölünməlidir?
25.02.2020 07:23 Fikirlər

Orta məktəblər nə üçün 3 yerə bölünməlidir?

Bu gün əksər məktəblərimizdə 6 yaşlı uşaqlarla 16 yaşlı uşaqlar birlikdə oxuyur. Təsəvvür edin ki, aralarında 10 yaş fərqi olan balaca uşaqlarla yeniyetmələr bir yerdə, bir binada təhsil alır. Pedaqoqlar və psixoloqlar isə qəti olaraq deyirlər ki, hər yaşda uşağın düşüncəsi, davranışları fərqlidir. Bir də biz aralarında 10 yaş fərqi olanları təsəvvür edək.

Artıq dünyanın bir çox təhsil sistemlərində yaş aralığına görə orta məktəb sistemi tətbiq olunur. Heç uzağa getmədən əvvəlcə qonşu Türkiyəyə baxaq. Burada məktəblər üç qrupa bölünür: 1) İbtidai məktəb 2) Orta məktəb 3) Lisey.

Göründüyü kimi uşaqları üç yaş aralığına bölərək təhsil verirlər. Təbii ki, Türkiyədə orta təhsilin ideal olduğunu iddia etmirəm. Amma istənilən halda bu bölgü çox önəmlidir və dünyada orta təhsili yaxşı səviyyədə olan ölkələr də bunu tətbiq edir.

Məsələn, indi uzaq Amerikaya diqqət edək; bu ölkədə orta məktəblər 12 illikdir və 3 mərhələyə ayrılır:

İbtidai məktəb – elementary school (I-VI siniflər)

Əsas məktəb – secondary school (VII-IX siniflər)

Orta məktəb – High school (X-XII siniflər)

Belə nümunələri təbii ki, artırmaq olar. Göründüyü kimi uşaqların yaş aralığına görə ayrı-ayrı məktəblərdə təhsil alması, artıq kifayət qədər təcrübədən keçirilən bir sistemdir. Bu haqda isə məndə qəti fikri BMU-nun prorektoru Elçin Süleymanovun yazısı yaratdı. Prorektor bir müddət öncə bölgünün vacibliyi və tətbiqi ilə bağlı təklif irəli sürmüşdü.

Orta məktəblər nə üçün 3 yerə bölünməlidir?

Bəs uşaqlar ayrı-ayrı məktəblərdə təhsil almasa nə baş verə bilər?

Əslində, cavab olaraq demək olar ki, bütün şagirdlərin eyni məktəbdə təhsil alması, artıq bir sıra problemlər yaradır. Yəni baş verə bilər yox, artıq bu, baş verir. Bunlardan biri elə çox gündəmdə olan bullinq problemidir ki, yuxarı sinif uşaqları aşağı sinif şagirdlərinə qarşı problemlər yaradır, onları təkləyir, psixoloji və fiziki zorakılıqdan istifadə edirlər.

Bir digər problem isə yeniyetmə uşaqlarda baş verən düşüncə dəyişiklikləri, cinsi inkişaf prosesləridir ki, onların gündəlik düşüncə və danışıqları da buna uyğun olur. Amma 8 yaşlı bir uşağa bu mövzular aydın deyil və onunla bunun müzakirəsi hətta təhlükəlidir.

Amma bu gün məktəblərimizdə bütün bu uşaqlar nəinki məktəb həyətləri, əksərən binaları da eynidir və onlar bir-birilə təmasda olur, yoldaşlıq edirlər.

Ona görə də bu problemin tam həlli üçün hər bir yaş aralığına uyğun olaraq ayrı-ayrı məktəb binaları müəyyənləşdirilməlidir və uşaqlar ayrı-ayrı yerləşdirilməlidir. Operativ həll kimi isə yuxarı sinif uşaqların yaşca kiçik uşaqlarla təmasına, dostluğuna imkan verilməməlidir. Bununla problemi müəyyən qədər minimallaşdırmaq olar. Amma əlbəttə ki, bu uzunmüddətli və effektli həll deyil.

Orta məktəblər nə üçün 3 yerə bölünməlidir?

Bəzən deyilir ki, bunun üçün yetərli binalar yoxdu. Təbii ki, Bakı şəhərində uşaq sıxlığı göz qabağındadır. Amma hazırda bu uşaqlar onsuz da bir şəkildə məktəblərə yerləşdiriliblər. İndi onların binalarını ayırmaq niyə çətin olsun ki?! Konkret nümunə deyim: Tutaq ki, bir ərazidə - Nəsimi rayonunda yerləşən 3 onbirillik məktəb var. Bunların birini ibtidai məktəb, birini orta məktəb, birini lisey etmək mümkün deyilmi? Belə olan halda hər üç məktəbdəki ibtidai sinif şagirdlərinin hamısını bir binaya - ibtidai məktəbə, 5-9-cu sinifləri bir binaya - orta məktəbə, 10-11-ci (gələcəkdə 12-ci sinif də daxil olmaqla) sinif şagirdlərini isə bir binaya – liseyə yerləşdirilir. Əlavə ehtiyac yarandıqda yardımçı binalar tikilə bilər və bununla da problem çözülər.

Bölgələrdə isə bu sistemin eyni ilə bu cür tətbiq edilməsi mümkün olmaya bilər. Çünki bir-birindən uzaq kənd məktəbləri var ki, bu məsafə, nəqliyyat cəhətdən problemlər yaradır. Belə olan halda ilk iki bölgünün (ibtidai və orta) məktəb daxilində edilməsi, lisey səviyyəsinin isə hər bir ərazi nümayəndəliyi üzrə bir məktəbdə tətbiq olunması lazımdır.

İlk olaraq bunun Bakının bir ərazisində pilot olaraq həyata keçirilməsi və ardınca bütün ölkəyə tətbiq edilməsinə ehtiyac var.

Həbib Əlizadə, xüsusi olaraq "MediaPost" üçün

Xəbərlər departamenti

Gündəm