Ov qaydalarını pozanlara hansı cəzalar tətbiq olunacaq? – Hüquqşünasdan AÇIQLAMA
Artıq ov mövsümü başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən bildirilib ki, Azərbaycan Respublikası ərazisində 2023-2024-cü illərin ov mövsümü 2023-cü il 15 sentyabr tarixindən etibarən açıq elan edilib.
Respublika ərazisində 2023-2024-cü illərin ov mövsümündə “Ovlanmasına icazə verilən vəhşi heyvanların və quşların ovlanma müddətləri və normaları” var.
Bəs bu qaydaları pozanlara qarşı hansı cəza tədbirləri görüləcək?
Hüquqşünas Tural Həsənli “MediaPost”a bildirib ki, bununla bağlı müddəalar Azərbaycan Respublikasının qanununlarında əks olunub:
“Cinayət Məcəlləsinin 258.1-ci maddəsinə görə, lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, vaxtda, alət və üsullarla ov edən zaman vurulan ziyana görə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 240 saatdan 320 saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri, yaxud azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.
İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə ov etmək hüququnun olması halında mümkündür”.
Hüquqşünas qeyd edib ki, “Ovçuluq haqqında” AR Qanununa görə, ovçuluqla məşğul olmaq üçün, ilk növbədə, ovçuluq bileti alınmalı, daha sonra isə müvafiq bank hesablarına rüsum ödənilməlidir. Alınmış ov icazəsində ovun müddəti, ov üçün nəzərdə tutulmuş ərazi, ovlanacaq quş və heyvanın sayı dəqiq göstərilir. Ovçular bu tələbləri pozduğu halda, məsuliyyətə cəlb edilir.